“Bütün qurumlar Bakıya tabe olmalıdır” — Vahid Əhmədov Naxçıvandakı son hadisələrdən DANIŞDI

GÜNDƏM 30 noy 2022, 17:31
“Naxçıvanla əlaqədar məsələ çox ciddi məsələdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili son günlər Naxçıvanda baş verən məlum hadisələrlə bağlı bunları qeyd edib:

“Azərbaycan müstəqillik elan etdikdən sonra, təxminən 20 ilə yaxındır ki, Naxçıvan faktiki olaraq tamamilə sərbəst fəaliyyət göstərirdi. Naxçıvanın daxili işlərinə qarışılmırdı, özləri təyinat edirdilər, dövlət büdcəsini xərcləyirdilər. Təsəvvür edin ki, hər il dövlət büdcəsindən 300 milyondan yuxarı vəsait ayrılırdı. Yəni, Naxçıvana dotasiya edilirdi. Amma, Naxçıvanın özünün sənayeləri, obyektləri var və oradan gələn gəlirlərin harada olduğu bilinmir. Yəni, burada dövlət büdcəsi məsələsi, digər gömrük sistemində yaranmış problemlər, idxal-ixrac əməliyyatlarında olan rüşvət, korrupsiya halları var idi. Artıq bunlar da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılır və üzə çıxarılır. Ümumiyyətlə, Naxçıvan çox qabaqcıl insanlar, alimlər yetişdirən bölgəmiz olub. Təəssüf ki, son vaxtlar bunu hiss etmədim, oradan görkəmli alimlərin çıxışını görmədim. Amma əvvəllər Naxçıvanda çox ciddi alimlərimiz, akademiklərimiz olub. Həm də siyasi cəhətdən orada həmişə püxtələşmiş insanlar, qabaqcıl insanlar olub. Müstəqillik dövründə biz bunu hiss etmədik. Çünki alimlərin əksər hissəsi orada deyildi. Türkiyədə, İranda, Rusiyada, Bakıda idilər, yəni orada müəyyən problem yaranıb. Problemin yaranmasını da nəzərə alaraq məhz bu əməliyyatlar həyata keçirildi”.

“Ümumiyyətlə, bütün qurumlar, mərkəzi icra hakimiyyəti orqanları Bakıya tabe olmalıdır. Təyinatlar buradan  olmalıdır, burada çox ciddi nəzarət keçirilməlidir, vahid gömrük sistemi tətbiq olunmalıdır. Necə ki, bizim gömrük məntəqələrində olur. Həmçinin, elektronlaşma prosesi getməlidir, ciddi kadr dəyişiklikləri olmalıdır və bu artıq həyata keçirilir. Mənə elə gəlir ki, bunun nəticəsi olacaq. Naxçıvan bizim üçün çox əhəmiyyətli bölgədir. Deyirlər ki, Naxçıvanın statusu ləğv olunsun. Mən indiki şəraitdə onun ləğvi ilə razı deyiləm. Çünki Naxçıvan Qars müqaviləsi ilə qorunur. Faktiki olaraq, ona Türkiyə, elə Gürcüstanın özüdür və s. dövlətlər qarant durublar. Hazırda Naxçıvanın yalnız hava ilə əlaqəsi var, dəmir yolu, avtomobil yolu  yoxdur. Onları həll edəndən, dəhlizlər açılandan sonra bu məsələlərə qayıtmaq olar. İndi orada şəffaflığı təmin etmək lazımdır, kadr islahatları, struktur islahatları aparmaq lazımdır və  bunlara ehtiyac var. Yəqin ki, bunlar hamısı həyata keçiriləcək” - deyə V.Əhmədov vurğulayıb.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top