“Sosial durumu nəzərə alıb daha ədalətli sosial siyasət həyata keçirməyə çalışırıq” — Deputat

GÜNDƏM 29 noy 2022, 20:15
“Bizdə həmişə büdcənin xərc hissəsində sosialyönümlü siyasət davam edir və bu da hər zaman artırılır. Qeyd edim ki, hər xərclənən 100 manatdan büdcədə 46 manatı sosialyönümlüdür. Yəni, bu da dövlətin bu məsələyə nə dərəcədə fikir verdiyinin göstəricisidir. Təbii ki, biz həm inflyasiyanı, həm də sosial durumu nəzərə alaraq daha ədalətli sosial siyasəti həyata keçirməyə çalışırıq. Bütün bunlar nəzərə alınsa da, yaddan çıxartmayaq ki, dünyanın əsas böyük bəlası inflyasiyadır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.  Deputat vurğulayıb ki, inflyasiya ilə mübarizə aparmaq çox çətindir. 

“Ümumiyyətlə, normal 3-4,5 faizdən yüksək olanda artıq inflyasiya əziyyət verir. İnflyasiyasız da heç bir bazar iqtisadiyyatı yoxdur. Hətta, bazar iqtisadiyyatının bələyi deyək, - İngiltirə, Fransa, ABŞ, Almaniyada da inflyasiya olub, olacaq da. Ancaq, söhbət bunun faizindən gedir. Hətta, deyərdim deflyasiya olan məsələ də var. Deflyasiya olanda da və yaxud inflyasiya sıfıra bərabər olanda da, iqtisadiyyatda inkişaf getmir. Kapital bir o qədər də aktiv olmur. Bunun hamısını nəzərə almaq lazımdır. Mən dəfələrlə demişəm ki,  indi də deyirəm. Bizim əsas yolumuz, işimiz  inflyasiyayla mübarizə aparmaqdır.  Dövlət strukturları – İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, KOBİA və bütün bu dövlət strukturları əllərindən gələni edirlər ki, inflyasiya ilə mübarizə getsin və bu istiqamətdə makroiqtisadi addımlar atırlar. Amma, bundan savayı hesab edirəm ki, Azərbaycanda daxili istehsal olunan malların, o cümlədən qida və kənd təsərrüfatı məhsullarının bolluğu olmalıdır. Təbii ki, başa düşürəm ki, biz raket, “samolyot”, elektronika, maşınqayırmada bir o qədər istehsal edə bilməyəcəyik. Onun üçün bizim bazarımızın kifayət qədər alıcılıq qabiliyyəti yoxdur. Burada ixracatla əlaqədar xarici ölkələrə müəyyən problemlər yarana biləcək. Amma, ilk öncə tələbatı daxili resurslar hesabına ödəmək, o cümlədən də kənd təsərüfatı və qida məhsullarının bolluğunu tam təmin etmək lazımdır. Düşünürəm ki, hardasa 90 faizə qədər bu məhsullarla özümüz-özümüzü təmin edə bilərik”. 

Millət vəkili dövlətin bu istiqamətdə kifayət qədər addımlar atdığını da diqqətə çatdırıb.

“Ölkəmizdə bu gün kiçik və orta sahibkarlıq inkişaf etdirilir. Amma, bizə maraqlı olan odur ki, bu inkişafın templərini  iki-üç qat artıraq. Buradan da üzümü tutub regionda yaşayan insanlara müraciət edib deyirəm ki, kifayət qədər dövlətin təklifləri var: subsidiya, subvensiya, vergi tətilləri və bir çox məsələlər var. Amma, bir çox fermerlərin bundan xəbəri yoxdur. Diqqətli olsunlar və çalışsınlar ki, daha çox regionlarda kənd təsərrüfatı məhsulların istehsalına fikir versinlər”. 

 Deputat əlavə edib ki, Azərbaycanda tələb-təklif qanunu işləyir.

“Son 70 ildə iqtisadi nəzəriyyədə, həm də praktikada belə bir iqtisadi bir qanun var. Bu gün o tam özünün göstərir ki, ona da inflyasiya spiralı deyirlər. Nə qədər hansısa bir ölkədə, cəmiyyətdə gəlir hissəsi artırsa, avtomatik inflyasiya da artır. Bu da sonu olmayan bir prosesdir. Mən ona görə həmişə bolluqdan danışıram. Tələb-təklif qanunu Azərbaycanda işləyir, rəqabət qanunu işləkdir. Təbii ki, bolluq olanda, təklif çox olanda qiymətlərin qabağını almaq daha asan olacaq. Malın, çeşidin çoxluğu və sayın çoxluğu olanda təklif tələbatı üstələyir, ona görə də, qiymətlər bir o qədər artmayacaq. Hətta, qiymətlər də aşağı düşəcək. Bunun misalını biz görmüşük. Arada bir görürsünüz ki, alma, pomidorun və s. müvəqqəti olaraq Rusiyaya ixracı dayandırılanda o qanunlar öz təsirini göstərir. Qiymətlər kifayət qədər qat-qat aşağı düşür. Ona görə çalışmalıyıq ki, biz bu bütün kənd təsərrüfatı məhsullarının sayını və çeşidlərini daxildə istehsalda artıraq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top