Taleh Bağırzadə: “Biz İranı seçim etməyə çağırdıq: ya haqlı Azərbaycanın, ya da uşaq qatili olan Ermənistanın yanında…”

SİYASƏT 29 noy 2022, 17:47
Hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə Azərbaycan və İran arasında yaranmış gərginliyə dair Gununsesi.info-nun sorğusunu cavablandırıb.

Qeyd edək ki, zaman-zaman Taleh Bağırzadənin İranının xüsusi xidmət orqanları və siyasi dairələri ilə iş birliyində olmasına dair iddialar səsləndirilib.

Gununsesi.info-ya yolladığı açıqlamasında Taleh Bağırzadə bildirib ki, bu iddiaları alt-üst edəcək faktlar var: “Dindar olmaq o demək deyil ki, başqa ölkəyə işləyirsən. Müsəlman Birliyi Hərəkatı olaraq, hər zaman Azərbaycanın müstəqilliyinin və dövlətinin yanında olduğumuzu ortaya qoymuşuq.  44 günlük Vətən savaşı başlayanda bizim bəyanatımız oldu ki, İran İslam Respublikası öz mövqeyini ortaya qoymalıdır. Biz İranı seçim etməyə çağırdıq. Ya haqlı Azərbaycanın, ya da uşaq qatili olan Ermənistanın yanında olduğunu elan etsin. Bizim bu bəyanatımız mətbuatda dərc edilib”.

Bağırzadə xatırladır ki, eyni zaman 2022-ci ilin avqustunda Bötük Britaniyada səfirliyimizə basqın olanda da eyni mövqe sərgiləyib: “O zaman da bəyanat verdik və bildirdik ki, bayrağımız müstəqilliyimizin rəmzidir. Müstəqilliyimiz isə bizim üçün qırmızı xəttdir. Bundan başqa İran bəyanat verəndə ki, Zəngəzur dəhlizi bizim üçün qırmızı xəttdir. O zaman da Müsəlman Birliyi Hərəkatı olaraq, bəyan etdik ki, biz ordumuzun yanındayıq”.

“Azərbaycan dövlətinin yanında olmağın başqa hansı forması var” sual edən Bağırzadə daha sonra “Bu gün də dövlətimizin yanındayıq” deyə  bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top