Daşınmaz əmlaka görə ödənilən ƏDV vətəndaşa necə geri qaytarılacaq?

SOSİAL 28 noy 2022, 23:37
“Prezident İlham Əliyev daşınmaz əmlak alarkən ödənilən ƏDV-nin qaytarılması ilə bağlı sərəncam imzaladı. Hazırda isə vergi xidməti bunun mexanizmini tətbiq edən portalı istifadəyə verib. Vergi Məcəlləsində də müəyyən dəyişiliklər olduqdan sonra ümid edirəm ki, önümüzdəki günlərdə bu tətbiq olunacaq. Burada ümumi olaraq prosedur budur ki, vətəndaşın mənzil tikinti kooperativlərindən, yəni rəsmi tikinti şirkətindən qeyri-nağd, yəni onlayn nağdsız ödəniş vasitəsilə aldığı zaman mənzilə hesablanan ƏDV-nin 30 faizi həcmində geri qaytarılır. Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Elçin Süleymanov deyib. İqtisadçının sözlərinə görə, bu da kifayət qədər ciddi rəqəmdir. 

“Tutaq ki, mənzil ƏDV daxil ortalama 100 min manata satılıbsa, 18 min manat ƏDV məbləğinin 30 faizi, yəni 5-6 min manat vətəndaşa geri qaytarılacaq. Buradan dediyim kimi həm dövlət, həm də vətəndaş qazanır. Tikinti şirkətləri də müəyyən mənada fəaliyyətlərinin leqallaşdıracaq. Bunun faydalı addım olduğunu düşünürəm. Çünki zaman-zaman tikinti şirkətlərinin vergi ödəmədiyi, gəlirlərinin gizlətdiyi şikayətləri eşidilirdi. Ondan sonra hər kvadratmetrə görə müəyyən normativlər müəyyənləşdi və vergi ödəyirlər. Burada əlavə dəyər vergisi əslində dolayı vergidir. Dolayısıyla şirkətdən çox istehlakçı ödəyir və düzdür, satış qiymətinə müəyyən qədər təsir göstərir”. 

İqtisadçı qeyd edib ki, bəzi tikinti şirkətləri ƏDV-nin hesablanmamasında maraqlıdır ki, mənzili daha ucuz satsınlar.


“Ümumiyyətlə, ƏDV bəzi ölkələrdə tikintinin canlanması, tikinti fəaliyyətinə dəstək kimi qiymətləndirilir. Bəzən də tikinti fəaliyyətini müəyyən yavaş satmaq məqsədli ƏDV tətbiq edilib və qaldırıla bilir. Qonşu Türkiyədə bu addıma tez tez müraciət edirlər. İqtisadiyyatda durğunluq olduğu zaman tikinti fəaliyyəti ƏDV- dən azad olunur. Dolayısıyla daha ucuz qiymət təqdim olunur, bəzən də tam tərsi ola bilir. İndi burada qeyd etdiyim kimi, hökumət ƏDV-dən bu sahənin canlandırılması və bu sahənin tənzimləməsi məqsədilə istifadə edərək gəlir qazanır. İkincisi, burada qeyri-nağd ödənişlərini müəyyən qədər təşviq edir. Çünki nağdsız ödənişlərdə ancaq bu ƏDV geri qaytarılacaq. Ödənişin nağdsız olması bu fəaliyyətin leqallaşmasına və gəlirlərin bəyan edilməsinə, vergisinin ödənilməsinə kömək edəcək. Vətəndaş ödədiyi vəsaitin müəyyən bir hissəsini,yəni ödədiyi ƏDV-nin haradasa, 3-də birini geri alacaq. Yəni, bu vətəndaş üçün də stimul olur. Düşünürəm ki, mütərrəqi addımdır. Xüsusilə, tikinti fəaliyyətinin vergilənməsi baxımından kölgə olan hissəsinin şəffaflaşmasına kömək edəcək. Vətəndaş üçün də ödədiyi vəsaitin bir hissəsinin geri qayıtması fonunda əlavə bir qazancdır”.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top