Yeniyetmə idmançının qətlində əsas günahkar hansı qurumlardır? — VİDEO

GÜNDƏM 28 noy 2022, 13:00
Bakıda Şağan Olimpiya Kompleksində baş verən qətlə hadisələrinə yeniyetmələrin məişət zəminində baş verən qarşıdurmasının nəticəsi kimi baxmaq olmur. Çünki hadisənin iştirakçılarından birinin 22, digərinin cəmi 16 yaşı var. 22 yaşlı Ruslan Səfixanov 16 yaşlı Tural Rüstəmovu bıçaqlayaraq, qətlə yetirib. Hadisənin görüntülərindən məlum olur ki, qarşıdurmanın səbəbi sadəcə T.Rüstəmovun ayağını stola qoyması, digərinin ona irad bildirməsidir. Bu qədər bəsit məsələyə görə gənclərdən biri torpağın altına, digəri barmaqlıqlar arasına getdi.

Kimdir günahkar?

Məsələyə hadisə fonunda baxdıqda təbii ki, məsuliyyətə cəlb olunan tərəf, yəni Ruslan Səfixanovdur. Hadisənin təfərrüatları araşdırılacaq, yekunda məhkəmə yekun qərarı verəcək. Beləliklə, günahkar cəzasını alacaq.

Amma və lakin...

Bununla hər şey bitəcəkmi?! Xeyr. Yenə eyni hadisələr, eyni motivli mübahisələr, küçə jarqonu ilə desək “razborkalar” yeniyetmələr arasında davam edəcək, məktəblərimizdən tutmuş gənclərimizin yetişdiyi idman müəssisələrinə qədər hər yerdə “oğru qanunları” hökm sürəcək və bu hadisəni unutduğumuz vaxt yenidən baş verəcək. Məsələnin kökü, qaynaqlandığı səbəblər öz yerində qalmaqda davam edəcək. Çünki problem və bu kimi hadisələrin kökü mövcud təhsildədir. Bəli, günahkarı məhz Təhsil Nazirliyində və Gənclər və İdman Nazirliyində axtarmalıyıq. Yalnız bu halda gənclərimizi “oğru qanun”ları ilə yaşamaqdan xilas edib, gələcəyimizi qura bilərik, əks təqdirdə, gələcəyimiz “razborkalarda” məhv olub gedəcək.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin niyə günahkar olduğuna diqqət yetirək. Burada iki amilə, hadisənin necə baş verdiyinə və ümumilikdə idmançılarımız arasındakı münasibətlərə baxmalıyıq.

Söhbət cüdo üzrə iki yeniyetmə idmançının küçədə davasından getmir. Hadisə “Arifoğlu” cüdo klubunun təşkil etdiyi turnirdə baş verib. Klub Cüdo Federasiyasına, federasiya da Gənclər və İdman Nazirliyinə bağlıdır. Artıq təsdiq edilib ki, bıçaqlanma turnirin getdiyi zaman baş verib. Sual yaranır ki, hadisəni törədən şəxs bıçağı turinirə necə keçirib, turnirdən öncə yoxlama aparılmırmı, yaxud ümumiyyətlə belə turnirlərin təhlükəsizliyi təşkil edilirmi?! Belə görünür ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan müəssisələrə, yaxud keçirilən idman tədbirlərinə istənilən kənar şəxs üzərində istənilən aləti keçirə, istədiyini öldürə, yaxud istədiyi hadisəni törədə bilər, bu, hətta terror aktı da ola bilər. 

Yaxud idmançılarımız yarışlara üzərlərində bıçaqlamı qatılırlar?! Hadisə bunun belə olduğunu təsdiq edir. Bunlar idmançıdırlar, yoxsa, cinayət aləminin nümayəndələri?!

Gənclər və İdman Nazirliyi bu suallara aydınlıq gətirməlidir. Hərçənd, nə cavab verəcəkləri də bəllidir, daha doğrusu, cavabdan yayınacaqlar. O baxımdan, cavabını biz verək. Bu hadisə bir daha təsdiq edir ki, Gənclər və İdman Nazirliyi nə gəncliklə, nə idmanla məşğuldur, sadəcə hansısa tədbirləri keçirməkdən başqa bir iş görmür. Eyni zamanda, idmançılarımıza idman fənlərindən başqa heç nə öyrədilmir, yəni yeniyetmələrimiz idman müəssisələrində vətəndaş kimi yetişdirilmir, sadəcə hansısa idman növü üzrə hazırlanır və onlar həyatda “qol gücü”nün hər şeyi həll edə biləcəyini düşünürlər, son hadisədə olduğu kimi.

Halbuki, idmanın fəlsəfəsi hər şeydən öncə sülhdür, Gənclər və İdman Nazirliyi isə görünür, ümumiyyətlə bu fəlsəfədən xəbəri yoxdur, sadəcə “qolu zorlu” gənclik yetişdirir. Çünki rəhbərlik adekvat deyil.

Şairin dediyi kimi, “səhv düşəndə yerimiz...”.

Yeri səhv düşənlərdən, həm də bu hadisəyə görə günahkarlardan biri də məhz Təhsil Nazirliyidir. Çünki Gənclər və İdman Nazirliyinin işi idmanla məşğul olan yeniyetmələrimizin həm də təlib-tərbiyəsinə nəzarət etməkdirsə, Təhsil Nazirliyi buna görə birbaşa cavabdeh qurumdur. Hər şey ailədən gəlir məsələsi ucuz ədəbiyyatdan başqa bir şey deyil. Çünki müasir insanın yetişməsində birbaşa rol oynayan faktor ətrafıdır və bu gün övladlarımızın zamanlarının əsas hissəsini keçirdiyi məkan məktəblərdir, onların davranışından tutmuş, psixologiyasına qədər hər şeyi formalaşdıran da təhsil ocaqlarıdır.

Təhsil ocaqlarında nə baş verir?

Cüdo turnirindəki bıçaqlanma hadisənin iştirakçıları yetişdirilir. Bıçaqlayan da, bıçaqlanan da təhsilimizin yetişdirdiyi gənclərdir. Biri məktəbi bitirib, digəri hələ də məktəblidir. Təhsil Nazirliyi hadisənin motivindən yayına bilər, çünki hadisə nazirliyə tabe olan müəssisədə baş verməyib, yaxud turiniz nazirlik tərəfindən təşkil edilməyib. Amma mahiyyətindən qaça bilməzlər. Çünki hadisənin mahiyyəti məhz təhsillə bağlıdır.

Bu gün məktəblər davranış qaydalarında pedoqoji əsaslar yox, cinayət aləminin “yazılmamış qanunları” hökm sürür. Bullinq gündəlik hadisəyə çevrilib, bıçaqlanma kimi hallar adiləşib, məktəb daxili və ətrafı məktəblilərin “razborka” meydançasıdır. 

112 saylı məktəbdə baş verən son hadisə - sinif otağında məktəblinin sinif yoldaşını döyməsi və bunu videolentə alınması təhsilimizin düşdüyü uçurumun dibini göstərdi. Təhsil Nazirliyinin hadisəyə reaksiyası isə sadəcə biabırçılıq idi və sübut edirdi ki, təhsilimiz adekvat olmayan şəxslərə həvalə olunub, hər şey də bunun nəticəsidir. Hadisənin psixoloji tərəfləri kənarda qalıb, Nazirlik əməkdaşları “telefonun sinifə necə daxil edildiyindən” danışırdılar. Yəni telefon olmasaydı, çəkiliş də olmayacaq, hadisə də ictimaiyyətləşməyəcəkdi. Döyən, döuülən, bullinqə məruz qalma hadisəsi isə təbii ki, öz yerində qalacaqdı. 

Sinif yoldaşını döyən şagirdlə fərdi söhbət aparıldı, rayon məktəblərindən birinə köçürdülər və Təhsil Nazirliyinə görə məsələ “həll edildi”. 

Bəs, bu kimi halların baş vermə səbəbləri necə oldu? Nə üçün məktəblərimiz tədris ocağından “razborka” məkanına çevrilib? Məktəblərdə şagird yetişdirilir, yoxsa, gələcəyin cinayətkarı?! Bütün bu suallar açıq olaraq qalmaqdadır. Təhsil Nazirliyi isə heç nə olmamış kimi davranır və baş verən hadisələrin üstünü örtməklə məşğuldur. 

Məhz hər şeyi “palaz altına süpürdükləri” üçün məktəblilər arasında döyülmə halları sonradan bıçaqlanmaya, qətlin baş verməsinə qədər irəliləyir. İdman turnirində məktəbliyinin bıçaqlanması halı son nümunələrdəndir. Hörmətli təhsil nazirimiz isə kameralar qarşısına çıxıb, gah validenyləri ittiham edir, gah müəllimləri. Bəs nazirin özü nə ilə məşğuldur, niyə məktəblərimiz “razborka” məkanına çevrilib, şagirdlərimiz özlərini niyə cinayət aləminin təmsilçisi kimi aparır, bu sahəyə niyə meyllənirlər?! Emin Əmrullayev bütün bunlar haqda heç düşünürmü?!

Əmrullayevdən soruşsanız ki, cüdo turnirində bıçaqlanma hadisəsi baş verib və bıçaqlanan yeniyetmə məktəblidir, bu hadisə ilə bağlı nə deyə bilərsiniz?

Cavabı belə olacaq ki, bunun Təhsil Nazirliyinə aidiyyəti yoxdur, hətta sualı verəni də aşağılamağa çalışacaq. Amma hər kəs yaxşı bilir ki, belə hadisələrin kökü, mənbəyi məhz bu gün məktəblərimizin düşdüyü vəziyyət, tədris ocaqlarında təhsil və tərbiyə adına heç nəyin öyrədilmədiyi, yaxud düzgün öyrədilmədiyidir. Təhsil şagirdləri “kitab yüklü eşşək” gözündə görmək, çantalarını lazımlı-lazımsız ləvazimatlarla doldurmaq, dərs yükünü “eşşək yükü”nə çevirmək deyil, təhsil normal səviyyədə bilik öyrətmək, eləcə də təlim-tərbiyə, tədris prosesini pedoqoji əsaslarla təşkil etməkdir.

Görünür, bu, nə Təhsil Nazirliyi, nə də şəxsən nazir üçün o qədər də maraqlı deyil. Nəticədə təhsilimizin uçuruma yuvarlanıb, təhsilsizliyin nəticəsində də torpaq altı və barmaqlıqlar gələcəyimizin sürətlə üz tutduğu ünvana çevrilib.

Vaqif Hüseynli
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top