Azərbaycanda milli və dini tolerantlıq yüksək səviyyədə inkişaf edib

DAXİLİ SİYASƏT 27 noy 2022, 21:23
Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və digər xalqların nümayəndələrinə hər zaman qucaq açıb. Azərbaycan hər zaman özünün dini tolerantlığı ilə seçilib və bu dəyər dövlətin siyasətinin əsas istiqamətlərindən biri olub. Ümumbəşəri dəyər kimi dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir. Bu mühüm məsələ də ölkəmizdə daim diqqət mərkəzindədir. 

Tanınmış jurnalist, dini yazar Kənan Rövşənoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, tarix boyunca əksər din və məzhəblər Azərbaycana yayılıb və bu səbəbdən də insanlarımızda buna bir dözümlülük yaranıb. Onun sözlərinə görə, güclü dövlət və paralel olaraq da xarici təsirlərə qarşı ciddi iradə olduqda dinlərarası təfriqələrin də qarşısı alınır:

“Azərbaycanda din sahəsində mövcud olan sabitlik və tolerantlıq dövlət siyasətinin nəticəsidir. Adətən terror və radikal dini təşkilatlar dövlətlərin zəif olduğu, milli ideyanın arxa planda olduğu ölkələrdə qüvvətlənir. Bir qayda olaraq, xaricdən maraqlı güclər və ya yerli hakimiyyət bəzən cəmiyyətin özünü bölmək və daxili problemlərlə məşğul etmək üçün dini radikalizmdən silah kimi istifadə edir. Şükürlər olsun ki, hazırda Azərbaycanda belə vəziyyət yoxdur. Dövlət din sahəsi üzərində ciddi nəzarət qurub və bu səbəbdən də hətta radikalizmə meyilli şəxs və təşkilatlar belə bunu açıq edə bilmir, çünki meydan verilmir. İkinci tərəfdən, Azərbaycan xalqı, yəni ölkəmiz min illərdir fərqli din və məzhəb ardıcıllarının yaşadığı ərazi olub. Lap qədim inancları kənara qoysaq, Azərbaycan ərazisində atəşpərəstlik, ardınca ilk xristianlıq, sonra islam və onun müxtəlif cərəyanları və yəhudilik mövcud olub. Yəni, burada müxtəlif etnik və dini icmalar birgə yaşamağı uzun əsrlərdir öyrəniblər”.

K.Rövşənoğlu qeyd edib ki, zaman-zaman dini-məzhəbi zəmində narahatlıqlar, gərginliklər olub:

“Bunlar daha çox kənardan qızışdırılanda və ya hansısa qrup və ya mənfəətlər üçün edilib, yəni süni olub. Amma ümumi olaraq Azərbaycan xalqı başqa din və məzhəblərə qarşı tolerantdır. Dövlət də hazırda bu xətti aparır, kənardan təsirlər və içəridə radikal fikirlərin güc tapıb aşkar fəaliyyətə keçməsinin qarşısını alır. Əslində Azərbaycanın tolerantlıq modeli çox sadədir. Əlbəttə, burada tənqid olunası məqamlar da var. Hesab edirəm ki, indiki zamanda idealı tapmaq və tətbiq etmək çox çətindir. Bu mənada hazırkı dini vəziyyəti normal hesab etmək olar”.

İlahiyyatçı Hacı Atif İsmayılov isə saytımıza açıqlamasında vurğulayıb ki, Azərbaycanda milli və dini tolerantlıq yüksək səviyyədə inkişaf edib. İlahiyyatçı bunun da bariz nümunələrindən biri ölkəmizdə tolerantlıq günü ilə bağlı konfransın təşkil olunduğunu diqqətə çatdırıb: 

“Artıq bu il bizim özümüz də tolerantlıq günü ilə bağlı konfransda iştirak etdik. Bu konfransda müxtəlif bölgələrdən, müxtəlif yerlərdən, hətta ayrı-ayrı ölkələrdən din xadimləri dəvət olunmuşdu.  Onların çıxışlarını dinlədiyimiz zaman, bir daha Azərbaycan hər zaman bütün sahələrdə olduğu kimi, eləcə də dini və milli mövzularda öz tolerantlığının sədasını artıq bütün dünyaya yaydığının şahidi olduq. Hətta, orada çıxış edən və ayrı ölkələrdən gələnlər də deyirdilər ki, “bəli, biz Azərbaycanda bu barədə eşidirdik və yaxud da ki, Azərbaycanın rəsmi qurumları beynəlxalq tədbirlərdə iştirak etdiyi zaman biz Azərbaycanın həqiqətən də, tolerantlıq nümunəsinin gözəl şəkildə inkişaf etməsi haqqında məlumatımız var idi. Biz Azərbaycana gəldik və Azərbaycanda din qardaşlarının bir-birinə olan münasibəti, dinlərarası dialoqda olan söhbətlər, eyni zamanda dini daxildə olan, hətta digər məzhəblərə qarşı olan dözümlülüyün ən yüksək nümunəsini gördük” - deyə ilahiyyatçı bildirib.

“Artıq uzun illərdir ki, Qafqaz Müsəlmanlar İdarəsi, eləcə də onunla paralel şəkildə Dini Qurumlarla üzrə İş Komitəsi, hətta qeyd edərdim ki, Azərbaycanda tolerantlıq səviyyəsində bu gün müxtəlif dinlərin nümayəndələri bir neçə beynəlxalq tədbirlər, bir neçə beynəlxalq konfranslar təşkil etmişlər. Bu konfranslar özlərinin daha da yüksək səviyyədə Azərbaycan xalqının bu milli və dini qarşılıqlı münasibətlərinin göstəricisi idi. Bununla bağlı Azərbaycanda çoxsaylı tədbirlər olur və artıq son 10 gün içərisində biz bu tədbirləri genişmiqyaslı şəkildə Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif yerlərində də keçirilməsinin şahidi olduq. Bu sahədə həqiqətən də çox güclü tədbirlər və çox güclü addımlar atılır. Bu da Azərbaycanın milli və dini müstəvidə olan nümunəsidir, gözəl inkişafıdır. Bütün bunlar da təqdirəlayiq işlərdir”.

Onun sözlərinə görə, Azərbaycanda digər dinlərin mənsublarının sayca az olmasına baxmayaraq, keçmişdən bugünədək daim bir-biriylə birgə yaşayış müstəvisində dözümlülük göstərmişlər və bu artıq bütün dünya üçün nümunədir:

“Həqiqətən də, ölkəmiz çox uğurlu şəkildə bu sahədə addımlar atmış və dünya səviyyəsində uğurlu, nümunəvi bir dövlətə çevrilmişdir.  Ümumiyyətlə, insanalr arasında ayrı seçkilik etmək və onları qruplara bölmək həm dinimizə, həm də xalqımıza yad olan bir şeydir. Bu gün ikili standartlar dini və milli tolerantlığa ciddi zərbə vurur. Çox təəssüf ki, bu gün də bunu cəmiyyətimizin hansısa bir təbəqəsində müşahidə etmək olur, lakin bu sonda milli və irqi zəmində caxnasmaya səbəb olar. Eyni zamanda, dini cərəyanların hasil olmasıyla nəticələnə bilər. O baxımdan, bacardığımız qədər cəmiyyəti bu növ ayrı seçkilikdən qorumaq və bu sahədə uğurlu addımlar atmaq lazımdır. Bəzi xarici dövlətlər İslam dinini, onun mənsublarını dünyanın gözündən salmaq üçün terrorçu dəstələr, qruplar yaradır, cinayətlər törətdirir və qatili müsəlman olaraq təqdim edirlər. Bizi bunları çox qətiyyətlə pisləyir və bu cür xain niyyətli ölkələrin hara xidmət etdiyini yaxşı bilirik.  44 günlük haqq savaşımızda bir daha göstərdik ki, biz müsəlman olaraq heç vaxt ülümə, savaşa, terrora deyil, yalnız sivil və sülh predmetlərini üstün tutduq. Lakin cinayətkar həmin bəzi xristian ölkələrinin havadarları isə öz çirkin niyyətlərini dinc xalqa yönəldib, terror törətdilər və iç üzlərini bütün dünyaya təqdim etdilər”.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Aynurə Pənahqızı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top