“Fransa Rusiyanın zəiflədiyi bir vaxtda Qafqazda hegemon olmaq istəyir” — ŞƏRH

SİYASƏT 17 noy 2022, 19:28
“Fransanın son qətnaməsi, yəni Azərbayacana “sanksiya” tətbiq etməsi məni təəccübləndirmədi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı deyib.  Politoloq əlavə edib ki, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin heç bir hüquqa da malik deyil. 

“Yəni, bu heç bir beynəlxalq statusda qəbul olunmur. Bu şəxsən Fransa parlamentarilərinin özlərinin tətbiq etdiyi bir sanksiyadır. Ola bilsin ki, bu, Azərbaycanla Fransa arasında iqtisadi alış-verişə müəyyən təsir göstərsin. Ancaq, ümumi olaraq bu Azərbaycana beynəlxalq arenada mənfi təsir göstərməyəcək. Fransanın atdığı bu addım ATƏT-in Minsk qrupunun üzvü kimi konkret olaraq böyük bir biabırçılıqdır. Bugünədək Fransa həmişə ermənipərəst mövqedə olub. Türkiyənin də əleyhdarı bu dövlətdir və bu gündən sonra da hər zaman belə olacaq. Dünən ABŞ-ın dövlət katibinin Qafqaz üzrə nümayəndəsi Filip Riker dedi ki, ATƏT-in Minsk qrupu artıq işləmir və Fransanın bu qətnaməsi ilə ATƏT-in Minsk qrupu da tarixin arxivinə getdi”. 

 Politoloq əlavə edib ki, Fransa dövlətinin Azərbaycandan bir çox istəkləri var:

“Mən bu qətnaməni Azərbaycan dövlətinə bir siyasi təzyiq kimi də dəyərləndirirəm. 44 günlük Vətən müharibəsindən sonra Bakı və İrəvan Qafqazda siyasi bir mərkəz olub. Dünyanın super dövlətləri də Bakı və İrəvanı öz tərəfinə çəkmək istəyir. Konkret olaraq da Paşinyan həm Fransa ilə, həm də Vaşinqtonla ikili diplomatik oyunlar oynayır. Fransanın bu qətnaməsini də belə dəyərləndirirəm ki, bilirik ki, son zamanlar Vaşinqton Azərbaycan-Ermənistan arasında sıx diplomatik münasibətlər aparır, vasitəçilik edir. Bundan da həm Rusiya, həm də Fransa narahatdır. Ancaq Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb, orada biabırçılığa düçar olub. Hal-hazırda bu missiyanı da Fransa yerinə yetirir və siyasi addımlar atı. Ona görə də, bunun qarşısının alınması üçün belə bir qətnamənin qəbul olunmasını siyasi təzyiq kimi dəyərləndirmək olar. Digər tərəfdən isə düşünürəm ki, Fransa Ermənistan və Azərbaycandan nəsə istəyə bilər. Paşinyan bir ara sərhəddə Fransa əsgərləri gəlsin kimi əcaib fikirlər bildirirdi. Onsuz fransız Avropa nümayəndələri sərhədə gəliblər və ilk hesabatlarını da veriblər. Təəssüf ki, bizim əleyhimizə olan hesabatlardır. Ona  görə də, Fransa Rusiyanın zəiflədiyi bir vaxtda Qafqazda hegemon olmaq istəyir. Konkret Azərbaycanda və Ermənistanda fikir və mövqelərini gücləndirmək istəyir. Onsuz da Gürcüstanda  fransapərəst prezident var. Ümumiyyətlə, Qafqaz regionu çox önəmlidir. Qafqaz ölkəsi ona görə önəmlidir ki, burada geostrateji, neft və digər önəmli məsələlər var”.

T.Qasımlı vurğulayıb ki, bugünə kimi Azərbaycan dövləti ilə Fransa arasında normal münasibətlər olmayıb.

“Makron ermənipərəst mövqe sərgiləyir. Aydındır ki, Fransada səsvermə hüququna malik erməni əsilli vətəndaşlar var və onların da böyük səsini Makron alıb.  Onun ermənipərəst mövqeyinə görə, Azərbaycan dövləti və Fransa arasında normal münasibətlər bugünə kimi olmayıb. Əsasən də burada siyasi münasibətləri nəzərdə tuturam, amma ticari münasibətlər davam edib. Bu, Azərbaycan-Ermənistan arasında siyasi münasibətlərə böyük təsir edəcək. Azərbaycan dövləti də buna diplomatik kanallarla cavab verməlidir, ancaq müəyyən bir qapını da tam bağlamamaq şərtilə, çünki burada digər məsələlər var. Fransanın da tətbiq etdiyi sanksiya heç nəyə yaramır, elə böyük hüquqa malik deyil. Ola bilər ki,iqtisadi əlaqələrə təsir göstərsin. Fransanın hər zaman mövqeyi bəlli idi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mənfi təsir göstərə bilər. Hələ ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını görmürəm və çox böyük görüləsi işlər var”. 

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top