Vətənə xəyanət edib, ölüm hökmü alan NAZİR

SOSİAL 06 noy 2022, 23:10
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq müdafiə naziri Rəhim Qazıyevdən bəhs edəcəyik.

Rəhim Qazıyev 17 fevral 1943-cü ildə Şəki şəhərində həkim ailəsində anadan olub. 

1950-ci ildə Şəki şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1960-cı ildə həmin məktəbi bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub.

Daha sonra isə 1967-ci ildə həmin fakültəni riyaziyyat müəllimi ixtisası üzrə bitirib.

1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında əmək fəaliyyətinə başlayıb.

1975 ildə Politexnik İnstitutunun bölünməsi ilə əlaqədar yeni yaranan Azərbaycan İnşaat İnstitutunun "Ali riyaziyyat" kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətindən ayrılmadan dissertant kimi MDU-nun Mexanika-riyaziyyat fakültəsinin "Qaz və dalğa dinamikası" kafedrasında akademik Xəlil Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparıb. 

Rəhim Qazıyev 1979-cu ildə akademik Raxmatulinin rəhbərliyi ilə apardığı elmi tədqiqatlar üzrə dissertasiya müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alıb. 
1988-ci ildə Xalq Hərəkatına qoşulmuş, 1989-cu il iyulun 16-da AXC-nin yaranması ilə əlaqədar keçirilən konfransda onun ilk idarə heyətinin üzvü seçilib.
1990-cı il Yanvar hadisələri ilə əlaqədar SSRİ DTK tərəfindən həbs olunaraq Moskvadakı "Lefortovo" həbsxanasına göndərilir, noyabr 1990-cı ildə həbsdən azad edilib.
1990-cı ilin dekabr ayında Azərbaycan SSR Ali Sovetinə deputat seçilib, 1993-cü ildə isə fəaliyyətinə xitam verilib.

1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsində çalışıb. Fəaliyyəti dövründə Şuşa və Laçın rayonları işğal edilib.
Sabiq müdafiə naziri 1993-cü ildə vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

2017-ci ildə 10 günlük inzibati həbs cəzası alıb.

Rəhim Qazıyev 2020-ci ilin iyulunda Cinayət Məcəlləsinin Dövlət əleyhinə yönələn açıq çağırışlar və Təxribat maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. 
Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Qazıyev, qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edilməklə 4 sentyabrda ev dustaqlığına buraxılıb.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Rəhim Qazıyev haqqında deyib ki, o, Rusiyanın Baş Dövlət Kəşfiyyat İdarəsinin agentidir, Şuşanın verilməsindən tutmuş indiyə qədər ”xidmət"ləri olub:

“O zaman Xankəndindən Şuşaya gedən yol minalanmışdı. Rəhim Qazıyevin tapşırığı ilə o minaların hamısı söküldü, yol minasızlaşdırıldı. Bundan sonra Şuşa iki tərəfdən böyük hücuma məruz qaldı. Bir tərəfdən ermənilər Laçın istiqamətindən, digər yandan isə Xankəndindən hücum etdilər. Beləliklə də Şuşa işğal edildi”.
Sabiq müdafiə naziri hazırda təqaüdçüdür.

Qeyd edək ki, Rəhim Qazıyev evlidir. Onun Sevinc, Aytən və Şəbnəm adlı qızları var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 dek 2022, 22:56
Top