"Qarabağ" Avropa Liqası ilə vidalaşdı — YENİLƏNİB

İDMAN 03 noy 2022, 23:47
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. 

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma "köhlən atlar"ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur edib. Görüşün əvvəlində Kvabena Ovusunun qüvvətli zərbəsindən sonra qapıçı Noah Atubolu qola mane olub. 10-cu dəqiqədə Kadi Borges fərqlənməyə yaxın olsa da, top müdafiəçilərə dəyərək meydanı tərk edib. 
23-cü dəqiqədə rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə qonaqları hesabda önə keçirib. 

Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf olub və təzyiqi daha da artırıb. 39-cu dəqiqədə Ovusu cərimə meydançasında əlverişli şansı boşa verərək topu qapının üstündən vurub. Bundesliqa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. 

İkinci hissəyə də "köhlən atlar" daha fəal başlayıb. 53-cü dəqiqədə baş hakim Aleksey Kulbakov rəqib qapısına penalti təyin etsə də, VAR sisteminə baxıldıqdan sonra qərarını dəyişib. Ardınca Marko Veşoviç topu qapıdan keçirsə də, növbəti dəfə eyni hal yaşanıb. 62-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kevin Medina birbaşa qırmızı alaraq meydandan qovulub. Referi ilk olaraq sarı vərəqə versə də, VAR-a baxdıqdan sonra müdafiəçini cəzalandırıb. 71-ci dəqiqədə Ovusu qapıçı ilə təkbətək qalsa da, şansdan yararlana bilməyib. "Qarabağ" sonlara yaxın təzyiqi artırıb və 90+2-ci dəqiqədə Kvabena Ovusunun qolu ilə bərabərlik qolunu vurub. 

Beləliklə, rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək. 
G qrupunun digər matçında "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ına 0:2 hesabı ilə yenilib. 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazanıb. "Qarabağ" 8 xalla üçüncü olubsa, "Olimpiakos" 2 xalla sonuncu yeri tutub.

xxx

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, "köhlən atlar" fasiləyə məğlub yollanıblar - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

xxx

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top