" Valideynlər üçün birgə klublar yaradılsın” — Sosioloq

SOSİAL 06 okt 2022, 14:57
“Yeni nəslin formalaşmasında rol oynayan əsas amillər ailə, sosial mühit və məktəbdir. Bundan başqa, ən önəmli məsələlərdən biri də onların aldığı məlumatlardır, yəni oxuduğu kitablar, baxdığı filmlərdir. İndi elə bir vəziyyət yaranıb ki, demək olar ki, əksər ailələrdə çox böyük gərginliklər var. Əgər 100 nikaha qarşı 30-dan artıq boşanma düşürsə, bu, o deməkdir ki, bundan da ikiqat artıq evdə vuruşanlar var. Ümumiyyətlə, Azərbaycan ailəsinin 80 faizində bu dəqiqə gərginliklər yaşanır. Demək ki, bu məktəblilər də həmin ailələrdə yetişir və bu ailədən məktəbə gəlirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib. Sosioloqun sözlərinə görə, mühitdə müxtəlif təbəqələşmə və qruplaşma var:

“İndi heç kim bədii kitablar oxumur, nə də  əvvəlki bədii kitablar yoxdur. Bilirsiniz ki, bu kitablar mənəvi dəyərlər aşılayırdılar. İndi isə elə kitablar çıxıb ki, oğrular aləmindən bəhs edir, onların sərgüzəştlərindən bəhs edir. Belə şeylər də mənəviyyata ziyan vurur. Həmçinin, pornoqrafik şeylər izləyirlər və s. Deməli, bu gərginlik cəmiyyətdə artıq yaranıb. Bu gün hər hansı bir ailəyə komanda verək ki, belə edin və 1 aya və ya 10 günə sizdən gərginlik götürüləcək. Bu mümkün deyil və heç kimin də gücü çatmaz. Kitablar da yazaq, ancaq onu sabah oxutdurmaq mümkün deyil. Ona görə də, bizim bütün ümidimiz qalıb təhsil sisteminə. Mən bir on ildir ki, bağırıram ki, təhsil sistemini biz başqa cür qurmalıyıq. Bizim məktəblərimiz qabaqkı məktəblər kimi davam edə bilməz. Bu təhsil sistemində eyni zamanda valideynlərin də maariflənməsi ilə bağlı işlər görməlidir. Bunun üçün də əlavə xərclər ayırmaq lazımdır ki, valideynlə sıx əlaqə olsun, həmçinin birgə klublar olsun. Mənim bununla bağlı təklif edə biləcəyim xeyli fəaliyyət proqramları var, amma heç kim eşitmir. Kimə deyirsən, nazirliyin özünə də deyirəm, təklif yazıram. Mətbuatda da dəfələrlə demişəm, heç kim eşitmir”.

Sosioloq bildirib ki, yeni nəsili daha keyfiyyətli böyütməliyik.

“Dünya günü-gündən inkişaf edir və gələcək də o xalqındır ki, yeni nəsili daha keyfiyyətlidir. Ona görə də, məktəbdə məktəb mühiti olmaldır. Düzdür, o uşaqlar vuruşublar. Bəziləri deyir ki, döyəni cəzalandırmaq lazımdır. Amma, o da uşaqdır axı? Mühit elə olmalıdır ki, o uşağın yaxşı tərəfləri də inkişaf etsin. Niyə onun kobud, pis tərəfləri inkişaf etməlidir? Bunlar böyük bir qəddar terrorist deyillər. Ümumiyyətlə, insanların daxilində həm neqativ, həm də pozitiv mühit var. Mühitdən asılı olaraq ya o neqativ açıq çıxır, ya da o pozitiv. Əgər o məktəbdə neqativ tərəfi qabağa çıxırsa, deməli məktəbdə problem var. Biz gücü verməliyik məktəbə. Ailəni tənqid etmək, ailəni cəzalandırmaq nəyə lazımdır? Biz istəyirik ki, ölkədə bu sahədə problem olmasın. Olmaması üçün də məktəbə diqqəti artırmalıyıq. Bilirsiniz ki, Qori seminariyası Üzeyir Hacıbəyli, Müslüm Maqamayev kimi çox böyük dahilər yetişdirib. Onun haqqında kitablar çıxıb. Tarixə baxanda görürük ki, məktəbdə məktəb mühiti olub. Həmin vaxtlar uşaqlar avam ailələrdən gəlmişdilər. Amma, orada məktəb mühiti var idi.  Təəssüf ki, bu sahədə problemlərimiz həddindən artıq çoxdur. Əsl məktəb mühiti elə bir mühit olmalıdır ki, orada oxuyanların fiziki sağlamlığına da, mənəvi zənginliyinə də, estetik zövqünün formalaşmasına fikir verilsin, əməyə münasibətə də fikir verilsin. Başqalarının başqa tərəfini inkişaf etdirsin. Məktəb mühiti elə olmalıdır ki, uşağın istedadını tapsın və onu düzgün istiqamətləndirsin. Bəlkə biri riyaziyyatı yaxşı başa düşmür, amma o çox gözəl məharətli usta, zərgər, kompüter mütəxəssisi ola bilər. Nolsun ki, bu riyaziyyatı bilmir? Bununla bağlı müəllimlərin bir çoxu da məktəbdən qaçırlar ki, yazıların əlindən bilmirlər neyləsinlər. Sabah testdən keçirlər və s. İndi bir müəllimlər də gərgin bir vəziyyətdir. Bununla bağlı təcili işlər görülməlidir”. 

Sosioloq qeyd edib ki, universitetlərdə də vəziyyət heç də qənaətbəxş deyil:

“Bu gün universitetlərdə qızlar dərsə qarnı açıq girir. Qarnı açıq auditoriyaya girib dərs öyrənmək olar? Dərsdən sonra nə edirsən elə, amma dərsə elə getmək olmaz axı. Birinin dizi şalvarından çıxır, bura təhsil ocağıdır. Məktəb forması geyinin demirəm, kim nə geyinir geyinsin. Amma abırlı geyinmək lazımdır, cırıq-cırıq şalvarla getmək düzgün deyil. Belə olanda demək ki, həmin şəxsin fikri təhsilin yanında deyil. Ona görə də, təcili sos siqnalı ilə deyirəm. İndiki vaxtda məktəbdə məktəb təhsil mühiti ilə bağlı çox təcili işlər görülməlidir. Hər şeyi də Elm və Təhsil Nazirliyinin üstünə yıxmaq olmaz. Ümumiyyətlə, biz bu sahədə Milli Məclis, Prezident Aparatından tutmuş lazımi təşkilatlarımız ümumi rəyə gəlməlidir ki, bu belə davam edə bilməz. Bu sahədə artıq işlər getməlidir!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top