“130 milyon manat ziyan dövlət büdcəsinə geri ödənilib”

MÜSAHİBƏ 29 sen 2022, 10:02
Baş Prokurorun müavini Heydər Məmmədov Azərbaycan Prokurorluğunun yaradılmasının 104-cü ildönümü, bu sahədə həyata keçirilən islahatlar barədə "Azərtac"a müsahibə verib.

Demokrat.az
həmin müsahibəni təqdim edir.

- Hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların prokurorluq orqanlarına təsirini necə xarakterizə edərdiniz?

- Prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib. Daha mobil və dinamik idarəetmə sistemi yaradılıb. Bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunub. Yeni - Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Eyni zamanda, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı Şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni strukturu təsdiqlənib. Habelə qısa müddətdə idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili Qaydaları” təsdiq olunub.

Düzgün kadr islahatları və çevik idarəetmə sayəsində gündəlik cinayətkarlıqla mübarizə, cinayət işlərinin istintaqı və prosessual rəhbərlik, dövlət ittihamının müdafiəsi və prokurorluğun digər sahələrində bütün göstəricilər üzrə müsbət dinamika əldə olunub.

- Yeni idarələrin yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Yeni yaradılan hər iki idarə prokurorluğun mövcud ştat vahidləri çərçivəsində təsis edilib. Yəni, bunun üçün əlavə maliyyə resursu ayrılmayıb. Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmaqla prokurorluq cinayət təqibindən kənar icraat, xüsusən də iqtisadi fəaliyyət qaydaları, ekologiya əleyhinə, sosial, əmək və digər sahələrdə pozulmuş hüquqların bərpası sahəsində öz vəzifələrini layiqincə yerinə yetirməyə başlayıb. Belə İnzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb olunmasına, o cümlədən cərimələnməsinin təmin edilməsinə başlanılıb. Bu sahədə hazırda qarşımızda duran əsas hədəf şəxsləri inzibati məsuliyyətə cəlb etməkdən daha çox bu hüquqpozmaları doğuran səbəb və şəraitin təhlil edilərək aradan qaldırılmasıdır.

Bundan başqa, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox mühüm işlər görməyə başlayıb. Belə ki, törədilmiş cinayətin istintaqını aparmaqla cinayət törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakların müəyyən edilərək zərərin ödənilməsinə yönəldilməsi prioritet hədəflərimizdən biridir. Bu baxımdan qeyd etdiyim idarə tərəfindən həmin pul vəsaiti və əmlakların izlənilib tapılması və xüsusi müsadirəyə cəlb edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Belə ki, cinayət yolu ilə vurulmuş ziyanın ödətdirilməsi, xüsusi müsadirənin həyata keçirilməsi zamanı əsas tələblərdən biri hesabatlılıq və şəffaflığın təmin edilməsidir. Məhz bu məqsədlə keçən dövrdə dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 165 milyon manatdan yuxarı, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 1 milyon manatdan yuxarı, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödənilmiş 30 milyon manatdan yuxarı, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1 milyon 800 min manatdan yuxarı pul vəsaitinin İdarə tərəfindən elektron-uçot bazasında qeydiyyatının aparılması təmin edilib.

Habelə İdarə tərəfindən əmlakların izlənilməsi və aşkarlanması məqsədilə keçirilən tədbirlər nəticəsində təqsirləndirilən şəxslərə məxsus 608 nəqliyyat vasitəsi, 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilib. Bu müddətdə 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 19 qeyri-yaşayış sahəsi, 13 nəqliyyat vasitəsi və 28 digər daşınmaz əmlakın mövcudluğu yerində yoxlanılmaqla onların qiymətləndirilməsi aparılıb.

Qeyd etmək istərdim ki, 2020-ci ilin mayından bu günədək ümumilikdə prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın pul vəsaiti dövlət büdcəsinə geri ödənilib.

- Prokurorluq orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə hansı işlər görülüb və prioritetlər nədən ibarətdir?

- Ötən il prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı vəzifə maaşlarının iki dəfə artırılması dövlətimizin başçısının prokurorluğa göstərdiyi yüksək qayğısının növbəti təzahürüdür.

Bundan başqa, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülüb. Məsələn, 2020-ci ildə Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında müasir tələblərə cavab verən ümumi sahəsi 16,6 min kvadratmetr olan Baş Prokurorluğun yeni inzibati bina kompleksinin tikintisi tam yekunlaşdırılıb və 2021-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olub.

Üç inzibati, bir konfrans və yeməkxana daxil olmaqla dörd korpusdan ibarət olan bu binada hazırda Baş Prokurorluğun strukturuna daxil olan 7 idarənin əməkdaşları fəaliyyət göstərirlər. Həmin binada 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizə və qarşısında dərin ehtiramla baş əydiyimiz şəhidlərimizə həsr olunmuş tarixi-memorial qalereya yaradılıb.

Bina Prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə işgüzar şərait üçün tələb olunan bütün avadanlıq və ləvazimatlarla, o cümlədən ən müasir informasiya texnologiyaları, kriminalistik avadanlıqlar, texniki vasitələr, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunub, elektron kitabxana yaradılıb.

Cari ildə, həmçinin Baş Prokurorluğun Səbail rayonunda yerləşən yeddimərtəbəli inzibati binasında əsaslı təmir işləri həyata keçirilib, əməkdaşlar üçün müasir işgüzar ofis şəraiti yaradılıb. Habelə üçmərtəbəli korpusda təmir-yenidənqurma işləri başa çatdırılıb, bütün mərtəbələrdə yenidən planlaşdırma işləri görülərək, müasir və tarixi üslubları gözlənilməklə interyer-dizayn layihələrinə uyğun təmir işləri həyata keçirilib.

Qeyd etməliyəm ki, tikinti-təmir işləri aparılarkən əvvəlki dövrlərdən fərqli olaraq işçilər üçün lüzumsuz böyük xidməti otaqlar əvəzinə, normal ofis şəraitinin qurulmasına, qənaət olunmuş sahələrin hesabına isə videokonfranslar, brifinqlərin keçirilməsi, komanda şəklində müzakirələrin aparılması və qonaqların qəbul edilməsinə imkan verən otaqların yaradılmasına üstünlük verilib.

Habelə büdcədənkənar vəsait hesabına uzun illərdən bəri prokurorluğun köhnəlmiş avtomobil parkı yenilənib. Bundan başqa, Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakıda yaşayış binasının inşası nəzərdə tutulub. Dövlət Proqramının həmin maddəsinin icrası ilə əlaqədar Bakı şəhərinin Xətai rayonunda “Qayğı” yaşayış kompleksinin inşasına 2012-ci ildə başlanılsa da, uzun illər bina təhvil verilməyib. Bununla əlaqədar olaraq, ötən il yaşayış binasının tamamlama işləri, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və istismara qəbul sənədlərinin alınması təmin olunaraq, Baş prokurorun iştirakı ilə 2021-ci il martın 16-da açılışı olub və bina prokurorluq əməkdaşlarının tam istifadəsinə verilib.

Eyni zamanda, Baş Prokurorluğun və tabe rayon (şəhər) prokurorluqlarının istifadəsində olan xidməti evlər və mənzillər siyahıya alınaraq, yerlərdə baxış keçirilməsi təmin edilib, texniki vəziyyəti müəyyənləşdirilərək vahid bazaya yerləşdirilib. Həmin xidməti evlər hazırda prokurorluq əməkdaşlarının istifadəsindədir.

Bundan əlavə, Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının tikintisinə başlanılıb, Qusar Rayon və Zaqatala Hərbi prokurorluqları Baş Prokurorluğun balansına qəbul edilib. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təmir-bərpa işləri aparılıb.

- Maddi-texniki təminat işinin düzgün qurulması üçün son dövrlər prokurorluqda nə kimi işlər görülüb?

- Cari ildə prokurorluq orqanlarının maddi-texniki təminatının həyata keçirilməsi üçün ehtiyaclar müəyyənləşdirilərkən əsaslı təhlil nəticəsində tələb olunan malların alışı üçün şəffaf və müasir tələblərə uyğun satınalma və tender prosedurları keçirilib və malların bazar qiymətindən aşağı qiymətə alışı təmin edilib. Bu il 20-dən çox belə satınalma-tender proseduru keçirilib ki, bu da ötən illərlə müqayisədə dəfələrlə çoxdur. Satınalma-tenderlər zamanı şəffaflıq tam qorunub saxlanılmaqla, hamı üçün bərabər şərait yaradılıb və bu işə Baş prokurorun rəhbərliyi ilə gündəlik nəzarət həyata keçirilməkdədir. Eyni zamanda, aparılmış təhlillər nəticəsində poçt göndərişləri, telefon danışıqları, qaz, işıq və su təminatları, kargüzarlıq və katric xərcləri, həmçinin işçilərin ezamiyyətə göndərilməsi sahələrində qənaətlər edilib.

Bundan başqa, avtomobil parkının yenilənməsi həm yanacaq sərfiyyatında, həm də servis və təmir xərclərində qənaətə gətirib çıxarıb. Habelə nəqliyyat vasitələrinin benzinlə təminatı kartlar vasitəsilə həyata keçirilməyə başlandıqdan sonra burada da xərclərə qənaət olunduğu müşahidə edilir.

Həmçinin Prokurorluğun yeni yaradılmış Mətbəə sektoru tərəfindən illərdir istifadəsiz qalmış və təyinatı üzrə istifadə edilə bilməyən avadanlıqların təmir olunaraq tam həcmdə işə salınması nəticəsində ötən dövrdə böyük xərc hesabına başa gələn metodiki vəsaitlər, jurnal, buklet və digər mətbuat nəşrlərinin hazırlanması və çap edilməsi xərcləri minimuma endirilib. Lakin bu sahədə işlər daim nəzarətdə saxlanılmaqla davam etdirilməli, sistemli xarakter daşımalıdır.

- Son dövrlər prokurorluğun sosial şəbəkələrdə aktivliyi, habelə internet resurslarında yayılan xəbərlərə operativ reaksiya verməsi göz qabağındadır. Prokurorluğun maddi-texniki bazasında texnoloji vasitələr nə kimi yer tutur?

- Hamıya məlumdur ki, müasir idarəetmə sistemində innovativ yanaşma əhəmiyyətli rol oynayır. Bu dəyişikliklərə biganə qalan və onunla ayaqlaşmayanlar açıq-aşkar geridə qalırlar. Sosial şəbəkələr də innovasiyanın yaratdığı geniş imkanlardan biridir. Anlamalıyıq ki, insanlar artıq ənənəvi ərizə, şikayətlərdən çox fikirlərini sosial şəbəkələrdə paylaşmağa üstünlük verirlər. Onlar müraciətlərini müəyyən zaman və maliyyə vəsaiti tələb edən yollarla göndərməkdən daha çox elektron poçt, sosial şəbəkə vasitəsilə daha tez çatdırmağa üstünlük verirlər. Müasir prokurorluq bu yenilikləri nəzərə almaya bilməzdi. Buna görə də prokurorluğun bütün struktur qurumları bu sahədə işini müasir standartlara uyğun qurub, elektron məktubların qeydiyyatı, internet resurslarında yayılan və vətəndaşlarımızı narahat edən məsələlərə aydınlıq gətirilməsi, habelə onların maarifləndirilməsi istiqamətində işlər görürlər.

- Texnoloji yeniliklərdən istifadəyə nümunə olaraq nələri xüsusi qeyd edə bilərsiniz?

- Hazırda prokurorluq orqanlarında müraciətlərin qeydiyyatı, icrası habelə onlara nəzarət “Elektron sənəd dövriyyəsi” proqramı vasitəsilə həyata keçirilir. Həmçinin “Elektron cinayət işi”, “Elektron cinayət xəritəsi” və “Elektron dövlət ittihamı” proqramları mövcuddur.

Prezident İlham Əliyevin 2022-ci il 3 mart tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamədə informasiya sisteminin fəaliyyət prinsipləri, texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, informasiya sisteminin funksiyaları, informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemləri, habelə informasiya sisteminin təşkili barədə müddəalar əksini tapıb. Bununla əlaqədar intensiv işlərə başlanılıb, həm öz əməkdaşlarımız, həm də autsorsinq xidmətindən istifadə etməklə proqram təminatı hazırlanmaqdadır. Həmin proqramın artıq mühasibatlıq və kadrlar üçün altsistemləri hazırdır. Proqram tam versiyada fəaliyyətə başladıqdan sonra “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmaqla işləyəcək.

Eyni zamanda, islahatlar çərçivəsində yeni yaradılmış Kriminalistika və informasiya texnologiyaları idarəsinin müasir kriminalistik avadanlıqlarla təchiz edilməsi, cinayət işlərinin ibtidai istintaqı zamanı son texnoloji üstünlüklərdən geniş istifadə olunması cinayətkarlıqla mübarizədə effektiv nəticələr əldə olunmasına kömək edib. Təsadüfi deyil ki, hazırda törədilən cinayətlərin isti izlərlə açılması ilə yanaşı, əvvəlki illərdən uzun müddət ərzində bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 26 qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

- Prokurorluqda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə maddi-texniki təchizat sahəsində nə kimi işlər görülüb?

- İslahatların hər birinin əsasında insanların hüquqlarını qorumaq, pozulan hüquqları, sosial ədaləti bərpa etmək və nəticədə vətəndaş məmnunluğuna nail olmaq dayanır. Lakin bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, insanı hansısa cinayəti törətməkdə ittiham etmək ən ağır proseslərdən biridir. Bundan başqa, cinayətdən zərər çəkmiş şəxsi cinayət təqibinin həyata keçirildiyi dövrdə, yekun qərar qəbul olunanadək, hətta bəzən ondan sonra da razı salmaq çətin vəzifələrdən biridir. Bütün bu çağırışların fonunda prokurorluğun vətəndaş məmnunluğunu təmin etməsi onun əməkdaşlarının peşəkarlığından, vəzifələrini vicdanla və qanunun tələblərinə əməl etməklə yerinə yetirməsindən, əməkdaşlarla vətəndaşlar arasında ünsiyyətin və bunun üçün tələb olunan maddi-texniki təchizatın düzgün təşkil edilməsindən asılıdır. Bu baxımdan insanların hüquqlarının müdafiəsi məqsədilə prokurorluğun alət və vasitələrinə əlçatanlığı təmin etmək görülən işlərin prioritetini təşkil edir və bu sahədə maliyyə xərclərinin effektivliyini artırmaq zəruri şərtlərdən biridir.

Hazırda prokurorluq orqanlarında vətəndaşların müraciətləri həm “Qaynar xətt” əlaqə vasitələri, həm elektron, həm də yazılı şəkildə qəbul edilir. Əlçatanlığı təmin etmək məqsədilə hətta, yuxarıda da qeyd etdiyim kimi, mobil tətbiq proqramı da hazırlanıb.

Həmçinin Baş Prokurorluğun inzibati binasında son təmir-tikinti işləri aparılarkən yeni “Qaynar xətt” növbətçi otağı yaradılaraq əməkdaşların fasiləsiz iş fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait qurulub. Vətəndaş qəbulu otaqları yenidən təmir edilməklə müvafiq avadanlıqlarla təmin olunub.

- Prokurorluğa yeni qəbul edilən əməkdaşların peşə biliyinin artırılması üçün nə kimi tədbirlər görülür?

- Müsabiqə yolu ilə işə qəbul olunmuş əməkdaşlar hazırda prokurorluq işçilərinin 83,9 faizini təşkil edir. Onlar yüksək bilik və bacarıqlarını, dünyagörüşlərini nümayiş etdirməklə işə qəbul olunsalar da, biz bununla kifayətlənmirik. Prokurorluq daim onların peşə bacarıqlarının artırılması istiqamətində işlər görür. Məsələn, bir sıra işçilərimizin Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr, habelə yay akademiyaları və müxtəlif mövzularda keçirilən kurslarda təhsil almaları təmin olunub. Bundan başqa, bir neçə əməkdaşımız BMT Baş Assambleyasının Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi sessiyasında və Avropa Şurasının Korrupsiya əleyhinə Dövlətlər Qrupunun plenar iclaslarında iştirak ediblər.

Həmçinin Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiriciləri Şəbəkəsi, Avropa Komissiyası tərəfindən müəyyən olunmuş sahələr üzrə Avropa İttifaqına daxil olan üzv dövlətlərin aidiyyəti qurumları, Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən təşkil olunmuş təlimlər, habelə Avropa İttifaqı Agentliyi tərəfindən “Narkotik vasitələrin qaçaqmalçılığı – sintetik narkotik vasitələr”, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat tərəfindən Korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, Fələstin Dövlətinin Baş Prokurorluğu tərəfindən “Ədalət mühakiməsinə çıxış və səmərəli prokurorluq xidmətləri”, Rusiya Federasiyasının İstintaq Komitəsinin Sankt-Peterburq Akademiyası tərəfindən “Şəxsiyyət əleyhinə törədilmiş cinayətlərin istintaqı ilə bağlı” mövzularda keçirilən treninq və seminarlarda əməkdaşlarımızın iştirakı təmin edilib.

Eyni zamanda, bu il əməkdaşlarımızdan biri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktoratlığının Hüquqi əməkdaşlıq şöbəsində yaranmış vakansiyaya qəbul edilib. Bir əməkdaşımızın isə Niderland Krallığının Haaqa şəhərində yerləşən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində təcrübə keçməsi razılaşdırılıb.

- İşğaldan azad edilmiş ərazilərdə prokurorluqların fəaliyyət göstərməsi üçün artıq işlərə başlanılıbmı, yaxud bununla bağlı nə kimi planlarınız var?

- Prokurorluq orqanları əməkdaşları da tam gücü ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda öz vəzifələrini əzmlə yerinə yetirməyə daim hazırdırlar.

Habelə prokurorluq orqanlarında düşmən tərəfindən törədilmiş insanlıq və müharibə əleyhinə və digər çoxlu sayda cinayətlərin istintaqı aparılmaqdadır. Bununla əlaqədar olaraq, əməkdaşlarımızın hadisə yerinə baxış keçirilməsi, ekspertizaların təyin edilməsi, dəymiş ziyanın müəyyənləşdirilməsi, zərərçəkmiş şəxslərin dindirilməsi və digər istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu deyə bilərəm ki, Prezidentin 2021-ci il 1 aprel tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamına əsasən yaradılmış Kəlbəcər və Qubadlı Hərbi prokurorluqlarının inzibati binalarında təmir işləri aparılıb, binalar müasir qurğu, avadanlıq, informasiya-kommunikasiya xətləri, mebel və kompüter avadanlıqları, eləcə də nəqliyyat vasitələri ilə təchiz edilib.

Bundan başqa, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb, ən müasir kompüter, mebel və digər avadanlıqlar, həmçinin avtomobillərlə təchiz olunub.

Təəssüf ki, erməni vandalları 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda bütün infrastrukturu məhv edib, inzibati bina, yaşayış sahələrini talayıblar. Tezliklə həmin rayon və şəhərlərin Baş planları təsdiqləndikdən sonra dövlətimizin qayğısı hesabına prokurorluq orqanları əməkdaşlarının da öz xidmətlərini işğaldan azad edilmiş torpaqlarımızda tam gücü ilə aparmaları təmin olunacaq.

 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top