“Dövlətin qarşısına bir məqsəd qoyurlar ki, sərnişindaşımanın qiymətlərini artırsın”

İNFRASTRUKTUR 26 sen 2022, 20:24
Tarif Şurası avtobuslarsa gedişhaqqının artırılması ilə bağlı məsələyə baxa bilər. Bununla bağlı Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkətin dövlət rəhbərliyinə ünvanladığı kollektiv müraciətdə bildirilib. Qeyd edilib ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədi ilə ayırdığı vəsait 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilməyib.

Məsələyə münasibət bildirən sabiq deputat, iqtisadçı ekspert Nazim Baydəmirli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur. Onun sözlərinə görə, iqtisadi münasibətlərin bazar iqtisadiyyatı formulu ilə idarə olunması çox vacibdir:

“Sərnişindaşımaya əslində bütün dünyada müvafiq formula tapıldığı kimi, Azərbaycanda da bunun tapılmasına müxtəlif cəhdlər olunur. Zamanında Nəqliyyat Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi üçün onun səlahiyyətlərinin bir çoxu əlindən alınaraq ayrı-ayrı qurumların yaradılması ənənəsi baş verdi. Əslində, dövlət “Anti-inhisar fəaliyyəti” haqqında Qanuna zidd olaraq özəl sektora icazə verdiyi sahələrdə hər hansı bir iqtisadi fəaliyyətlə məşğul olması, gətirib mövcud mənzərəni ortalığa çıxarır. Jurnalist araşdırmalarında da dəfələrlə sübut olunub ki, Bakı Nəqliyyat Agentliyi və "BakuBus" deyilən şirkət müxtəlif tenderləri keçirərkən təbii ki, satınalma haqqında qanunları çox ciddi şəkildə pozur. Eyni zamanda, dövlət büdcəsi hesabına alınan məhsullar indiki halda avtobuslar və digər sərnişindaşıma üçün lazım olan avadanlıqlar çox baha qiymətə rəsmiləşdirilib. Nəticə etibarilə bu dövlət vəsaitidir və dövlət vəsaitinin iqtisadi idarə edilməsi bu mənada heç vaxt səmərəli ola bilməz və dövlətin siyasəti sərnişin daşımalarında əslində kənardan müşahidə etmək mexanizmi olmalıdır”. 

“Dövlət siyasətini müəyyən edərkən, hər bir hüquqi və fiziki şəxsə eyni gözlə baxmalıdır. Ancaq burada nə baş verir? Dövlətin özünün yaratdığı şirkət, yəni dövlət büdcəsi hesabına onu avtobusun neçəyə alındığı maralandıra bilməz, çünki bu dövlətin puludur. Ona görə, bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə bu münasibətlər çox sivil qaydada həll olunur. Dövlət marşrutların tenderini elan edir, müxtəlif sahibkarlar marşrutu işlətməklə bağlı təkliflərini verir və tenderdə qazanmış həmin şirkətlərə marşrutları işlətmək üçün icazə verilir. Dövlət isə onların qarşısına minimum tələbləri qoyur. Yəni, bu tarifə də aiddir, eyni zamanda avtobusların və digər avadanlıqların keyfiyyətinə də aiddir. Təbii ki, burada şəffaf mexanizm olan zaman, dövlətin siyasəti bu sahədə şəffaf olan zaman sahibkar heç zaman keyfiyyətsiz xidmət verməyəcək və dövlət büdcəsindən də ayrı vəsait ayırmağa ehtiyac qalmayacaq. İndiki məqamda nə baş verir? "Bakubus" deyilən şirkət dövlət büdcəsi hesabına avtobuslarla təmin olunur və digər bazar iştirakçılarını dövlətin əli ilə, daha doğrusu Bakı Nəqliyyat Agentliyinin əli ilə sıradan çıxarır, yəni dövlət monopoliyası yaradır. Bu da dövlət qanunvericiliyimizə ziddir. Mövcud qanunvericiliyi hansı ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qüvvədə olan qanunun 2-ci maddəsində yazılır. Dövlət inhisarçılığı nədən qadağan olunur? Dövlət inhisarçılığı ona görə qadağan olunur ki, burada dövlətin strukturları iqtisadi fəaliyyətlə məşğul olaraq digər bazar iştirakçılarını sıradan çıxarırlar. Nəticə etibarilə onda da səmərəsiz idarəetmə baş verir, zərərlə işləyir dövlət şirkətləri, vergi ödəmirlər və nəticə etibarilə dövlətin qarşısına bir məqsəd qoyurlar ki, sərnişindaşımanın tarifləri, qiymətləri artırsın. Artıran zamanda necə bu baş verib bir çox hallarda dövlət çıxış yolunu ancaq və ancaq vətəndaşları yükləməklə həyata keçirməyə məcbur olub. Ona görə, hesab edirəm ki, bu tip şirkətlər ləğv olunmalıdır”.

“Özəlləşdirilməyə açılmalı, araşdırılmalıdır və sərnişindaşımaları bələdiyyələr xaric (müxtəlif ölkələrdə bələdiyyə avtobusları mövcuddur) onlar da müvafiq tenderlər əsasında o daşımaları həyata keçirirlər və şəffaf idarəetmə mövcuddur. Yəni, sərnişindaşımları bütün dünyada olduğu kimi, bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə olduğu kimi, avtobusdaşımaları (avtobus, taksi) yəni, yerüstü nəqliyyatların hamısı özəl mülkiyyətdədir. Özəl şirkətlər tərəfindən idarə olunur. Yəni, Amerikanı kəşf etməyə ehtiyac yoxdur, eksperimentlər aparmağa da ehtiyac yoxdur. Sadəcə, burada dövlət siyasətini apararkən, hər bir hüquqi və fiziki şəxsi eyni gözlə baxmaq lazımdır. Onların hüquq və vəzifə bərabərliyini təmin etmək lazımdır. Dövlətin də siyasəti sərnişindaşımada bu olmalıdır, bundan artığı yox!”- deyə ekspert bildirib.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top