“Ölkəmizdə İKT sahəsində istehsal həcminin keyfiyyəti artırılmalıdır”

İKT 18 sen 2022, 19:40
Son illər informasiya xidmətləri sferası cəmiyyətin həyatına sürətlə daxil olub. Sirr deyil ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin verdiyi böyük üstünlüklərdən uğurla istifadə etməkdədir. Bu gün də bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə edirlər. Məsələn, Avropada, ABŞ-da, Yaponiyada və dünyanın bir sıra inkişaf etmiş ölkələrində insanlar informasiyalaşdırmanın həlledici rolunu, onun insanların həyatındakı əhəmiyyətini, elmi tutumlu texnologiyalardan istifadəsini, milli məhsulun istehsalında verdiyi töhfənin iqtisadi səmərəsini vaxtında qiymətləndirə bildilər.

Hazırda respublikamızda dövlət səviyyəsində dövlət və özəl qurumlarda informasiya və kommunikasiya texnologiyaları sahəsində bir sıra əhəmiyyətli dövlət proqramları və layihələr həyata keçirilməkdədir. Qeyd edək ki, son illər rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sahələri arasında ən sürətlə inkişaf edən sahələrdən biri olub. İKT sektorunda istehsalın - həm texniki qurğuların, həm də proqram təminatının artırılması və onun xaricə ixrac edilməsi isə iqtisadi baxımdan səmərəlidir. Bəs, ölkəmizdə İKT sahəsində istehsal həcminin artırılması nə vəd edir?

AİKTSA idarə heyətinin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə ölkəmizdə istehsalat var, amma təəssüf ki, pərakəndəlik mövcuddur:

“Ümumiyyətlə, İKT sahəsində istehsal iki hissəyə ayrılır. Birincisi, xidmət üçün yaradılan portallardır, yəni bizim istehsal edə biləcəyimiz məhsullardır, bunu beyin istehsalatı da adlandıra bilərik. İkincisi isə “hardware” avadanlıq istehsalatıdır. Yəni, bunların hər ikisi Azərbaycan şirkətləri tərəfindən istehsal olunur, həm də xidmətlər istehsal olunur.

Ümumiyyətlə, məhsullar, portallar internet vasitəsilə girdiyiniz portalların hamısı istehsalatdır, yəni beyin məhsuludur. Bunlar “developer”ların ərsəyə gətirdiyi kodlarla istehsalatlardır, həm də avadanlıqlardır. Hər ikisi Azərbaycanda mövcuddur. Azərbaycan İKT mühitində yer alan Azərbaycan şirkətləri tərəfindən həm proqram təminatları istehsal olunur, həm də avadanlıqlar istehsal olunur. Sadəcə burada bir pərakəndəlik var. Bu pərakəndəliyi hal-hazırda yeni yaranan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) bir çətir altına yığıb və hal-hazırda daha düzənli şəkildə təqdim etməyə çalışır”.

Mütəxəssis onu da əlavə edib ki, Azərbaycanda İKT mühitində, informasiya və kommunikasiya texnologiyaları mühitində həm avadanlıq, həm də beyin məhsulları olaraq portallarımızın intellektual istehsalatı mövcuddur: 

“Hətta, dünya səviyyəsində iş görən beynəlxalq rəqabətçiliyə qoşulan məhsullarımız da var. Bunlardan nümunə çəkmək olar. Bir neçə Azərbaycanın böyük şirkətlərinin məhsulları var ki, bir çox ölkə tərəfindən istifadə olunur. Bunlar avadanlıq deyil, beyin məhsulu olan proqram təminatlarıdır. Koordinat üstündə və ya digər proqram təminatları da istehsal olunur. Avadanlıq səviyyəsində istehsalatlarımız da var. Azərbaycanda Müdafiə Sənayesinin nəzdində peyk zavodunda orada plata istehsal olunur. Sumqayıtda bir çox qablaşdırma vardır. Bunlardan istifadə edərək, Azərbaycanda bir çox məhsullar istehsal olunur. Həm plataların yerli istehsalatı mövcuddur, onların qablaşdırılması var, onun proqram təminatı yaradılır. Bu tip xidmətlərin birgə ərsəyə gəldiyi avadanlıq istehsalatı da, şirkətlərimiz tərəfindən istehsal olunur, lakin sadəcə az bilinir. Hətta, bəziləri heç bilinmir. Amma, bu, o demək deyil ki, Azərbaycanda istehsalat yoxdur. Azərbaycanda istehsalat var, sadəcə pərakəndədir. Hələ ki, həcmi azdır. Assosiasiyanın əsas məqsədi də bunları önə çıxartmaq və təqdim etməkdir ki, Azərbaycanda bu tip istehsalatlar var, həm beyin məhsulu olaraq, həm də fiziki məhsul olaraq”.


İKT sahəsində istehsal olunan məhsulların problemləri barədə saytımıza açıqlama verən BDU-nun Jurnalistika fakültəsinin dosenti Zaur Babayev bildirib ki, ölkəmizdə internet məhsullarının istehsallı yüksək səviyyədə deyil:

“Təbii ki, ilk növbədə ölkəmizin hər yerində internet sahəsində yeni sistemlər qurulmalıdır, çünki indiki müasir sistemlə internetə qoşulmaq mümkün deyil və sürət qane etmir. Bildiyimiz kimi, indi bizdə onlayn sistemdə dərslər keçirilir, amma yeni provayderlərin müasir cihazlarla təmin olunması vacibdir. Çox təəssüf ki, ölkəmizdə hələ yeni kompüterlərin, noutbukların hazırlanmasına hazır deyilik. Amma, olanları heç olmasa yeni kompüter sistemləri ilə təmin etməliyik. Məsələn, Tayvan, Çin kimi ölkələrdən ehtiyat hissələrini alıb, burada yığılmasına nail olmalıyıq. Düzdür, bizdə əvvəllər Mingəçevirdə kompüterlər yığılırdı, amma demək olar ki, onlar yalançı kompüterlər idi. Çünki onların yığılmasında mütəxəssislər iştirak etmirdi, adi fəhlələr yığırdı. Bu isə çox ciddi prosesdir, amma bu yığımı Azərbaycanda təşkil etmək mümkündür. Bunun üçün isə ilk növbədə kompüterlər və noutbuklar, internet texnologiyasında istifadə edilən sistemlər kifayət qədər keyfiyyətli olmalıdır, yəni zamanın tələbinə uyğun olmalıdır”. 

Ekspertin sözlərinə görə, hazırda ölkə universitetlərində mütəxəssislər hazırlanmasında ciddi problemlər mövcuddur:

“Hazırda universitetlərdə biz dərs prosesində istədiyimiz kimi, təhsil verə bilmirik. Müasir texnologiyaya uyğun olan dərslər tədris olunmur. Çünki bizdə 60-70-ci illərdə olan sistem ali məktəblərdə və orta məktəblərdə mövcuddur. Hər müəllim artıq modul sistemində dərs deməyi bacarmalıdır. Lakin biz hələ sovet sistemindəki təhsildən çıxa bilməmişik. Məhz bu səbəbdən də ölkəmizdə İKT texnologiyası da çox təəssüf ki, inkişaf etməyəcək və yerli mütəxəssislər hazırlanmayacaq”.

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top