“Yaxın gələcəkdə Avropada böyük bir siyasi sabitliyin pozulması olacaq” — TƏHLİL

SİYASƏT 17 sen 2022, 16:40
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayan Ukrayna müharibəsi artıq yeddinci ayını doldurmaq üzrədir. Müharibənin əvvəlində Qərb, NATO və Aİ-də Rusiyaya qarşı güclü həmrəylik nümayiş etdirildi və çoxsaylı sanksiyalar tətbiq olundu. Təbii ki, Rusiya da buna səssiz qalmadı və özünə qarşı qəbul edilən sanksiya qərarlarına səssiz qalmayaraq enerji sahəsində tarixin ən böyük sınağı ilə Aİ ölkələrini qarşı-qarşıya qoyur. Artıq qarşıdan qış gəlir və Avropa ölkələri bu sahədə bir sıra işlər görür. Lakin sual doğurur: Avropada qışda vziyyət necə olacaq? Bu tarixin sınağından üzüağ çıxacaqmı?

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, bu ssenari əslində gözlənilən idi. Belə ki, Rusiya özü də müharibənin başlanğıcından bəri müharibənin gedişini soyuq qış aylarına hesablamışdı:

“Artıq dünyada neft-qaz qiymətlərinin qalxmalar müşahidə olunur. Avropanın qışda təkcə bahalı qiymətlə deyil, həm də fiziki olaraq qaz tədarükünü bağlaması, Avropanın soyuq qışa hazır olmaması, dünyada bahalaşan ərzaq qiymətlər, artan enerji qiymətlərinə təsiri, Rusiyanın müəyyən dənli bitkilərinin və bitki yağlarının portlarda bloklanması, ixracın məhdudlaşdırması və s. bütün bunlar sonda Avropa ölkələrində əhali etirazına səbəb olacaqdır. Bu əhali etirazları Avropanı məcbur edəcək ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə Alyansdan uzaqlaşıb, Ukrayna məsələsində Rusiyaya daha yaxın mövqe tutsun, ən azından neytral mövqe tutsun və Rusiyaya qarşı cəbhədə aktiv mövqe almasın. Rusiyanın planı budur ki, Avropa tezliklə bu mühariibədən bezəcək. Rusiyaya qarşı sanksiyaların götürülməsi və ya Rusiya ilə hər hansı şəkildə dil tapılması məsələsində israr edəcək. Buna başından bəri Moskva hazırlaşırdı. Bəzi Avropa dövlətləri, xüsusilə Almaniya və Fransa təbii qaz ehtiyatlarını, anbarlarını dolduraraq və yaxud da ki, əlavə təbii qaz xətləri, enerji xətləri, qida təchizatı xətləri axtararaq bu şəkildə buna hazırlaşmağa çalışırdılar”.

 Analitik bildirib ki, indiki halda artıq Almaniyanı və Fransanı etirazlar bürüyüb:

“Bilirsiniz ki, bundan əvvəl artıq Avropada 5-ə yaxın ölkənin rəhbərliyi fərqli şəkillərdə istefaya getməyə səbəb olmuşdur. Bu cür qiymət artımı təbii qazda artıq 4-5 dəfədən çox qiymət artımı olub, Avropanın bir çox ölkələrində yanacaq 200-250 faizə yaxın bahalaşıb, eyni şəkildə qida qiymətləri, hətta bəzi yerlərdə 300-500 faizə qədər qalxıb. Bunun nəticəsində Avropada böyük əhali etirazları artıq özünü göstərməkdədir. Bilirsiniz ki, Avropada seçkili sistemdir və hökumətlərin həyatının davamlı olması seçicilərin razılığından çox asılıdır. Ən azı 10-15 ölkədə bu cür etirazlar mövcud hakimiyyətin, mövcud koalisiyaların səs itirməsi, siyasi sabitliyin pozulması ilə müşahidə olunacaq. Belə bir siyasi sabitsizlik əlbətttə ki, həmin seçkidə iştirak edən digər partiyaları mümkün qədər Rusiya ilə dil tapmağa və enerji qiymətlərini endirməyə, xüsusi olaraq özləri üçün ayrılıqda təbii qaz və neft tədarükü, və ya dənli şeylər tədarükü ilə bağlı anlaşmalara sövq edəcək. Bu da Rusiyanın arzuladığı ssenaridir. Bu ssenariyə görə, ayrı-ayrı ölkələr artıq vahid Qərb blok şəklində, separat şəkildə Rusiya ilə danışıqlara başlayacaqlar. İspaniya, İtaliya, Almaniya, Fransa, Avstraliya kimi ölkələrin ictimaiyyəti daha əvvəldən də bu müharibəyə qarşı idi və Rusiyaya qarşı müəyyən simpatiyası olan ölkələrdir. Eyni zamanda, biz etiraz aksiyalarında şüarlarda təkcə qida və təbii qaz qiymətləri ilə bağlı deyill hökumətlərin Rusiya siyasəti ilə bağlı etirazları görürdük. Onlar Rusiya ilə düşmənçiliyə son verilməsini, Rusiya ilə anlaşmaya gedilməsini istəyirlər”.

“Aydın məsələdir ki, həm sağ cinahdan, həm də sol cinahdan kifayət qədər Rusiyaya bağlı olan və onun dəstəklədiyi siyasi fiqurlar var. Siyasi, ideoloji, biznes qruplar var, yəni Rusiya ilə bağlı olan bir çox ölkədə siyasi fiqurlar vardır ki, Rusiya da bundan yararlanacaq. Avropa İttifaqının əsas dövlətləri xüsusilə Almaniya, Fransa, İtaliya, Avstraliya bunlar əvvəldən müharibəyə qarşı idilər. Bu müharibədə də ABŞ və B.Britaniyanın yanında yer almağa məcbur oldular. Bu həmin dövlətlərin öz dərin siyasəti də məcbur edir ki, hansısa şəkildə balans yaratmaq üçün müəyyən qədər bu cür tələblərə şərait yaratsınlar ki, daha sonra manevr imkanları olsun. Həmin ölkələr deyə bilərlər ki, bizim seçicilərimiz həm qiymətlərdən, həm siyasətimizdən çox narazıdır. Məhz buna  görə də, biz məcbur olub Rusiya ilə ortaq məxrəcə gələcəyik. Ümumi istiqamət ondan ibarətdir ki, əgər yaxın vaxtlarda Ukrayna cəbhəsində  ciddi dönüş olmasa, ən azı Ukrayna ordusu xeyli üstünlük əldə etmiş ola bilər ki, bunlar Avropa ölkələrinin separat danışıqlardan, Qərb blokundan parçalamaqdan çəkindirə bilər. Belə bir irəliləyiş olmasa yaxın gələcəkdə Avropada böyük bir siyasi sabitliyin pozulması olacaq. Böyük bir destabillik yaranacaq. Yəni, onlarla ölkədə koalisiyalar çökəcək, siyasilər istefa etməyə məcbur olacaq, xalq etirazları olacaq və bunun nəticəsində Avropa Qəb blokunun tərkibində laxlamağa başlayacaq, həm də Rusiya ilə fərqli-fərqli ölkələrin, ümumiyyətlə Avropa ölkələrinin separat danışıqlarının şahidi ola biləcəyik” - deyə, politoloq sonda qeyd edib. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top