Vüqar Xəlilov: “Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birlikdə var gücümüz ilə çalışırıq”

MÜSAHİBƏ 29 avq 2022, 13:33
KONKRET.az – ın aldığı eksklüziv məlumata əsasən Gülzar Mustafayevadan sonra, Sputnik.az – dan ayrılmış digər əməkdaş Yelena Starostina da CBC telekanalında işləməyə başlayır. 1news.az-ın keçmiş əməkdaşı Elşən Rüstəmov da CBC kanalı ilə əməkdaşlığını davam etdirəcək.

Ölkənin yeganə rusdilli beynəlxalq televiziya kanalı olan – CBC telekanalı, onun inkişafı və gələcək planları haqqında telekanalın Baş direktoru Vüqar Xəlilov KONKRET.az-ın suallarını cavablandırıb:

– Vüqar bəy, qarşıdan yeni televiziya mövsümü gəlir. Ötən mövsüm hansı uğurlarla yadda qaldı? Yeni mövsümə necə hazırlaşmısınız? Telekanalda tətbiq edilən yeniliklərdən, yayım strategiyasından, kadr siyasətindən, dəvət edilən yeni əməkdaşlardan danışa bilərsiniz.

– Azərbaycan xalqını Laçın şəhərinə qayıtmağımız münasibəti ilə təbrik edirəm. Yeni mövsümə hazırlaşırıq. Yayımı analitik informasiya axını şəklində təmin etmək üçün zəruri tədbirlər görülür. Bu çərçivədə, xəbərlər buraxılışlarının sayı və vaxtı artırılacaq, yeni layihərimiz olacaq, əhəmiyyətli tədbirlərdən canlı bağlantılarımızın sayı artırılacaq. Vətən müharibəsinin II ildönümünün geniş şəkildə işıqlandırılmasına hazırlaşırıq. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər planlaşdırılır, çəkilişlər, müsahibələr, sənədli filmlər. Ötən televiziya mövsümü bizim üçün uğurlu keçdi. Yeni layihələrimiz, mühüm müsahibələrimiz, müxtəlif əhəmiyyətli gün və tədbirlərə həsr olunmuş silsilə sənədli filmlər hazırlandı. Qarabağ müharibəsinin və Qələbə gününün ildönümü telekanal tərəfindən geniş işıqlandırıldı. Şuşaya həsr olunmuş bir neçə sənədli film hazırlandı. Nəqliyyat dəhlizinə həsr olunmuş sənədli filmlər hazırlandı. İşğaldan azad olunmuş ərazilərə çoxsaylı ezamiyyətlər baş tutdu. Yayım strategiyamız dəyişməz olaraq qalır, biz ölkəmizi dünya media arenasında təmsil etmək üçün çalışırıq. Kadr siyasəti isə – peşəkar əməkdaşların dəvət olunması, telekanalda çalışan əməkdaşların bilik səviyyələrinin təkmilləşdirilməsi, cavan kadrların yetişdirilməsindən ibarətdir. Hər bir yeni əməkdaş komandaya yeni nəfəs və yeni fikir gətirərək, işlərimizi daha effektiv aparmağa kömək edir.

– CBC telekanalında rusdilli peşəkar əməkdaşlar çalışmaqdadır. Hər biri yerli media bazarı üçün tapıntıdır. Kollektivdəki ab-hava və qurulan münasibətlər barədə nə deyə bilərsiniz?

– Çox maraqlı məqama toxunduz. Bəli, CBC telekanalı rus dilində yayımlanır, bu səbəbdən peşəkar rusdilli əməkdaşlar axtarışındayıq. Rusdilli mütəxəssislərin yerli media sahəsində çalışa biləcəyi çox az sayda yer olduğu üçün, adətən əməkdaşlar bizimlə uzunmüddətli əsaslarla çalışırlar. 2013-cü ildən gələn əməkdaşlar bugünədək bizimlədilər. Biz hər birinə dəyər veririk və kollektiv arasında səmimi, mehriban ortam yaratmağa çalışırıq. Düzdür, işdən ayrılanlar da olur, maraqlı işlərə, vəzifələrə gedənlər, başqa telekanallara, yüksək maaş və ya digər səbəblərdən ayrılanlar, amma bu çox normal bir prosesdir, məsələn, istedadlı gənclərimiz Fuad Bayramov, Eldar Rəsulov bizdən ayrılaraq Azərbaycan dilli kanallara və peşəkar şirkətlərə daha yaxşı performanslar üçün keçmişlər. Biz hər bir əməkdaşımızla dost kimi ayrılırıq. Gülzarın bizə dönməsi də buna bir nümunədir. Fürsətdən istifadə edib, deyim ki, telekanal iddialı, savadlı, bilikli və işləmək həvəsi yüksək olan kadrlar axtarışındadır. Hər biri telekanalın rəsmi email ünvanına müraciət edə bilər.

– CBC telekanalının əməkdaşları ölkəmiz üçün mühüm gün və tədbirlərin işıqlandırılmasında öz fəallıqları ilə seçilirlər. Ekranlardan artıq hər birimizin tanıdığı simaları tez-tez görə bilirik, onların uğurları və təltifləri haqqında xəbərlər alırıq. Telekanalın rəhbərliyi tərəfindən əməkdaşların təşəbbüsləri necə qarşılanır?

– Bəli, bizim əməkdaşlar çox fəaldır. Müharibənin işıqlandırılması dövründə bu hamı üçün aşkar oldu. Əməkdaşlar gecəli-gündüzlü hadisələri operativ çəkib, dünyaya çatdırırdılar. Böyük işlər gördülər. CBC-də gənc kadrlar çox sürətli şəkildə karyera inkişafı əldə edirlər. Gənc müxbirlər buraxılış redaktoru, redaktorlar isə şöbə/bölmə rəhbərləri olurlar. Çünki biz onların hər birinə öz şəxsi potensialını ifadə etmək üçün ortam yaradırıq. CBC telekanalı daima əməkdaşlarını dəstəkləyir. Məsələn, biz müxbir olan əməkdaşlarımıza hər zaman dəstək oluruq ki, özlərini aparıcı kimi də sınasınlar. Montajçılardan rejissorlarımız böyüyür. İT və texniki mütəxəssislərimiz daima təkmilləşirlər. Əməkdaşlarımız var ki, öz əzmkarlığı, işləmək həvəsi və gördüyü işlər sayəsində sıravi əməkdaşdan rəhbər vəzifəsinədək yüksəliblər. Çoxlu təltiflər alırlar, müxtəlif strukturlar tərəfindən mükafatlandırılırlar. Hər biri bizim fəxrimizdir və biz telekanal olaraq onları daima dəstəkləməyə hazırıq.

- Kanalda təkmilləşdirmə işləri və restrukturizasiya prosesinin aparılması ilə əlaqədar peşəkar əməkdaşlar arasında  rotasiya aparılır. Bu haqda məlumat verməyinizi xahiş edirik.

– Yeni təmin olunacaq analitik informasiya axınını yaratmaq üçün kanalda müəyyən restrukturizasiya işləri aparıldı. Bədii hissədə xəbərlər və verilişlərin istehsalı bir şöbəyə ayrıldı ki, onlar sinxron olaraq çalışa və informasiyanı hərtərəfli (xəbərlər, buraxılışlar, verilişlər) çatdıra bilsinlər. Xüsusiyyətlərinə görə İnformasiya yayımı departamentinin tərkibində “Sənədli filmlər və publisistik verilişlər” bölmələri yaradılıb və hər birinə həmin bölmə üzrə ən yaxşı göstəricilər əldə etməyə kömək olacaq rəhbər təyin olunub. Beləliklə, telekanal inkişaf yolundadır və qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün birlikdə var gücümüz ilə çalışırıq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top