DİN sabiq polis əməkdaşının iddialarına cavab verdi — TƏFƏRRÜAT

GÜNDƏM 26 avq 2022, 17:36
Kürəkəninin günahsız yerə həbs edildiyini iddia edən sabiq polis əməkdaşının iddialarına Daxili İşlər Nazirliyi münasibət bildirib.

Həmdiyə Məmişov rəsmi qurumlara, daxili işlər nazirinə və mətbuata müraciət edib.

Daxili İşlər Nazirliyi Musavat.com-un sorğusuna cavab olaraq vətəndaşın iddialarına münasibət bildirib.

Bildirib ki, narkotik ittihamı ilə həbs edilən kürəkəni birlikdə saxlanılan şəxslər pul verib cəzalarının azaldıblar. Onlara qarşı isə qanunsuz tələblər irəli sürülür.

Həmdiyə Məmişov qeyd edib ki, kürəkəni Şəfiyev Orxan Fəxrəddin oğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq Mingəçevir şəhərində saxlanılıb.

Onun sözlərinə görə, Orxan Şəfiyev əslində DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən deyil, Mingəçevir Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2 saatdan artıq saxlanılıb, daha sonra BMCMİ-nin əməkdaşlarına təhvil verilib.

“Bu isə açıq-aşkar göstərir ki, onun saxlanılması barədə BMCMİ tərəfindən sifariş verilib. Həmin sifariş əsasında o, Mingəçevir Rayon Polis İdarəsinə gətirilib, orada işgəncə və təzyiqlərə məruz qalıb. Bundan sonra isə BMCMİ-nin əməkdaşları tərəfindən avtomobili ilə birlikdə Bakı şəhərinə gətirilib. Orada da işgəncələrə məruz qalıb, şərəfinin və kişilik qürurunun zorla alçaldılacağı ilə hədələnib və bundan sonra məcbur qalıb üzərinə açıq-aşkar böhtan olaraq atılmış heçvaxt istifadəçisi, daşıyıcısı və istehlakçısı olmadığı narkotik maddələri etiraf edib. Eyni zamanda kürəkənim Orxan Şəfiyevin Mingəçevir Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmasını əks etdirən videogörüntü də var”- deyə, vətəndaş müraciətində qeyd edib.

Onun sözlərinə görə, vəkil Ramin Qocayevi də Orxan Şəfiyevlə görüşə buraxılmır: “Əsassız və qanunsuz hərəkətlər edilir. Bununla bağlı vəkil həmçinin DİN-nin 102 xidmətinə məlumat versə də, heç bir müsbət nəticəsi olmayıb. Bu hal özü-özlüyündə həm saxlanılan vətəndaşın konstitusion hüquqlarının, həm də vəkilin hüquqlarının kobud şəkildə pozulmasıdır.

Yuxarıda göstərilənlərə istinadən Sizdən xahiş edirəm ki, kürəkənim Şəfiyev Orxan Fəxrəddin oğlunun qanunsuz və sifariş əsasında həbs edilməsində günahı olan bütün polis əməkdaşlarının təxirəsalınmadan cinayət məsuliyyətinə cəlb edilməsini, onun avtomobil və mobil telefonunun ailə üzvlərinə geri qaytarılmasını, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasını, həmçinin təxirəsalınmadan kürəkənim Şəfiyev Orxan Fəxrəddin oğlunun azadlığa buraxılmasını təmin edəsiniz”.

Həmdiyə Məmimşov iddia edir ki, Orxan Şəfiyevlə birlikdə həbs edilən şəxs külli miqdarda narkotik daşıma və satma ittihamı ilə saxlanılıblar. Amma onlardan rüşvə alaraq əməlləri 234.1-ci (narkotik vasitədən istifadə) maddəsinə tövsif edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, iddialar tam əsassızdır.

“Qeyd edilənlər şəxsi mülahizələrdir. İddialar cinayət əməlində təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşıyır. Bu mülahizələr gözləniləndir, ancaq həqiqəti əks etdirmir. Şəxsin əməli mötəbər sübutlarla istintaq materiallarına əlavə edilib” - deyə Elşad Hacıyev açıqlamasında bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top