Laçından olan deputat: “Azad Laçının vətəndaşı olmaq, bu günləri görmək çox böyük xoşbəxtlikdir”

GÜNDƏM 26 avq 2022, 15:52
“Bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri artıq ermənilərdən tamamilə boşaldılıb. Möhtərəm, Cənab Prezident İlham Əliyev də öz tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsini, eyni zamanda Sus və Zabux kəndlərinin nəzarətə götürüldüyünü qeyd etdi. Eyni zamanda, Müdafiə Nazirliyi Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis işləri görüldüyünü bildirdi. Təbii ki, bütün bunlar hamısı bizi sevindirməkdədir”.

Bu fikirləri Demokrat.az-a Laçından olan deputat Mahir Abbaszadə deyib. 

Deputat vurğulayıb ki, 10 noyabr sazişindən sonra Laçın, Zabux və Sus kəndləri rus sülhməramlıların nəzarəti altında  keçmişdi:

“Həmin bəyannaməyə əsasən, Azərbaycan tərəfi yeni bir yolun çəkilişini öhdəsinə götürmüşdü. Bu yolun nə zaman çəkiləcəyi, nə zaman bitəcəyi ilə bağlı hər kəs ciddi narahatlıqlar keçirirdi. Amma,sevindirici haldır ki, tez bir zamanda Azərbaycan tərəfi yolun çəkilişini həyata keçirdi. Bu gün bölgədə fəaliyyət göstərən rus sülhməramlıları artıq yeni yolun mühafizəsini həyata keçirməkdədirlər”.
 
Millət vəkili əlavə edib ki, Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi çox mühüm və tarixi bir hadisədir:

“Bu, bizim həyatımızda çox mühüm hadisədir. Bütövlükdə Azərbaycan dövlətinin həyatında mühüm bir hadisədir. Nəzərə alsaq ki, sərhəd rayonları içərisində Laçın rayonu Ermənistanla ən çox sərhəd-mühafizə postları olan rayondur. Bu nöqteyi-nəzərdən də Laçının ordumuzun tam nəzarətinə keçməsi mühüm hadisə kimi qiymətləndirilməlidir. Həmçinin, həmin ərazilərdən məcburi köçkün düşmüş insanların öz ata-baba yurdlarına qayıtması ilə bağlı ümidləri də artıq reallaşdı. Biz uzunmüddət Cənab Prezidentin qeyd etdiyi kimi, məcburi köçkün düşdük, ciddi psixoloji sarsıntılar keçirdik. Allahın bu gününə şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində Laçın şəhər mərkəzi və kəndləri tamamilə işğaldan azaddır. Azad Laçının vətəndaşı olmaq, bu günləri görmək çox böyük xoşbəxtçilikdir. Mən bu tribunadan istifadə edərək, Möhtərəm Cənab Prezidentə, Ali Baş Komandana bütün laçınlıların təşəkkürünü çatdırıram. Allah dövlətimizi var eləsin, bayrağımız həmişə uca olsun!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top