Əkrəm Həsənov: “Harada ki, kişi zəifləyir, “dabanaltı” olur, o cəmiyyət süquta uğrayır”

GÜNDƏM 25 avq 2022, 11:27
“Kim kimlə bərabərdir, kim kimdən üstündür” kimi fikirlər demoqogiyadır. Bioloji qanunlar və reallıqlar var. Hamı istəyər ki, bərabərlik olsun, qazanc da, xərclər də... Bəs belə ola bilərmi? Xeyr! Ola bilməz! SSRİ-nin timsalında gördük ki, belə fikirlər hansı nəticələrə gətirib çıxarır. Eyni məsələ kişi və qadınlara da aiddir. Son on illiklər ərzində bu məsələ Qərb tərəfindən ortalığa atılıb. Bildirirlər ki, az qala hər şeydə bərabərlik olmalıdır. Əlbəttə, elə məsələlər var ki, tam bərabərlik var. Məsələn, mülkiyyət, yaşamaq, nikah hüququ kimi məsələlərdə bərabərlik mövcuddur. Söhbət qanunvericilikdən getmir. Qanunla, əlbəttə, hamı - kişi də, qadın da bərabərdir. Bəs necə olub Qərbdə bu məsələlər ortalığa çıxıb? İndi hamı bilir ki, Qərbdə “zənci” sözünü işlətməyi təhqir sayırlar. Çünki Qərbin irqi diskriminasiya tarixi var. Tarixlərinə görə utanırlar. Məgər bizdə belə bir şey olub? Xeyr! 

Azərbaycanda, Şərqdə, müsəlman cəmiyyətində, hətta Rusiyada belə, heç vaxt irqi ayrı-seçkilik olmayıb. Ona görə biz “zənci” deyəndə heç nədən utanmırıq, çəkinmirik. Qadına münasibət də belədir. Çox insan bilmir ki, Qərbdə 200 il bundan əvvəlki dövrə qədər Avropada qadının ruhunun olub-olmaması ilə bağlı mübahisə edirdilər. Onlar bunun müzakirəsini aparırdılar. Şərqdə, müsəlman aləmində isə, belə şey yox idi. Qərbin ən mütərrəqi ölkəsi olan İngiltərədə 200 il, hətta ondan daha az əvvəl qadının mülkiyyət hüququ yox idi. Müsəlman cəmiyyətində isə bunların hamısı əvvəldən olub. Bütün bunlara görə onlarda utanc hiss var. İndi onlar hər şeyin ifratına varıblar. Deyirlər ki, belə bir tariximiz olub, gəlin, indi qadınlara bütün hüquqları verək. “Hüquqlar” deyəndə, yəni artıq kim nə istəyir, onu etsin. Əlbəttə ki, qadın və kişi dövlətin, qanunun qarşısında insan kimi bərabərdirlər. Amma qadın və kişi fərqlidir. Dediyim məsələlər qadınla kişi arasında bərabərsizliyin olması demək deyil. Burada söhbət ondan gedir ki, ailədə başçı olmalıdır. Qanunla yox, faktiki olaraq. Ailənin də başçısı kişi olmalıdır. Beynimizə “gender bərabərliyi” fikirlərini yeridirlər. Gender bərabərliyi elə mülkiyyət hüququ və digər bu kimi hüquqları ehtiva edir. Bunlar onsuz da bizdə olub. Qərbdə olmayıb. Qoy, onlar getsinlər bu işlərlə məşğul olsunlar. Ailədə, dövlətdə, istənilən təşkilatda kimsə olmalıdır ki, onun sözü həlledici olsun. Ailədə kişi və arvad var, hər şeyi demokratik yolla həll edə bilməzlər ki. Biri deyəcək, elə edək, o biri deyəcək, belə edək. Son nəticədə kiminsə sözü həlledici olmalıdır. Bu da kişi olmalıdır. Əks halda, bu, mümkün deyil. Bu, qadını qane etmirsə, qoy boşansın. Heç kim onun hüququnu əlindən almır. Heç kim demir ki, kişi qadına qarşı zor tətbiq etməlidir”.

Bunu Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, qadın tarixən kişidən asılı vəziyyətdə olub, çünki özünü qoruya bilməyib: “Qadın ərə gedirdi, hamilə olurdu, uşaq doğurdu. Sonra da o uşağı böyütməli idi. Onun daim kişi qorumasına ehtiyacı var idi. Kişi də onu maddi nemətlərlə təmin etməli idi. Lakin sonradan qazanc artan cəmiyyətlərdə maddi nemətlər çoxaldıqca qadının rolu get-gedə güclənirdi. Çünki maddi nemətlər artdıqca qadın kişidən əvvəlki kimi asılı olmurdu. O, özü müəyyən şeyləri seçir və müəyyən edir. Belə olanda qadının kişi üzərində hökmranlığı yavaş-yavaş artmağa, kişi isə zəifləməyə başlayırdı. Kişi əvvəlki kimi döyüşkən, vuruşqan, öz sözünü keçirən olmurdu. Həmin dövlətlər, o dövlətlərdən də əvvəl mövcud olan qəbilələr son nəticədə tarixə qovuşurdular. Çünki başqa dövlət, başqa qəbilə gəlib onu zəbt edirdi. Roma İmperiyası hansı səbəbdən barbarların qurbanı oldu? Çünki orada kişilik ortadan getmişdi. O cəmiyyətdə artıq qadınların rolu böyük idi, kişilər isə əvvəlki kimi döyüşkən deyildilər. Barbarlar gəldilər, kişiləri qırdılar, arvad-uşaqlarını da yığıb apardılar. Orta əsrlərdə Avropadakılar o qədər harınlamışdılar ki, qadınların rolu artmış, kişilər isə asılı vəziyyətə düşmüşdülər. Qadınlar siyasətə qarışır, dövləti idarə edirdilər. Monqollar da gəlib onların hamısını silib-süpürdü. Osmanlı niyə çökdü? Çünki onu faktiki olaraq qadınlar idarə edirdilər. Xilafət Sasaniləri necə süquta uğrada bildi? Çünki onu da artıq faktiki olaraq qadınlar idarə edirdi. Harada ki, kişi zəifləyir, “dabanaltı” olur və oranı qadınlar idarə edir, o cəmiyyət süquta uğrayır. Bu, o demək deyil ki, kişi yaxşıdır, qadın isə pisdir. Sadəcə, fərqlidirlər. Qadın başqa kateqoriyalar ilə fikirləşir. Demirəm, bu, hər kəsə aiddir, amma bu, onun bioloji kodundadır və o çalışır ki, ailəsi, uşaqları maddi tələbatlarını və s. təmin etsin. Çalışır ki, kişini özünə tabe etsin. Başa düşmür ki, kişini tabe etdikdən sonra kişilik qalmır. Niyə Ermənistana qalib gəldik? Çünki Ermənistanda qadın hakimiyyəti daha güclüdür. Görürəm ki, bizdə kişilər heç ailəsini də idarə edə bilmir və buna görə də boşanmaların sayı artır. Kişilərin çox zaman başa düşmürlər ki, qadınlara zəif kişi deyil, güclü kişi lazımdır. Qadın ona arxalanmaq istəyir. Qadın sözdə çox şey deyə bilər. Kişi qadın deyəni etməyə başlasa, bu halda artıq qadına həmin kişi maraqlı olmayacaq. Bu bir qədər pis səslənə bilər, amma belə bir şey də deyə bilərəm ki, Azərbaycanda son illərdə nə qədər varlı, vəzifəli kişilərin arvadları başlayıblar idman məşqçiləri ilə, mühafizəçilərlə “gəzməyə”. Bəziləri, hətta qoşulub qaçıblar. Çünki kişi evdə “maymağa” çevrilib. Pul qazanır, hər şey edir və o, artıq qadına maraqsızdır. Qadın güclü kişi axtarır. Hətta çox zaman onun dedikləri ilə oturub-durmayan kişi. Bugünkü Qərb, xristian cəmiyyətləri də qadınların kişiləri özlərinə tabe etdiyi bir cəmiyyətdir. Kişilərin qadınlardan asılılığı kişilərin cinsi əlaqədə olmaq istəyidir. Bu da biologiyadır. Kişi həmişə bunu çox istəyir. Qadınlar üçün də bir qayda olaraq bu vacibdir, amma onlar bundan istifadə edib kişini özündən asılı vəziyyətdə saxlaya bilirlər. Psixologiya bizə bunu deyir ki, bu, belədir. Niyə bizim, eləcə də bəzi digər dinlərdə çoxarvadlılığa icazə verilib? Qadın kişinin bu tələbatından sui-istifadə edə, özündən asılı vəziyyətə sala bilməsin deyə. Qərbdə, xristian cəmiyyətində bu gün bu məsələ baş verir. Qadın deyir ki, ümumiyyətlə, doğmuram. Həmin cəmiyyətlərdə demoqrafik vəziyyəti görürük, azalırlar. Sən azalırsansa, istənilən texnologiyan, nə bilim, başqa şeylərin də ola bilər, bu, fərq etmir, ölümə məhkumsan. Şərq dövlətləri, Çin, Hindistan isə, əksinə güclənirlər. Çünki onlar doğub çoxalırlar. Əlbəttə, qadın istəyəcək ki, hər şeyi - evi, yaşayışı, kefi olsun, gəzsin, amma doğmasın. Çünki doğanda qadın istər-istəməz kişidən asılı olur. O, elə də aktiv ola bilmir və maddi təminata ehtiyacı olur. Ona görə də bunu istəmirlər. İstəyirlər ki, hər şeyi özləri etsinlər, amma eyni zamanda kişilərdən də istifadə olunsun. Avropada yaşayan bəzi insanlarla ünsiyyətdə olanda, deyirəm ki, siz başa düşürsünüz ki, sayınız azalır və sivilizasiya kimi tarixə qovuşacaqsınız. Deyirlər ki, qoy olsun da, nəyimə lazımdır 50 ildən, 100 ildən sonra nə baş verəcək... Əsas odur, mən bu gün kef edim. Bu mövqeyə də hörmətlə yanaşmaq olar. Amma biz buna obyektiv baxanda görürük ki, gedirsinizsə, sizin yerinizə gələn cəmiyyətlərdə kişilərin rolu daha güclüdür. Azərbaycanda elə kişilərlə qadınlar var ki, bu mövqeyi sərgiləyirlər, boşanmaların sayı artır. Bizdə də gələcəkdə müəyyən demoqrafik problemlər ola bilər. Çünki ənənəvi ailə institutu, dəyərlər zəifləyir. Başa düşməliyik ki, kişilərin rolu zəiflədikcə problemlər artacaq. Qadın hakimiyyəti ona gətirib çıxarır ki, dövlət başqasına yem olur. Qadın hakimiyyəti yoxdur. buna getmək olmaz. Dövləti kişilər idarə etməlidir. Kişilər pul qazanıb bizneslə, korrupsiya ilə məşğul olursa, fərqi yoxdur, bunların hamısını bir qayda olaraq qadınlara görə edirlər. Çünki qadınlar bioloji varlıq kimi maddi nemətlərə daha çox bağlıdır. Kişilərə isə az şey lazımdır. Yeməyi olsun, cinsi əlaqəsi olsun və bir məşğuliyyəti olsun. Kişilərə dəbdəbəlik lazım deyil. Bəzən qadına bənzər kişilər də dəbdəbəni xoşlayır, amma bəziləri o dəbdəbəni heç özünə görə istəmir, sadəcə olaraq özünü başqasına göstərmək, qadınların gözünə girmək üçün istəyirlər. Özləri üçün istəmirlər. Kişiyə bir məxluq kimi bunlar lazım deyil. Ona görə də istəyərdim ki, cəmiyyət bu məsələlərə Qərbin qurduğu ştamlarla baxmasın”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top