“Nüvə müharibəsi realdır və hətta qaçılmazdır” — TƏHLİL

SİYASİ 24 avqust 2022, 18:02
"Rusiyanın Zaporojye AES-in ətrafında törətməkdə olduğu hərbi-siyasi təxribatlar bütün dünya üçün çox təhlükəli təhdiddir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki,  Ukrayna savaşında sürətlə ağır məğlubiyyətə doğru yaxınlaşmaqda olan Kreml bu nüvə obyekti üzərindən bütün dünyanı şantaj etməyə çalışır:

"Çünki, Rusiyanın hərbi qüdrəti ilə bağlı ənənəvi miflər tamamilə dağılıb. Kremlin beynəlxalq imici artıq ciddi şəkildə korlanıb. İndi Rusiya beynəlxalq məkanda əvvəlki kimi, hərbi-siyasi iradə sahibi deyil.

Ona görə də, Kreml bu durumdan mümkün qədər az itkilər ilə çıxmaq üçün Zaporojye AES-in ətrafında gərginliyi artırmaqla, beynəlxalq rəqiblərini Rusiyaya güzəştlərə məcbur etmək istəyir. Ancaq bu, olduqca riskli və təhlükəli oyundur. Məsələ ondadır ki, Zaporojye AES-də nüvə sızması baş verərsə, bu, Ukrayna ilə Şərqi və Mərkəzi Avropa ölkələrini də fəlakətlə üzləşdirə bilər. Vaxtilə Ukraynada baş vermiş Çernobıl faciəsinin nəticələri də yeni nüvə fəlakətinin Avropada böyük bir ərazini əhatə edə biləcəyi ilə bağlı ehtimalları gücləndirir.



Onu da nəzərə almaq lazımdır ki, Şərqi və Mərkəzi Avropa ölkələrinin əksəriyyəti NATO dövlətləridir. Bu, Rusiya üçün böyük fəlakətin başlanğıcına çevrilə bilər".

E.Xalidbəyli əlavə edib ki,  Kremldə bu faktora ciddi yanaşmasalar, Rusiyanın bir dövlət kimi mövcudluğu belə, risk altına düşə bilər:

"Məsələ ondadır ki, Zaporojye AES-də partlayışdan sonra radiasiyanın NATO ölkələrinin ərazisinə yayılması qlobal savaş üçün real səbəbdir. Zaporojye AES-də məqsədli törədilən qəza və ya partlayış NATO ölkələrinə qarşı birbaşa nüvə zərbəsi kimi dəyərləndiriləcək. Nəticədə NATO nizamnaməsinin 5-ci maddəsi dərhal aktivləşmiş olacaq. Həmin maddəyə görə, NATO hər hansı kənar hərbi müdaxiləyə məruz qalmış alyans üzvünə dəstək vermək öhdəliyi daşıyır. Yəni, bu, o deməkdir ki, Kremlin Ukraynadakı təhlükəli davranışları NATO-nun Rusiya ilə savaşa başlamasına səbəb ola bilər.

Bütün bunları nəzərə aldıqda ehtimal etmək olar ki, əgər Kreml bu təhlükəli oyunu davam etdirərsə, nüvə müharibəsi tamamilə realdır və hətta qaçılmaz ola bilər. Üstəlik, bu halda, Ukrayna savaşının öz əhatə dairəsini genişləndirərək, qlobal müharibəyə çevrilmə ehtimalı da reallaşmış olacaq".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top