Hüquq müdafiəçisinə rəsmi cavab: "Üç istiqamət üzrə söylədiyi heç bir fikirlərlə razı deyilik"

SOSİAL 23 avq 2022, 21:39
"Hüquq müdafiəçisi Fikrət Cəfərli Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı söylədiyi fikirlər faktlara əsaslanmır və subyektiv xarakter daşıyır. Bu isə polisin fəaliyyəti ilə bağlı oxucuda yalnış təsəvvür yaradır. Fikrət Cəfərli bildirir ki, Masallı rayonundan ot daşıyan yük avtomobillərinin sahibləri tərəfindən çox saylı şikayətlər daxil olur və onlara qarşı problemlər yaradılır. Hazırda yay mövsümünun olduğunu və yanğınların baş verdiyini görürük. Təhlükəli yüklərin daşınması ilə bağlı hələ mövsümün əvvəlindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Eyni zamanda yol patrul xidmətinin əməkdaşlarının bu sahədə fəaliyyətlərinin artırılması istiqamətində də göstərişlər verilib. Ot tayalarının normativlərə cavab verilmədən yığılması, daşınması sonradan çox ciddi problemlərə, hətta fəlakətlərə gətirib çıxarır. Elə misal olaraq bir neçə gün öncə Quba rayonunda baş verən yanğın hadisəsini göstərmək olar. Belə ki, həmin rayonun Qrızdəhnə kəndində ot daşıyan yük avtomobilinin alışması böyük fəsada gətirib çıxarıb. Sonradan ictimaiyyət bu təhlükənin aradan qaldırılmasında polis əməkdaşlarının birbaşa rol oynadığını da gördülər. Məhz bu kimi hadisələrin yaşanmaması üçün tezalışan yüklərin, o cümlədən ot yüklərinin daşınması ilə əlaqəli bütün respublika ərazisində Dövlət Yol Polisinin əməkdaşları əhalinin maarifləndirilməsi ilə yanaşı tövsiyələrə riayət etməyən, qaydaları pozan sürücülərə qarşı qanuna müvafiq tədbirlər görüb".

Bunu Pravda.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.

"Fikrət Cəfərli özü də qeyd edir ki, tənqidlər olmasa, polisin fəaliyyəti anormal görünər. Amma bu o demək deyil ki, bu subyektiv fikirlər əsasında ictimailəşdirməlidir. Tənqid sağlam olmalı, faktlara söykənməli, əsaslı olmaldır. Bu gün insanların öz fikirlərini çatdırmaq üçün sosial şəbəkələr kimi platformalar var. Bu, normaldır, vətəndaşın polisə əlçatanlığını təmin edən vasitələrdən biridir. Amma bundan sui-istifadə hallarına yol verilməsinə, cəmiyyətdə polis haqqında mənfi fikirlər formalaşdırmaq, polisə olan etimadın azaldılmasına yönəlik fikirlər səsləndirilməsinə yol vermək düzgün deyil. Bu şəxs DİN əməkdaşlarının cəzalandırılmamaları ilə bağlı da fikir bildirib. İlk növbədə yalnış fikir olduğunu qeyd etməliyəm. Belə ki, mənfi hallara yol verən polis əməkdaşları haqqında daxil olmuş mənfi rəylərə əsasən mütəmadi olaraq intizam-tənbeh tədbirləri tədbiq olunur. Bundan əlavə, polis əməkdaşları haqqında nazirliyin kollegiya iclaslarının nəticələri haqqında ictimaiyyətə ümumiləşdirilmiş məlumatlar çatdırılır. Ayrı-ayrı vaxtlarda hər hansı əməkdaş haqqında şikayət varsa və bu şikayət üzrə araşdırılma aparılıb təsdiqini tapırsa, həmin polis əməkdaşı haqqında məlumatlar mütəmadi olaraq tərəfdaş qurumlara, o cümlədən media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılır. Yəni biz Fikrət Cəfərlinin üç istiqamət üzrə söylədiyi heç bir fikirlərlə razı deyilik. Hesab edirik ki, bunlar subyektiv fikri ifadə edərək həqiqəti əks etdirmirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top