Politoloq: “İran heç zaman müsəlman olmayan dövlətlə savaşmayıb”

GÜNDƏM 23 avq 2022, 13:55
"İran həm dünyada, həm də regionda bəyənilməyən siyasət aparır. Ən pisi də odur ki, bunu islamla əlaqələndirir. Odur ki, müsəlman ölkələri ilə də İranın münasibətləri səhih deyil". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib. Analitik qeyd edib ki, İranın bu siyasəti istər - istəməz müsəlman dövlətlərini ondan uzaqlaşdırır:

"Təbii ki, bu da İsrailə qol-qanad verir. Məsələn, son dönəmlərdə bir çox ərəb ölkəsi İsraillə diplomatik əlaqələr qurdu, gediş - gəliş bərpa olundu və.s. Eyni zamanda, Azərbaycana qarşı da İranın apardığı siyasət səmimi və ürəkaçan deyil. Bu, Zəngəzur dəhlizi məsələsində lap ifşa olundu. Ölkəmizdə müəyyən dini adlarla təxribat yaratma cəhdləri də təəssüf ki, İranla əlaqələndirilir. Lakin Azərbaycan həmişə qonşuluq, müsəlmanlıq prinsiplərinə görə müdrik siyasət aparırır.



O ki, qaldı İranla bağlanan nüvə sazişinə: əlbəttə İran elan edir ki, o, nüvəni yalnız müsbət məqsədlər üçün əldə etmək istəyir. Ancaq indiyə qədər apardığı siyasət bu fikrin nə qədər səmimi olduğunu şübhə altına alır".

Ekspertin sözlərinə görə, İsrail üçün açıq - aşkar təhdid oluşduran, habelə bütün dünya üçün təhlükə ehtimalı yaradan bu məsələ ətrafında düşünmək lazımdır:

"Ancaq İsrail nə qədər sərt addımlar atsa da bu, heç vaxt onların real olaraq savaşına gətirib çıxarmayacaq. Çünki İran heç zaman müsəlman olmayan dövlət ilə savaşmayıb və savaşmayacaq da. Sadəcə İranın radikal çıxışları, təhdidləri İsrail üçün özünün güclənməsinə, silahlanmasına münbit şərait yaradır. Münasibətlər üzdə onsuz da gərgindir və bu gərginlik davam edəcək. Ancaq bundan maraqlı digər dövlətlər də istifadə edəcək".

Qeyd edək ki, İsrailin Baş naziri Yair Lapid Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib ki, İsrail İranla nüvə danışıqları nəticəsində əldə olunan razılaşmaya əməl etməyəcək və Tehranın nüvə potensialına yiyələnməsinin qarşısını almaq üçün hər addımı atacaq. İsrailin Baş naziri bildirib ki, yeni saziş İranın terror şəbəkəsinə güclü sərmayə axınına və ordusunun güclənməsinə yol açacaq. 

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top