Bakıda 44 yaşlı kişi 20 illik arvadını evdən qovdu — TƏFƏRRÜAT

KRİMİNAL 17 avq 2022, 14:21
Bakının Qaradağ rayonunda 1978-ci il təvəllüdlü Həmzə həyat yoldaşı Reyhana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 3-də baş verib.
 
Həmzə arvadı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu döyüb. 

İstintaq orqanı tərəfindən Həmzənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmzə ona elan olunmuş ittiham üzrə özünü təqsirlin bilib. O bildirib ki, 20 ildir Reyhan ilə evlidir: “Evliliyimizdən tibbi səbəblərə görə övladımız olmayıb. Hadisə günü bacımı və anam bizə qonaq gəliblər, lakin hər-hansı mübahisə yaratmayıblar”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam saatlarında evdə həyat yoldaşı ilə birlikdə mətbəxdə yemək yeyib: “Bu zaman Reyhan mənə avtomobillə hara getməyim barədə sual verdi. Bütün gün həyat yoldaşımın mənə psixoloji təsir etdiyini və gərginlik altında saxladığını səbəb kimi göstərərək bir anlıq əsəbləşdim. Əlimdəki çəngəli masaya vuraraq ayağa qalxdım və hamama yuyunmağa getdim. Bu zaman Reyhan arxamca gəldi. Onu itələyərək özümdən aralaşdırmaq istədim. Reyhan sinə nahiyəmdən tutaraq mənə cırmaq atdı. Buna görə də əsəbləşərək hamamın döşəməsini təmizləmək üçün istifadə olunan taxtanı götürərək onun başına və bədəninin digər nahiyələrinə vurdum. Reyhan digər otağa keçərək qışqırdığını eşitdim. Təkrar həmin otağa gəərək onu sakitləşməsi üçün şillə ilə vurdum”.

Həmzə deyib ki, bundan sonra Reyhandan qardaşına zəng etməsini, onu aparmasını istəyib. Bundan sonra Reyhan qardaşını çağırıb və onunla birlikdə evi tərk edib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Reyhanın sözlərinə görə, iyulun 3-də, saat 18.30-da baldızı və qayınanası onlara gəlib. O qeyd edib ki, həmin vaxt baldızı ilə uşaq üstündə mübahisə olub. 

Reyhan bildirib ki, bir gün əvvəl baldızının uşağına dəcəllik etdiyi üçün acıqlanıb və onun bu hərəkəti baldızının xoşuna gəlməyib: “Mübahisəı zamanı baldızım dedi ki, mənim uşağımın daşı hamının başına düşüb. Bundan sonra baldızım və qayınanam üstümə düşdülər, mənimlə mübahisə etdilər. Baldızımın məni təhqir etməsi səbəbindən əsəbləşdim və ona “uşaqdı, gəlsin çıxsın başımıza” ifadələrini işlətdim”. 

Reyhanın ifadəsinə görə, baldızı və qaynanası getdikdən sonra həyat yoldaşının əsəbləşdiyini hiss edib. Zərərçəkmiş daha sonra məlum hadisənin baş verməsindən danışıb. 

Rehyan ifadəsinin sonunda əri ilə barışmadığını, ona ağır cəza verməsini istəyib. 

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Həmzənin aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top