Fəqan Əhmədov Ali Məhkəməyə müraciət etdi

KRİMİNAL 10 avq 2022, 14:37
Bakıda arvadını öldürməkdə ittiham olunan Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov kasasiya şikayəti verib. 

Demokrat.az xəbər verir ki, Fəqan Əhmədovun şikayəti Ali Məhkəmədə, hakim İlkin Rəcəbovun icraatına verilib. 

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

Fəqan Əhmədov kasasiya şikayətində barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fəqan Əhmədovun cəzası 7 ilə endirilib.

İttihama görə, ötən il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədovun mayın 30-da, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Fəqan Əhmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top