“Ermənistan təklənib və şok yaşayır” — ŞƏRH

GÜNDƏM 10 avq 2022, 12:20
“10 noyabr bəyannaməsində məlumdur ki, Zəngəzur dəhlizi barədə müddəa var. Bu, Laçın dəhlizi ilə paralel olaraq qarşılıqlı əlaqələrin, münasibətlərin qurulmasına hesablanmışdı. Həm də əsasən qardaş Türkiyə ilə əlaqələrin daha da inkişafı və Naxçıvanla daha rahat kommunikasiya xətlərinin bərqərar olması fonunda xalqların sülh prosesinə addım atması üçün iqitisadi əlaqələrin təməlinin qoyulması demək idi”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib. Onun sözlərinə görə, lakin Ermənistan vaxtı uzatmaqla ümid edir ki, güclər balansı dəyişə bilər:

“Guya onlar nə vaxtsa güclənib indiki, Azərbaycanın xeyrinə olan situasiyanı fərqli məcraya apara bilərlər. Ona görə də, Qarabağ ərazisindən 10 noyabr bəyannaməsinə əks olaraq silahlı dəstələrini çıxarmırlar, ara-sıra status və oxşar tələblər səsləndirirlər, ATƏT-in Minsk qrupuna ümid edirlər. Lakin qeyd etmək vacibdir ki, bu əsla mümkün olası məsələ deyil. Çünki torpaqların azad edilməsini və Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bütün dünya qəbul edir”. 



“Ermənistan bir növ təklənib və şok yaşayır. Çünki uzun illərdir, 1918 ci ildən bu yana havadarlarının arxa durması sayəsində həmişə öldürən, asan-kəsən, üstün gələn tərəf onlar olub. İndi isə birdən birə bu sındırıcı məğlubiyyəti həzm edə bilmirlər. Həmişə başqalarının tətikləməsi və arxa durması ilə nəyəsə nail olublar deyə, yenə də həmin güclərdən ümum gözləyirlər. Ancaq hədər olacaq. Çünki qardaş Türkiyə artıq elə bir gücə çevrilib ki, Ermənistana tarix boyu fitva verən Rusiya və Fransa belə Türkiyə ilə hesablaşır. Həmin dövlətlərə artıq məğlub Ermənistan yox, güclü, iqtisadi əlaqələr qurduqları Türkiyə daha çox lazımdır. Odur ki, Ermənistanın Azərbaycan tərəfin tələb etdiyi bütün təkliflərə boyun əyməsi labüddür. Başqa çıxış yolu da yoxdur. Sadəcə nə qədər vaxtında qərar versələr öz xeyirlərinə olacaq”. 

Politoloqun sözlərinə görə,  Azərbaycan onlara bütün mühüm təklifləri etməklə bölgədə sülhün qorunması, əlaqələrin inkişafı, hətta sülh müqaviləsinin mümkünlüyü faktorları nəinki Ermənistanı, hətta onlara arxa duran dövlətləri də çıxılmaz durumda qoyur:

“Yəni, ittiham etməyə başqa bir çıxış yolu qalmır. Azərbaycan bəyan edir ki, Qarabağda ermənilər Azərbaycan vətəndaşı olaraq yaşaya bilər. Hətta son günlər ermənilər Ermənistan vətəndaşlığından imtina edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirlər ki, bizi öz dövlətinizin vətəndaşlığına qəbul etməyinizi xahiş edirik. Bu kimi faktlar onu göstərir ki, zaman Ermənistanın yox, revanşistlərin deyil, məhz Azərbaycanın xeyrinə işləyir. Zəngəzur dəhlizinin açılmasına İran da müəyyən qədər narazılıq edir. Ancaq bu da hədərdir. Çünki bu məsələ artıq 10 noyabr bəyannaməsində əks olunanda İran səsini çıxarmamışdı. Ələlxüsus da ki, bu bəyannaməni imzalayan tərəflərin biri İranın da yaxın dostu Rusiya Federasiyasıdır. İran Rusiyayamı qarşı çıxır? Əsla, bu ola bilməz. Demək Zəngəzur dəhlizinə qarşı fikir söyləmək sadəcə nəbz yoxlamaq, əsəbləri tarıma çəkməkdən başqa bir şey deyil. Ümumiyyətlə, bu məsələnin həlli reallaşacaq, sadəcə öz vaxtı var. Əgər zaman uzanarsa Naxçıvanla alternativ yolların bərpası baş verəcək ki, bu da tam mümkündür. Odur ki, Ermənistan hələ fikirləşməkdə olsun, Azərbaycan isə onlar istəsə də, istəməsə də öz layihələrini reallaşdıracaq. Çünki biz qalib tərəfik, diktəni də biz edirik. 10 noyabr bəyannaməsinin bütün müddəaları tam həyata keçiriləcək. Azərbaycanın buna əzmi var. Sadəcə zaman məsələsi var. Zaman da bizim xeyrimizə işləyir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top