Deputat: “Hər kəs anlamalıdır ki, biz Ermənistanla qonşuyuq”

GÜNDƏM 09 avqust 2022, 17:53
“Erməni millətindən olan bəzi şəxslərin Azərbaycan vətəndaşlığını istəmələri ilə bağlı, Prezident İlham Əliyevə müraciət etmələrinə müsbət yanaşıram. Hesab edirəm ki, müəyyən prosedurlardan keçdikdən sonra onlara Azərbaycan vətəndaşlığının verilməsi doğru olardı”.
 
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, həmin şəxslərin fəaliyyəti, xalqımız əleyhinə hər hansı ağır cinayətlərdə iştirakı, əvvəllər Qarabağda yaşamaları və s. yoxlanıldıqdan sonra vətəndaşlıq verilə bilər:

“Ermənistanda doğulmuş, yaxud Yaxın Şərq ölkələrindən və digər ölkələrdən gətirilmiş ermənilərə birmənalı şəkildə imtina olunmalıdır. Təcrübə göstərir ki, bu kateqoriyadan olan ermənilər, daha çox millətçiliklə, xalqımıza qarşı aqressivlikləri ilə seçilirlər. Azərbaycan qanunlarını, dövlət atributlarını qəbul edənlərə vətəndaşlığın verilməsinin siyasi əhəmiyyətini də qeyd etmək yerinə düşər. Xalqımız beynəlxalq ictimaiyyət tərəfindən tolerant, multikural dəyərlərə hörmət bəsləyən xalq olaraq tanınır. Ölkəmizdə bir çox millətlərin nümayəndıləri qarşılıqlı hörmət, mehriban şəraitdə yaşayır. Müxtəlif millətlərin, dini konfessiyaların sülh şəraitində birgə yaşayışı, hər bir dövlət üçün mədəni zənginlikdir. Bu baxımdan, Qarabağda yaşayan ermənilərin də bu zənginlikdən bəhrələnməsi təbiidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan, zəif, qeyri-stabil, gələcəyi dumanlı Ermənistandan fərqli olaraq güclü, günü-gündən inkişaf edən, stabil dövlətdir:

“Digər tərəfdən, hər kəs anlamalıdır ki, biz Ermənistanla qonşuyuq. Bütün münaqişələrin sonu sülh danışıqları ilə yekunlaşır. Ona görə də, sülhü yaxınlaşdıracaq bütün vasitələrdən yararlanmaq lazımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top