“Bayrağımıza əl uzadanların əllərinin “kəsiləcəyinə” şübhəniz olmasın”

GÜNDƏM 05 avq 2022, 16:50
Ayrı-ayrı dövlətlərin və xüsusi xidmət orqanlarının Azərbaycan üzərində oynamaq istədikləri oyunları pozmaq üçün bir yumruq kimi birləşməyimiz lazımdır. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması birmənalı olaraq vandalizm aktıdır. Azərbaycan səfirliyinə hücum edən və dövlət bayrağımıza qarşı vandallıq edən “Mehdinin xidmətçiləri birliyi” adlı qurumun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. 

Belə ki, Azərbaycanın Londondakı səfirliyinə hücum edən “Mehdinin qulluqçuları” təşkilatının lideri Şeyx Yasir əl-Həbib öz avanturist baxışlarına görə Küveydə həbs edilmiş, 2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxıldıqdan sonra da öz əməllərindən əl çəkmədiyi üçün yenidən həbs olunacağını bildiyindən Küveytdən qaçmış və bir müddət İraqda daha sonra İranda gizlənməyə məcbur olmuşdur. Daha sonra isə Böyük Britaniyaya sığınaraq orda fəaliyyətini davam etdirmişdir.



Ayrı-ayrı ölkələrdə şəbəkələrə, böyük maliyyə imkanlarına malik olan bu qrupun arxasında mütləq şəkildə ayrı-ayrı dövlətlərin və xüsusi xidmət orqanlarının dayandığı gün kimi aydındır. Məqsəd din pərdəsi altında gizlənərək təfriqə salmaq, öz təxribatçı fəaliyyətləri ilə dinlər arası, eləcə də İslam inanclı insanlar arasında nifaq salmaqdan ibarətdir.

İndiki həssas məqamda, xüsusilə də Azərbaycanın mənfur düşmənə qarşı bir yumruq kimi birləşdiyi dönəmdə bu cür təxribatların baş verməsi heç bir halda təsadüf sayıla bilməz. Ölkəmizdəki bu birlikdən, dövlətimizin hər keçən gün daha güclənməsindən narahat olan ayrı-ayrı qüvvələrin hərəkətə keçdiyi açıq-aşkar görünür. Odur ki, mən hər kəsə, həm mömin bacı və qardaşlarımıza həm də təxribatlara uyaraq sosial şəbəkələrdə inanclı insanlarımızı hədəf alan yazılar yazan hər kəsə müraciət edərək ayrı-ayrı dövlətlərin sifarişi ilə fəaliyyət göstərən bu kimi qrupların təxribatlarına uymamağa çağırıram. İndi hər zamandan olduğundan daha möhkəm birliyə ehtiyacımız var. Üzərimizdə oynanılmaq istəyən oyunları yalnız bir olacağımız halda dəf edə bilərik və əminəm ki, bu belə də olacaq. Səfirlik ərazisinə hücum edən, bayrağımıza əl uzadanların isə cavabı mütləq şəkildə veriləcək. Uzantıları hansı dövlətə gedib çıxmasından asılı olmayaraq o əllərin “kəsiləcəyinə” şübhəniz olmasın”.     

Yusif Bağırzadə
Politoloq
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top