Deputat: “Ermənilərin boğazı Rusiyanın əlindədir”

GÜNDƏM 04 avq 2022, 16:11
“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatı Ermənistan sanki ancaq Azərbaycan üçün olunduğu kimi qəbul etmək istəyib. Torpaqlarımızın işğalı ilə bağlı 30 ildə hökm sürmüş cəzasızlıq mühiti Ermənistanı özünə arxayın etmişdi və hesab edirdi ki, bütün dünya ölkələri bunlara borcludur. Yəni, ermənilər üçün işğal, dağıtmaq, terrorlar və təxribatlar törətmək olar, Azərbaycan isə səsini çıxartmadan bütün bu özbaşınalıqlara dözməlidir. 

3 avqustda ordumuz qısa müddətli “Qisas” antiterror əməliyyatı apardı. Dəqiq atəş zərbələri ilə düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv etdi. Azərbaycan yenidən müharibə istəmir, amma öz haqqını heç kimə də tapdalamağa imkan verməyəcəkdir. Kimlərəsə arxayınlaşıb təxribat törədərək bir əsgərimizi öldürdülər. Şəhidimizə Allah rəhmət eləsin. Müzəffər Ordumuz dərhal hərbi tapşırıq aldı və əvəzini yüz qat çıxdı. 

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu nümayiş etdirmişdi. Düşmən nəticə çıxartmalı idi. Əgər yenə nəticə çıxartmazsa “Dəmir Yumruq” yerindədir. Ermənilər Azərbaycan ordusunun beynəlxalq normaları pozduğunu deyərək yenidən ağlaşma qurur və dünyaya car çəkməyə başlayıb. Torpaqlarımızın 20%-ni işğal edərək milli-mədəni abidələrimizi, yaşayış məntəqələrimizi və Qarabağın flora və faunasını məhv edərək dağıtdıqları zaman bunlar elə bilirdi ki, heç bir beynəlxalq normanı pozmurdular. Bunlar elə bilirlər ki, beynəlxalq hüquq və normalar ancaq Azərbaycan üçündür. Anlamaq istəmirlər ki, Azərbaycan heç bir beynəlxalq hüquq və normanı pozmur. Ordumuz özünün doğma torpağındadır və dövlət sərhədlərindən hələki kənara çıxmır. Rusiya sülhməramlılara isə ermənilərə dayaq durmaq üçün yox, iki ölkə arasında həllini gözləyən məsələləri dinc yolla yoluna qoymaq üçün vasitəçilik etməyinə icazə verdik. 

Əgər sülhməramlılar öz funksiyalarına aid olan məsələlərlə məşğul olsaydı, antiterror əməliyyatlara da ehtiyac qalmazdı. Çünki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən sülhməramlılar erməni silahlı tör-töküntülərin ərazilərimizdən çıxarıldıqdan sonra paralel yerləşməli idi. Sülhməramlılar bu tələbin icrasını təmin etmədi və sonradan əmələ gələn bütün problemlərin əsası da bundan sonra başlamışdır. Əgər rəsmi Moskva Cənubi Qafqazda sülhün yaranmasına töhfə vermək istəyirsə, ilk növbədə Ermənistanı imzalanmış sənədlərin icrasına məcbur etməlidir. Çünki, ermənilərin boğazı Rusiyanın əlindədir. Yox, əgər birtərəfli mövqe tutmaqda davam edərlərsə, Müzəffər Ordumuzun apardığı antiterror əməliyatları davamlı olacaq və Azərbaycan öz ərazilərini erməni hərbi ünsürlərdən təmizləmək iqtidarındadır.

Azər Badamov
Azərbaycan Respublikası Milli Məclisinin üzvü,
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top