Bloger Əvəz Hafizlini qətlə yetirən şəxsə 10 il 6 ay həbs cəzası istənildi

KRİMİNAL 25 iyl 2022, 18:28
Bloger Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevon cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, Əvəz Şıxməmmədovun qardaşı Təbriz Şəxməmmədov bildirib ki, qətli törədən Əmrulla Güləliyev onun ailə üzvüdür və zərərçəkmişin hüquqi varisi kimi onu bağışlayır.

T. Şıxməmmədov anasının da şikayətçi olmaması barədə məhkəməyə arayış təqdim edib.

Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi çıxış edərək, müvəkkili barəsində daha yüngül cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 29-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top