“Aİ-95” ilə “Aİ-92” benzini “sintez” etmək qənaətdir?

SOSİAL 20 iyul 2022, 21:59
Son günlərdə “Aİ-95” və “Aİ-98” oktanlı benzinin qiymətinin qalxmasından sonra premium markalı benzindən istifadə edənlər qeyri-adi “çıxış yolu” tapıblar. Onlar büdcəyə “qənaət” məqsədilə Aİ-95 ilə Aİ-92 markalı benzini qarışdırmağa başlayıblar. Bəziləri isə digər əlverişli yola əl atıblar. Benzinə müəyyən qatqılar əlavə edib, daha az yanacaq yandırırlar. Avtobloger Elgün Xıdırov Demokrat.az saytına müsahibəsində deyir ki, ən düzgün yol istehsalçının tövsiyə etdiyi yanacaqdan istifadə etməkdir.

“Qatqılardan biz effektiv istifadə edə bilərik.Bu zaman normal düzgün seçilən qatqı ilə oktan ədədini artırmaq olar.Amma nəzərə alaq ki,bu zaman yanacağın keyfiyyəti dəyişməyəcək.Amma fərqli oktanlı benzinləri qarışdırarkən məsələn 95 oktanlı və yaxud 98 oktanlı yanacağın keyfiyyəti daha yüksəkdir.Və bu zaman qarışımın keyfiyyəti 92-ə nisbətən daha yaxşı olacaq. Aşağı oktanlı benzindən istifadə edəndə nə baş verir? Detanasiya baş verir.Bu mühərrikə ziyandır. Digər bir ziyansa avtomobil yanacağın keyfiyyətinə görə alır,yəni 92 oktanlı benzin bizdə aşağı avtostandartına avro 2-ə cavab verir və burada benzinin tərkibində olan kükürddə digər aşınmalara səbəb olur.”
Bakı Dövlət Universitetinin Neft Kimyası və Komya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədovun sözlərinə görə, 92 və 95 oktanlı benzin neftdən rektifikasiya yolu ilə ayrıldığına görə onları bir-birinə fiziki olaraq qarışdırmaq mümkündü. Bu zaman heç bir təbəqələşmə yaranmır.



“Bu gün yanacaq doldurma məntəqəsindən əldə etdiyimiz 92 və 95 markalı benzinlərin bir biriylə qarışmasın baxsaq, görərik ki, heç bir təbəqəyə ayrılmadan söz gedə bilməz və bunlar bir-birinə qarışaraq həll olurlar. 95 markalı benzin daha yüngül benzin hesab olunur və Avropa standartlarına, yəni avrostandartlara-avro 5, avro 6 standartlarına hazırlanmış benzindir, xaricdən ölkəmizə gətirilir. Amma 92 benzin nisbətən ağır benzindir və bu benzinlərin həm sıxlıqları, həm özlülükləri, həm alışma temperaturları bütün fiziki parametrləri bir-birindən fərqlənir. Deməli, biz bunları qarışdıran zaman onda başqa bir növ əldə edirik və onun oktan ədədi də dəyişir.”

Fərqli oktanlı yanacaqları qarışdıran zaman isə nəqliyyat vasitəsinə ziyan dəyə bilər. Belə ki, avtomobilin gücü azalır, mühərrik daxili normadan artıq qızır və ondan çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır. Bu da o deməkdir ki,  sürücü benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq. 

Düzdü, bu gün qiymətlərin artması yanacaq sərfiyyatı mövzüsunu aktual edir. Ancaq mütəxəssislər deyir ki, əgər müəyyən qaydalara əməl edəriksə, problemin həlli qatqısız və əlavəsiz də mümkün olar.  Avtobloger Elgün Xıdırov belə deyir:


“Yanacaq sərfiyyatını artıran məsələ sürücünün sürüş tərzidi. O sürüş tərzini optimallaşdırsa, yanacaq normal işlənəcək. Digər səbəblər var. Məsələn, təkərlərdəki təzyiq. Bu belə, əgər istehsalçı tövsiyəsindən aşağı təzyiq istifadə olunsa yanacaq sərfiyyatı artacaq. Biz bilirik ki, avtomobillərdə kruis rejim var. Müəyyən optimal dövrlərdə bu 1500-2000 dövrlər arasında dəyişir. Hər bir avtomobilin ən optimal yanacaq sərf etdiyi dövrlərdir. Yəni, biz o dövrü aşarıqsa, yəni avtomobili yüksək dövrlərdə sürəriksə, avtomobil yanacaq sərfiyyatı artacaq.

Buna görə də, yaxşı olardı ki, hər bir yanacağı mövcud qaydalar çərçivəsində təyinatına uyğun istifadə edək ki, problemlə də üz-üzləşməyək.   


Gülçin Qorxmaz
Demokrat.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 11:49
02 avqust 2025, 11:04
Top