Vüqar Rəhimzadə: Media cəmiyyətin informasiya tələbatını ödəyərkən məsuliyyət hissini unutmamalıdır

MEDİA 20 iyl 2022, 16:54
“Bu gün ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların, o cümlədən azad mətbuatın inkişafı istiqamətində biri-birindən  əhəmiyyətli addımlar atılır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, mətbuatın inkişafı  hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir.

Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Azərbaycanda  internet azaddır, ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. İnternetin  azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür. Bəzi beynəlxalq hüquq müdafiə  təşkilatları hesabatlarında Azərbaycanı “qeyri-azad ölkə” kimi təqdim edəndə Azərbaycan dövləti onlara cavab olaraq bildirir ki, ölkəmizdə  internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu, medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərhəd, məkan, zaman tanımayan bugünkü qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Zamanın, dövrün tələblərinə  uyğun təkmilləşən, yeniləşən Azərbaycan mətbuatından ictimaiyyətin gözləntiləri hər zaman müzakirə olunan məsələlər sırasındadır. Bu müzakirələrin əsas mövzusu milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını həmişə uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin bu gün mətbuatdan gözləntisi isə  tarixi Zəfəri ilə dünyaya səs salan, adını çoxəsrlik tariximizə  qalib ölkə kimi yazan Azərbaycanın  postmünaqişə dövrünün reallıqlarını ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə  çatdırmaqdır.  Azərbaycanın tarixi həqiqətlərinin  təbliğində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirən mətbuatımızın  44 günlük İkinci Qarabağ müharibəsi zamanı  göstərdiyi  fədakarlıqlar dövlət başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti ötən il  Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində jurnalistlərlə görüşündə də bu kimi məqamlardan geniş bəhs edərək   hazırkı dövrün tələblərinin nədən ibarət olduğunu açıqladı.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnаlist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə onu da əlavə edib ki,  tarixi Zəfərimizin reallıqları bütün sahələrdə  islahatların dərinləşdirilməsini bir tələbə  çevirdi: “Şübhəsiz, cəmiyyətin güzgüsü olan mətbuat bu prosesdən kənarda qala bilməzdi. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı dövrün çağırışlarını, cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntilərini  özündə tam şəkildə ehtiva edib. Azərbaycanda  medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan həmin sənədə uyğun olaraq “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.”

Baş redaktor  mətbuatdan gözləntilərə diqqət yetirməyin  səbəbsiz olmadığını xüsusi vurğulayıb: “Son zamanlar  bir sıra mətbu orqanlarda  intihar halları ilə bağlı xəbərlərin geniş yayılmasını təəssüf hissi ilə qeyd edirik.  Yazının əvvəlində mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü diqqətə çatdırdıq. Bu halda   cəmiyyətə təqdim olunan  informasiyaların obyektivliyi ilə yanaşı, hadisələrin baş vermə səbəblərinin düzgün araşdırılmasına, yanlış şərhlərin ölkə ictimaiyyətində doğuracağı ajiotaja  diqqət yetirmək gərəkdir. Baxmayaraq ki, bəzi media subyektləri belə  səpkili informasiyalardan özlərinin   oxucu auditoriyalarını genişləndirmək üçün bir vasitə kimi bəhrələnməyə çalışırlar. Amma  bunun yaş kateqoriyasından asılı olaraq insanlarda,  cəmiyyətdə hansı fəsadları yaradacağını da  unutmamalıyıq. Bu informasiyalar sırasında daha çox  gənclərin intiharının qabardılması, ictimailəşdirilməsi həyəcan təbilinin çalınmasına səbəb olmaya bilməz. Bu baxımdan ki, hər gün bu səpkili informasiyaların  yükünün artırılması sanki belə halların baş verməsinin zəruriliyi barədə  rəy yaradır ki, bundan da əziyyət çəkən, zərbə alan gənclikdir. Bir mühüm məqamı da unutmayaq ki, istər yaşanan hər hansı bir hadisə, istərsə də mətbuat səhifələrinə çıxarılan informasiyaların   insanlar tərəfindən qəbulunda da fərqliliklər mövcuddur. Bu kimi tükürpərdici, narahatlıq doğuran  məlumatların  təqdim edildiyi auditoryanı da göz önünə gətirməyə böyük ehtiyac var.”

 Vüqar Rəhimzadə belə narahatlıq doğuran informasiyalar sırasında  son zamanlar bəzi qüvvələrin Vətən müharibəsi qazilərinin adından sui-istifadə etmək cəhdlərini qeyd edib: “Bu, danılmaz faktdır ki, tarixi Zəfərimizin  qəhrəmanları olan  şəhidlərimizin ailələrinə və qazilərə dövlətin diqqət və qayğısı davamlı xarakter daşıyır. Bunu əsaslandırmaq üçün istər onların sosial məsələlərinin, istərsə də  qazilərimizin sağlamlığı ilə bağlı problemlərinin həlli istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bəzi media orqanlarında yer alan intihar hadisələri arasında qazilərimizin də adlarının hallandırılmasının arxasında hansı niyyətlərin dayandığı məlumdur. Bu, baş verən hadisədən öz çirkin niyyətini həyata keçirmək üçün istifadə edənlər üçün adi görünsə də,  cəmiyyət  onların qəhrəmanlığı, şücaəti sayəsində Zəfər tariximizin yazılmasından keçirdiyi qürur hissi ilə paralel olaraq  böyük mənfiliklə qabardılan hadisələrin şokunu yaşayır.”

Baş redaktor  onu da əlavə edib ki, belə informasiyaların təqdimatında  jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı, haqlı olaraq ictimai qınağa səbəb olur: “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin bu günlərdə yaydığı açıqlamada vurğulanır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.”  

Vüqar Rəhimzadə medianın uşaqlara münasibətində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməsinə çağırışların əsas yer tutduğunu bildirib: “Ümumilikdə unutmaq  olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. Bu, o demək deyil ki, baş verən hadisələrə laqeyd yanaşılır, sıradan bir olay kimi qəbul olunur. Sadəcə intihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları təqdim edərkən medianın ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşılmalı, peşəkar həssaslıq nümayiş  etdirilməlidir. Hər bir məsələnin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulması əsasdır. Belə halların baş verməməsi üçün onları mətbuat səhifələrinə çıxarıb ictimailəşdirmək yox, baş verənlərin səbəblərinin araşdırılması, belə hallara yox demək üçün maarifləndirici tədbirlərin işıqlandırılması, təhlili yazıların verilməsi gərəkdir. Hər bir mətbu orqan qarşısında dayanan prinsiplərə əməl edib, ictimaiyyətin informasiya tələbatını onun gözləntiləri fonunda ödəməklə  daha böyük rəğbət qazanar. İntihar hadisələrinin təbliği vasitəsilə  oxucu auditoriyasını  genişləndirmək  cəhdi heç bir media subyektinə başucalığı gətirməz.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top