Professor: “Bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir”

SOSİAL 18 iyl 2022, 18:54
“Son günlər BA.4 və BA.5 ştammına yoluxmada artım müşahidə edilir. Bunu bəziləri “COVİD 19” pandemiyasının 7-ci dalğası kimi dəyərləndirir. Madridin regional Səhiyyə Naziri Antonio Sapatero, Omikronun bu variasiyasını, hətta Covid-22 adlandırır. İddia olunur ki, bu ştammların kontagiozluğu çox yüksəkdir və formalaşmış immunitet onları tanımır. Odur ki, yeni vaksinlər yaradılmalı, insanlar 4-cü, 5-ci və s. dəfə peyvənd olunmalı, qadağalar tətbiq olunmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor qeyd edib ki, əslində elmi təhlil bunun əksini sübut edir:

“Pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, “mütləq təhlükəlilik həddi” sayılan 2 əsas parameter ilə yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı ilə dəyərləndirilir. Sönməsi 4 fəsli növbələşmə müddətilə dəyərləndirilən viral pandemiyaların başa çatmasının əsas şərti, məlum virusun dövrü mutasiya edərək, xələfləri sələfindən yoluxduruculuq qabiliyyətinin artması fonunda, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir. Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, yeni mutantı, formalaşan immunitetin tanımaması tamamilə qanunauyğun bir haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın”. 

M.Qəniyev qeyd edib ki, bu təbiətin hakim “birgə yaşam” qanunudur:

“Yəni, mütləq haldır. Bütün pandemiyalar zamanı belə olmuşdur və belə də olacaqdır. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda vardır və bizimlə simbioz yaşayır. Və ya zamanında öldürücü, hazırda isə, unudulmaqda olan ebola virusu və s. Odur ki, BA.4 və BA.5 ştammına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir və keçir. Bu ştammların hətta hansısa bir ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır. Belə bir şey ola bilməz. Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top