“Azərbaycanda meşə yanğınları bizim üçün çox böyük faciədir”

GÜNDƏM 17 iyul 2022, 21:59
Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin "ağ ciyəri" və oksigen mənbəyi hesab olunur.  Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir. Yaşıllıq olmasa, nəinki insanlar, bütün canlılar məhv olar. Lazım gəlmədikdə ağacları qırmaq, bitki aləminə zərbələr vurmaq insanların sağlamlığına, hətta həyatına təhlükə yaradır. Mütəxəssislər bildirir ki, ağacların qırılması minlərlə heyvan və bitkilərin, əkilmiş kənd təsərrüfatı məhsullarının məhv olmasına, iqlimin dəyişkənliyinə səbəb olur. 

Son zamanlar dünyada ən aktual məsələlərdən biri də meşə yanğınlardır. Meşə yanğınları demək olar ki, planetin əksər ölkələrində rast gəlinməkdədir. Son günlər Xaçmaz və Şabranda, eləcə də digər rayonlarda baş qaldıran meşə yanğınları gündəmi zəbt edib. İndiki halda, belə bir sual yaranır. Meşə yanğınlarının baş verməməsi üçün hansı zəruri addımlar atılmalıdır və bu təhlükədən necə qorunmalıyıq?

Ekoloq Xosrov Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, son illər ölkəmizdə ekoloji vəziyyət və onun sağlamlaşdırılması ilə əlaqədar müxtəlif tədbirlər görülür. Ekspert əlavə edib ki, ətraf mühitin, atmosfer havasının qorunması, eləcə də yeni yaşıllıq zolaqlarının salınması sahəsində ardıcıl iş aparılır:

“Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Lakin ölkəmizdə də meşə yanğınlarına rast gəlinməkdədir. Meşə yanğınları əsasən ehtiyatsızlıqdan olur. Çünki təbiətdən düzgün davranış qaydaları var və bunlara mütləq şəkildə əməl olunmalıdır. Son illər havanın isti və quraq keçdiyi bir dövrdə, adicə bir yanğının baş verməsi böyük fəlakətlərə gətirib çıxara bilər. Çünki dağlarda yanğını söndürmək problemdir, maneə yaradır”. 

Ekoloqun sözlərinə görə, hazırda dünyada qlobal istiləşmə gedir və bunu artıq bütün dünya qəbul edib:

“Qlobal istiləşmə nəticəsində quraqlıq ərazilər artır. Azərbaycan da meşə sahəsi çox az olan ölkər sırasındadır. Təxminən 12 faiz meşə ərazimiz var, dünyanın orta göstəricisi isə 30 faizdir. Yəni, dünya göstəricisindən dəfələrlə aşağıyıq. Belə olan halda meşə yanğınlarının olması artıq ekoloji fəlakətdir. Ümumiyyətlə, meşələrin yanması ekosistemə güclü təsir göstərir ki, bu da havanın daha çox istiləşməsinə səbəb olur. Bu cür proseslər bütün canlılara da mənfi təsir edir. Hətta, faydalı balıqların əvəzinə daha ziyanlı, faydalı olmayan balıqların sayı artır, həşəratların özündə müəyyən xırdalaşma baş verir. Yəni, təbiətdə iqlim dəyişikliyinə səbəb olur. Ona görə, Azərbaycanda meşə yanğınlarının olması bizim üçün çox böyük faciədir”.

X.Musayev qeyd edib ki, digər bir məsələ kimi ölkədə turizm sektorunu düzgün təşkil etmək vacibdir:

“Çünki yay aylarında hamı istirahət üçün dağa gedir. Əgər həmin dağlarda yanğın baş verərsə, bu böyük fəlakətə səbəb ola bilər. Ölkəmizdə kütləvi turizmə çox üstünlük verilir. Hesab edirəm ki, müəyyən formada bizdə onları da normal təşkil etmək lazımdır. Təsəvvür edin ki, Lahıca gündə 2-3 min adamın getməyi həmin təbiətin yüklənməsinə səbəb olur. Ona görə də, bu sahədə işlərin görülməsinə böyük ehtiyac var. Bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Ölkəmizdə təbiətdən davranma qaydalarına düzgün əməl olunmalıdır. Çünki bizdə ancaq ehtiyatsızlıqdan, qəsdən meşə yanğınları baş verə bilər. 

Qeyd edim ki, Azərbaycanın vaxtilə 50 faizi demək olar ki, meşə örtüyü olub, lakin sonradan bu rəqəm aşağı düşüb, əsasən də Çar Rusiyası dövründə qırıb, hamısını məhv ediblər”.

Ekoloqun fikrincə ki, meşədə fermaların olması o meşənin məhvi deməkdir:

“Gələcəkdə meşə sahələrinin artırılmasına fikir vermək lazımdır. “Nəsimi  ili”ndə  650 min ağac əkildi, ancaq bu qədər əkməyimizə baxmayaraq, yenə də o qədər qırmışıq ki, bu heç 1 faiz belə etmir. Ona görə də, istəyiriksə sağlam mühitdə olaq, sağlam gələcəyimiz olsun təbiətimizi qorumalıyıq. Ekologiya elminin məqsədi indiki və gələcək nəsil üçün təbiəti qoruyub saxlamaqdır. Biz bu gün həm də gələcək nəslin qayğısına qalmalıyıq. Əgər bunu etmiriksə, gələcəyimizə qəsd edirik. Qeyd edim ki, təbiətə vurulan ziyan bumeranq kimi özümüzə qayıdır. Bütün bunlar sağlamlığımızı əlimizdən alır. Ona görə də, meşələrin yanmasının qarşısını almalıyıq, bunun üçün ciddi ehtiyatsızlıq tədbirləri görməkliyik, bir də meşə sahələrini artırmalıyıq. Çünki bunlar təbii meşələrdir, əgər dağda meşə yanırsa, biz təzədən orada əkəsi deyilik. Ümumiyyətlə, meşələrin əmələ gəlməsi çətin məsələdir. Məsələn, adicə bir ağac əkirsən miniimum 5 il ona gərək qulluq edəsən və kölgə salana kimi onun suvarılmasını aparılmalıdır, yəni sanki bir uşağı böyüdürsən. Ona görə də, təbiətimizi, meşələrimizi, ekologiyamızı qorumalıyıq”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında son vaxtlar dünyada meşə yanğınlarının kəskin şəkildə artdığını vurğulayıb. Ekspert qeyd edib ki, son illər dünya miqyasında çox geniş şəkildə meşələrin yandırıldığının şahidi olmaqdayıq:

“Amazon meşələri, Sibir meşələri, Avstraliya meşələri, Kaliforniya meşələri, hətta Afrikada böyük meşə sahələri yandırıldı. Təbii ki, bunların əksəriyyəti qəsdən törədilən yanğınlardır. Ümumiyyətlə, meşə yanğınları iki səbəbdən baş verir. Birinci səbəb qlobal qüvvələr bunu qəsdən aparırlar, məqsədli şəkildə yandırırlar. Bir çox yerlərdə sübut olundu ki, bu yanğınlar sünidir. İkinci səbəb isə insanlar istirahət zamanı təhlükəsizlik qaydasına riayət etməməsi ilə bağlıdır. Ocaq mənbəyini qoyub getmək, yaxud nəzarət etməmək, belə halların az olsa təsiri də var. Təbii proseslərdən, günəş şüalarının qıcıqlandırdığı hansısa maddələr var ki, bəzi ağaclarda təbii olaraq bəzi  hallarda alışmaya səbəb olur, ancaq bunlar az bir hissədir. Əsasən bu meşələrin yandırılması qəsdəndir. Ona görə də, meşələrin qorunması ilə bağlı aidiyyatı orqanlar nəzarəti artırmalıdırlar. Ekologiya Nazirliyi xüsusilə meşə sahələrində nəzarəti gücləndirməlidir. Kənar şəxslərin yoxlanması, baxılması, kimlər hara gedir, nə edir. Çünki biz Türkiyədə gördük ki, öyrədilmiş şəxslər xarici qüvvələr tərəfindən qəsdən Türkiyənin böyük ərazilərinin meşə sahələrini tamamilə yandırdılar”. 

E.Bayramlı hesab edir ki, bu məsələ qlobal məqsədlər dayanır:

“Əsas məqsəd qlobal istiləşməni sürətləndirməkdir. Keçən il və bu il baş verən meşə yanğnları qlobal istiləşməni, quraqlığı artırıb. Dünyadakı ərzaq böhranının 90 faiz səbəbi sırf quraqlıq və qlobal istiliyin yaranması ilə bağlıdır. Yalnız 10 faizinə hansısa müharibələr, münaqişələr təsir edə bilir”.
 
Ekspertin zənnincə, hər bir bölgəyə nəzarət qeyri-mümkündür:

“Ümumiyyətlə, insanlarımız həm özlərinə, həm də aşqalarına nəzarət etməlidirlər. İstirahət edərkən vəhşi təbiətdə, meşələrdə hər hansı yerlərdə mümkün qədər çalışılmalıdır ki, həm özləri ocaq mənbəyi qoymasın, həm də digər şəxslərin hərəkətinə nəzər yetirsinlər. Azərbaycan onsuz da meşə sahəsinin az olduğu ölkələrdəndir. Bizdə təxminən 10 faiz civarında meşə sahəsi var ki, bu da çox aşağı göstəricidir . Ancaq getdikcə də bunu da itiririk. Təkcə yanğınlar nəticəsində yox, quraqlıq nəticəsində də itiririk, bir tərəfdən də şoranlaşma, keçəlləşmə gedir. Müəyyən dağlarda, təpələrdə seyrəllik gözlə görünür. Bu da dağ çaylarının, bulaqların quruması ilə bağlıdır. 

Həmçinin, heyvanların meşə sahələrində otarılması da prosesə təsir edir, çünki heyvanlar yerdən çıxarılan pöhrələri yeyirlər, ağacların yeni pöhrələrini yeyirlər. Nəticədə meşələrin yenilənməsi getmir. Artıq 20 ildən sonra ağaclar quruyanda yeniləri artıq çoxalmayacaq. Bu da meşə sahələrinin məhv olmasına gətirib çıxarır”.

“Daha bir səbəb də meşə sahələrinin turizm müəssisələri tərəfindən tutulmasıdır. Restoranlar, turizm müəssisələri meşə sahələrini qıraraq və yaxud da oranı icarəyə götürərək qanunsuz formada bu meşələrə ziyan vururlar. Bunların qarşısı alınmalıdır. Çünki məsələ təkcə yanğınlarla bağlı deyil, həm də bu kimi səbəblər bizim meşə sahələrinin itirilməsinə çox böyük təsiri var. Yaxşı olardı ki, aidiyyatı orqanlar bu sahəyə nəzarəti artırsınlar. Təbii ki, meşələr xalqındır, istənilən vaxt istirahət etmək hüququ var hər kəsin. Amma onlar təhlükəsizlik qaydalarına riayət etməlidir, nəzarətçilər baxmalıdır. Ən azı yoxlamalıdır, ölkə vətəndaşıdır, xaricidir, nə məqsədlə gəlib, bütün bunlar nəzarət olunmalıdır. Eyni zamanda, meşə yanğınlarının söndürülməsinə həmişə hazır vəziyyətdə olmalıdırlar ki, nəsə baş verəndə böyük miqyas almamış təcili aradan qaldırılsın, əks halda biz getdikcə təbii şəraitimizi itirəcəyik. Azərbaycan səhralaşmaya doğru gedir, bir az da nəzarət etməsək, özümüz məhv eləsək 5-10 il müddətində ölkə pis vəziyyətə düşə bilər” - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - “Ekologiya və ətraf mühitin mühafizəsi” 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top