
Mətbuatda Azərbaycanda Aİ-95 premium markalı və Aİ-98 super markalı benzinin qiymətinin dəyişməsinin qaçılmaz olduğu barədə müəyyən fikirlər yer almaqdadır.
Bəs, belə rəylərini yaranmasını, qiymət dəyişikliyini şərtləndirən hansı amillər mövcuddur? Dünyada baş verən proseslər fonunda bu markadan olan benzinlərin qiymətində artıma getməmək nə dərəcədə mümkündür?
Bu barədə fikir yürüdərkən, ilk növbədə nəzərə almaq lazımdır ki, adıçəkilən markadan olan benzinin qiymətinin dəyişməsi bilavasitə həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsi ilə birbaşa bağlıdır. Yəni dünya bazarında premium markalı benzinin qiymətində baş verən artım istər-istəməz ölkəmizdə bu markadan olan benzinlərin qiymətində dəyişiklikləri şərtləndirən əsas amil kimi çıxış edir. Bəllidir ki, Azərbaycanın daxili bazarında Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur və analoji benzin növləri ölkəyə idxal edilir. Bir sözlə, idxal qiymətləri xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq dəyişikliyə məruz qalır.
Kimdəsə, sual yarana bilər ki, Azərbaycan dövləti bu markadan olan benzinlərin ölkəmizdə istehsalı üçün niyə hansısa addımlar atmır? Qısa haşiyə çıxıb məlumat üçün bildirək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurulması layihəsi həyata keçirilir. Rəsmi xəbərlərə əsasən, bu layihə çərçivəsində cari ildə Avro-5 standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı mümkün olacaq. Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona qədər yüksələcək. Bu isə Azərbaycanın idxaldan asılılığını əhəmiyyətli dərəcədə aradan qaldıracaq.
İndiki halda isə reallıq budur ki, dünyadakı qiymət artımından yan qaçmaq mümkün deyil. Ötən ildən etibarən neft qiymətlərinin dünya bazarlarında kəskin artımının hamımız şahidiyik. Bu isə idxal qiymətlərinə təsir göstərən ən böyük faktordur.
Konkret rəqəmlərə və statistik məlumatlara istinad etsək, dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124%, ötən 1 ildə isə 68% artıb. 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzin 1,60 AZN/litr-dən satılır. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7% və ya 0,10 AZN çoxdur. Bütövlükdə dünyada Aİ-95 markalı benzinin orta satış qiyməti 1,47$/litr təşkil edir.
Öncə Azərbaycana qonşu olan ölkələrdəki duruma nəzər salaq.
- Gürcüstanda Aİ-95 benzinin qiyməti 1,348$/litr,
- Ermənistanda 1,274$/litr,
- Türkiyədə 1,506$/litr,
- Rusiyada isə 0,962$/litr təşkil edir.
Türkiyədə 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2% artıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%, Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.
Mənbə: Trading Economics, GlobalPetrolPrices.com
Kimsə o fikri önə çəkə bilər ki, Azərbaycan neft istehsalçısı olan ölkədir və ona görə də istehsalçı olmayan dövlətlərlə müqayisə doğru deyil. İş burasındadır ki, dünyanın inkişaf etmiş, ən böyük neft hasilatçısı olan ölkələrdə də durum eynidir. Misal üçün ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7% artaraq 1,33$/litrə yüksəlib və bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir.
2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 oktan benzinin satış qiyməti müvafiq olaraq 22,7% və 25,3% artıb.
Avropa ölkələrində Aİ-95 oktan benzinin qiyməti
Mənbə: GlobalPetrolPrices
Bütün bu sadalananlar ümumi mənzərəyə tam aydınlıq gətirir.
Beləliklə, Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiymətinin dünya ortalamasından 2,5 dəfə aşağı olduğu danılmaz faktdır. Diqqət etsək görərik ki, 2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neft qiymətləri təqribən 65% artsa da, Azərbaycanda əhalinin sosial müdafiəsi nəzərə alınaraq analoji markalı benzinin qiyməti stabil olaraq qalıb. İdxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq uzun zamandır təchizatçılar tərəfindən qarşılanır. Amma bunu uzun müddət saxlamağın iqtisadi baxımdan mümkün olmadığını anlamalıyıq. Dünya bazarında neft qiymətlərinin, habelə qlobal inflyasiyanın yüksəlməsi fonunda daşıma xərclərinin artması idxal maliyyətlərinin yüksəlməsinə, nəticədə təchizatçıların bu istiqamətdə yükünün artmasına gətirib çıxarır.
Azərbaycana Aİ-95 və Aİ-98 oktan benzin Xəzəryanı və Avropa ölkələrindən idxal edilir. Və göründüyü kimi, hazırda Aİ-95 və Aİ-98 markalı benzinin idxal qiymətləri pərakəndə satış qiymətlərindən daha yüksəkdir.
Mümkün qiymət dəyişikliklərinin əhaliyə təsiri üzərində dayansaq, qeyd olunan markadan olan benzindən istifadə edənlərin sayının çox olmadığını görərik. Belə ki, ümumilikdə ölkə üzrə yanacaq istehlakının cəmi 9%-ni Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Yəni, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən yararlanır.
Hazırda ölkədə istehlak olunan benzinin növlərinə görə bölgü belədir:
- Aİ-92- 91.0%
- Aİ-95- 8.8%
- A-98” - 0.2%
Məlumdur ki, Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunur. Və bu növ yancaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir. Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq, Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti də dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin orta satış qiyməti 1,43$/litr təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir. Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43%, Rusiyadan 102%, Gürcüstandan 236%, Türkiyədən isə 238% daha ucuzdur.
Mənbə:https://www.globalpetrolprices.com/diesel_prices/ https://autotraveler.ru/en/armenia/trend-price-fuel-armenia.html#.Ysszbp5BxPY
2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb.
2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4%, Türkiyədə 57,8% Gürcüstanda 59,8%, Rusiyada isə təqribən 70% artıb.
Mənbə: https://www.globalpetrolprices.com/diesel_prices/
Beləliklə, dövlətin əhalinin böyük əksəriyyətinin istifadə etdiyi Aİ-92 markalı benzinin və dizelin qiymətinin aşağı olması siyasətinə sadiq qaldığını görürük.
Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az