Quşçuluq təsərrüfatları ixtisaslı laboratoriya ilə əməkdaşlığa başlayır — FOTO

GÜNDƏM 06 iyl 2022, 22:02
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) ilə Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, tərəflər arasında bu əməkdaşlığa imkan verəcək memorandum imzalanıb.

APEPEA üzvləri BETİ-yə məxsus müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya ilə tanış olublar. BETİ-nin direktoru Sialə Rüstəmova quşçuluq təsərrüfatlarına quş xəstəliklərinin diaqnostikası, quş ətinin analizi, təsərrüfatlarda çalışan baytar həkimlərə təlimlərin keçirilməsi və sair istiqamətlərdə Assosiasiyaya dəstək verməyə hazır olduqlarını bildirib. 




APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda qeydiyyatdan keçmiş əsas laboratoriyalardan biri ilə əməkdaşlığın quş əti istehsalçılarına geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, bir sıra hallarda tələblərə cavab verməyən kəsim məntəqələrində kəsilərək ölkə bazarlarına çıxarılan toyuq ətinin keyfiyyət və təhlükəsizlik parametrlərinə görə yoxlanması zərurəti yaranır. Bu kimi hallarda BETİ-nin laboratoriyasının xidmətlərindən yararlanmaq bazarlara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını vaxtında almağa imkan verəcək.




İmzalanmış memoranduma əsasən APEPEA və BETİ təsərrüfat subyektlərində quşların saxlanması, bəslənməsi, xəstəliklərə qarşı diaqnostiki müayinələrin aparılması, məhsuldarlığın yüksəldilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə qərar veriblər. Bundan əlavə, tərəflər təsərrüfat subyektlərində riskləri qiymətləndirməklə epizootoloji sabitliyin qorunması, sağlamlaşdırıcı tədbirlərin vaxtında aparılması, profilaktiki vaksinasiyadan sonra immunitetin yoxlanılması məqsədi ilə aşağıda qeyd olunan monitorinq və diaqonstik müayinələrin aparılmasında razılığa gəliblər:

- vaksinasiya aparılan xəstəliklərin seromonitorinqinin təşkili;

- xüsusi təhlükəli xəstəliklərin PZR müayinəsi; 

- mikrobioloji müayinələrin aparılması; 

- biotəhlükəsizlik təlimlərinin təşkili; 

- quşçuluq müəssisələrinin elmi əsaslarla idarə edilməsi və elmi-tədqiqat işlərinin aparılması.


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top