Deputat: "Qoşulmama Hərəkatı çərçivəsində ən ciddi töhfələri məhz ölkəmiz verir"

DAXİLİ SİYASƏT 06 iyl 2022, 11:56
"Qoşulmama hərəkatı həm əhatə etdiyi dövlətlərin sayına görə, həm də nüfuzuna görə kifayət qədər böyük bir platformadır."

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elşad Mirbəşir oğlu deyib. Deputat qeyd edib ki,  Qoşulmama hərəkatının əsasında duran Bandunq prinsipləri müasir beynəlxalq və ya dövlətlərarası münasibətlərin ən konstruktiv elementlərin formalaşmasını şərtləndirir:

"Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama hərəkatının üzvüdür. Hərəkata qoşulduğu ilk vaxtlardan Bandunq prinsiplərinə uyğun fəaliyyətin təşviq olunması, praktiki addımların atılması məsələsində Azərbaycan hər həssaslıq nümayiş etdirib. Hərakat çərçivəsində Azərbaycan hər zaman böyük dəstəyə sahib olub. Belə ki, Qoşulmama hərəkatının Zirvə toplantılarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti açıq mətnlə pislənilib. Bundan başqa, Azərbaycanın təşəbbüsləri də böyük həssaslıqla qarşılanıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüs üzv ölkələrin qanunverici orqanları arasında da əməkdaşlıq imkanlarının təmin olunmasına xidmət edir. Bu, bir daha sübut edir ki, Qoşulmama Hərəkatı çərçivəsində ən ciddi töhfələri məhz Azərbaycan Respublikası verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı Azərbaycanın təşəbbüslərini ayrıca olaraq qeyd etdi. Parlamant şəbəkəsi ilə yanaşı, Azərbaycanın digər mühüm təşəbbüsləri də ölkə Prezidenti tərəfindən xatırladıldı. Məsələn, Azərbaycanın mühüm təşəbbüslərindən biri də Gənclər Şəbəkəsinin yaradılması ilə bağlıdır".

"Gənclər Şəbəkəsi yaradılarsa, Qoşulmama Hərəkatına üzv olan ölkələrin gəncləri arasında təmasların qurulması və beləliklə də, əlaqələrin və münasibətlərin inkişafı üçün əlavə elementlərin təmin olunması baş verəcək. Azərbaycan Prezidenti  Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması ilə bağlı da Azərbaycanın təşəbbüsünün olduğunu vurğuladı. Göründüyü kimi, Qoşulmama Hərəkatı sıralarında Azərbaycanın olması bütövlükdə təşkilatının fəaliyyətinin səmərəliliyinə çox ciddi təsir göstərməkdədir. Bu reallıq Hərəkata üzv olan ölkələr tərəfindən də qəbul olunur. Belə ki, Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda baş tutmuş Zirvə toplantısından sonra sədrliyi öz üzərinə götürdü. 2019-2022-ci illər üçün sədrlik dövründə Azərbaycanın Hərəkat çərçivəsində çoxsaylı təşəbbüsləri oldu. Nəzərə almaq lazımdır ki, Azərbaycanın sədrlik dövrü olduqca mürəkkəb bir mərhələyə təsadüf etdi".

"Pandemiya dövründə Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin təmsas qrupunun toplantısnın keçirilməsinə nail oldu. Bu toplantı birbaşa pandemiya ilə mübarizəyə həsr olunmuşdur. Həmin toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi toplantısnın keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Qısa zaman kəsiyində Azərbaycan Prezidentinin təşəbbüsü BMT üzvü olan dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi. Xatırlatmaq lazımdır ki, BMT BA-nın xüsusi toplantısı tarixdə çox nadir hallarda keçirilib. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsünün çox qısa zaman kəsiyində böyük dəstək alması hər şeydən öncə onun nüfuzunun böyüklüyünün göstəricisidir. Pandemiya dövründə Azərbaycanın 80-dən artıq ölkəyə maddi yardım və humanitar dəstək göstərdiyi də Prezident tərəfindən qeyd edildi. Bütün bunlar bir daha sübut edir ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Respublikası olduqca səmərəli fəaliyyət göstərməkdədir. Hərəkata Azərbaycanın daha bir il müddətinə sədrlik etməsi ilə bağlı müraciət təbii ki, qeyd olunları bir daha isbat edir. Hazırkı mərhələdə isə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də öz çıxışında səsləndirdiyi kimi, parlament diplomatiyası və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində də Azərbaycan təşəbbüsləri maraqla qarşılanır və dəstəklənir". 

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı növbəti dəfə Ermənistanın ölkəmizə qarşı həyata keçirmiş olduğu işğalçılıq siyasətindən və xalqımıza qarşı törətmiş olduğu cinayətlərdən bəhs etdi:

"Azərbaycanın mədəni və tarixi irsinə qarşı ermənilərin törətdikləri vandallığı xatırlatdı. Ən vacib məqamlardan biri həm də ondan ibarət oldu ki, cənab Prezident Minsk qrupunun fəaliyyətinə olduqca obyektiv qiymət verdi. Fəaliyyətdə olduğu 30 il ərzində Minsk qrupu münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atmadı. Onun məqsədi statuv-kvonu saxlamaqdan ibarət idi. Bu da nəticədə Azərbaycan torplaqlarının Ermənistan tərəfindən mənimsənilməsinə xidmət edirdi. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Azərbaycan öz haqlı mövqelərini dünyaya qəbul etdirdi. Ermənistana bütün dəstək cəhdlərinə baxmayaraq, vəziyyət Azərbaycanın tam nəzarəti altındadır və ölkəmiz öz güc mövqeyini daha möhkəmləndirməkdədir. Bütün bunlar bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatı platformasında haqlı mövqelərimizi və milli maraqlarımızı inamla qoruyur və üzv ölkələrin də dəstəyini alır".

Aynurə Pənahqızı
Demokrat.az  





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avq 2022, 18:52
11 avq 2022, 18:39
Top