“Xəzər dənizinin ən aşağı səviyyəsinə çatmağa 80 santimetr var” — Umayra Tağıyeva

SOSİAL MEDİA 05 iyl 2022, 23:09
Dünyada iqlim dəyişmələri prosesi sürətlə baş verir və böyük fəsadlarla nəticələnir. Azərbaycanda da iqlim dəyişmələri ilə bağlı anomal hidrometeoroloji hadisələrin artımı müşahidə olunmaqdadır. Biz bunu gündəlik həyatımızda da müşahidə edirik. Bu ilin iyununda 18 sel-daşqın hadisəsi baş verib. Hansı ki, 1961-1990-cı illər arasında, yəni iqlimin nisbətən sabit dövründə belə hadisələr ümumiyyətlə ildə 4-5 dəfə qeydə alınırdı.

Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransın media tərəfdaşı olan xəbər verir ki, bunu tədbir zamanı jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmətin rəisinin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi son 15 il ərzində 1 metr 45 santimetr enib: “Düzdür, yüzillik dövr ərzində müxtəlif tərəddüdlər müşahidə olunurdu. Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsinin dəyişilmə amplitudası üç metrə qədərdir. Buna baxmayaraq, hazırkı səviyyə tərəddüdləri məhz sürətlə dəyişən iqlim fonunda baş verir. Ən aşağı səviyyə son 100 ildə müşahidə olunub və 1977-ci ildə qeydə alınıb. Həmin səviyyəyə çatmağa qədər hələ ki, 80 santimetr var. Lakin son 10 ildə iqlim dəyişmələrinin daha sürətlə baş verməsi narahatlıq hissi yaradır. Məhz buna görə də Xəzəryanı ölkələrin hökumətləri, alimləri, eyni zamanda, bu sahədə fəaliyyət göstərən mütəxəssislər ciddi narahatlıqlarını ifadə edirlər.

Məlum olduğu kimi, iqlim dəyişmələri üzrə müxtəlif ssenarilər mövcuddur. Bugünkü tədbirin əsas məqsədi Xəzəryanı ölkələrin alimləri, mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, Xəzər dənizinin səviyyə tərəddüdləri üçün daha real iqlim ssenarisini seçmək və milli uyğunlaşma planları ilə yanaşı, bu məsələyə regional uyğunlaşma yanaşmasını tətbiq etməkdir. Bu baxımdan konfransın əhəmiyyətini yüksək qiymətləndirirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top