Laçında nə baş verir? — Əməliyyatı zəruri edən səbəblər

GÜNDƏM 02 iyl 2022, 15:39
Bakı Qarabağda məcburetmə əməliyyatı keçirə bilər. Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, baş verən proseslər və hadisələrin mümkün inkişafı bu zərurəti aktuallaşdırır.

Erməni ordusunun qalıqları muzdlularla əvəzlənir

10 noyabr razılaşmasının 4-cü bəndinin icrası – erməni qoşunların çıxarılması – tələbi gündəmdə olduğu vaxt Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Saak Saakyan bildirdi ki, Qarabağda erməni “müddətli hərbi xidmətçilər” “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları” ilə əvəzlənəcək.

Saakyan bunu “müddətli hərbçi xidmətçilər”in valideynləri ilə görüşdə deyib və bu, erməni əsgərlərin validenylərini sakitləşdirmək məqsədi daşıyır. Çünki 44 günlük müharibədən sonra Qarabağda qalan erməni ordusunun qalıqları bölgədən çıxarılmadığı kimi, yeni çağırışçılar olmadığı üçün “müddətli hərbi xidmətçilər” əvəzlənməyib və onların valideynləri davamlı şəkildə etirazlar edir. Bu kontekstdə Saakyan valideynləri sakitləşdirir, onlara ümid verir. Hərçənd, bununla iki məsələni də etiraf etdilər:

Birincisi, Azərbaycan ərazisində erməni ordusunun qalıqları hələ də var: İrəvan erməni ordusunun qalıqlarını çıxarmamaq üçün bu faktı təkzib etməyə çalışır, oradakı əsgərlərin separatçı-terrorçuların “ordusu” olduğunu deyirdi.

İkincisi, erməni əsgərləri Qarabağdan çıxarmaq istəyən Ermənistan onları daha peşəkar olan “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları” ilə, yəni muzdlularla əvəzləmək niyyətindədir və bununla nəinki 4-cü bəndi icra etməyəcəklərini, hətta Azərbaycan ərazisində yeni “qoşun növü” yaratmağı planlaşdırdıqlarını da dilə gətirirlər.

Bəyanatın 4-cü bəndinin icra edilməməsi sərhədin delimitasiyası və kommunikasiyanın açılmasının, bütövlükdə isə sülh sazişinin imzalanmasının önünü kəsir. Və görünən budur ki, İrəvan Bakını açıq şəkildə duelə dəvət edir, müharibə üçün “əlcək” atır.

Laçın şəhərinin təhvil verilməsi və mümkün ssenarilər

Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsi ilə Laçlın şəhərinin mərkəzi, o cümlədən, dəhlizin keçdiyi ərazilər təhvil verilməlidir. Bu, Zabux və Şos kəndlərində qalan ermənilərin buradan çıxarılması zərurətini də yaradır. Hərçənd, Ermənistan rəsmilərinin, o cümlədən, separatçı-terrorçu rejimin açıqlamaları problemlərin yaranacağı yönündədir.

Birincisi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Laçın, Zabux və Şos məsələsinin həlli üçün separatçılarla işləyəcəklərini deyir:

a) İrəvan bununla separatçı-terrorçuları “tərəf” kimi sırımağa çalışır;

Ətraflı
b) Bu ərazilərdə qalan ermənilərin Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürülməsini planlaşdırırlar;

Qriqoryanın açıqlamasından çıxan nəticə budur. Artıq separatçı-terrorçuların qondarma “ombudsmanı” Geqam Stepanyan Laçın və Zabux kəndində qalan və bu ərazilərin Azərbaycana təhvil verilməsindən sonra buradan çıxarılacaq ermənilərin Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə (bu kəndlər yeni marşrutun üzərində yerləşir) köçürüləcəyini açıqlayıb.

Bu, Qarabağda qalan ermənilərin sayının artırılmasına hesablanıb. Halbuki, Zabux kəndində qalan ermənilər “qarabağ ermənisi” deyil, Ermənistanın müxtəlif yerlərindən və Suriya, Livan kimi ölkələrdən bura köçürülüb. Qarabağda qalan digər ermənilərin böyük əksəriyyəti də “qarabağ ermənisi” deyil, lakin indiki situasiyada onlara müdaxilə etmək imkanı məhdud olsa da, Laçın şəhərindən və Zabuxdan çıxarılacaq ermənilərin köçürülmə istiqamətində müdaxilə edə bilərik. Bakı bu məsələni Rusiyanın qarşısında qaldırmalıdır.

İkincisi, Qriqoryan Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsi ilə bağlı “hələ 1,5 il” vaxtlarının olduğunu deyir. 10 noyabr razılaşmasının 6-cı bəndində yeni marşrutun 3 il müddətində istifadəyə verilməsi, bundan sonra Laçın şəhərinin Azərbaycana təhvil veriləcəyi qeyd olunur. Qriqoryan da buna istinadən belə deyir. Lakin rəsmi Bakı yolun iki il müddətində istifadəyə veriləcəyini açıqlamışdı və artıq işlərin tamamlandığı, ən geci bu ilin sonuna kimi prosesin başa çatacağı gözlənilir. Qriqoryanın açıqlaması isə o deməkdir ki, yeni yol istifadəyə verilməyə hazır olsa da, Ermənistan 10 noyabr razılaşmasını əlində “əsas” tutaraq, prosesi daha 1,5 il uzatmaq niyyətindədir.

Üçüncüsü, Zabux kəndində qalan ermənilər çıxmaq istəmirlər.

Kəndə qalan ermənilər getməyəcəklərini bildirir, separatçı-terrorçuların qondarma “başçıları” Araik Arutyunyan da qeyd edir ki, yeni yoldan istifadə ilə bağlı razılaşıblar, Laçın şəhəri təhvil veriləcək, amma Zabux kəndində qalan ermənilərlə bağlı Rusiya sülhməramlıları ilə danışıqlar aparılır. Bununla Zabuxun boşaldılmamaq versiyasının mümkünlüyünü də dilə gətirir. Qriqoryanın “1,5 il vaxtımız var” açıqlaması fonunda təsadüfi deyil, görünür, Ermənistan və separatçı-terrorçular Laçın şəhərinin təhvili prosesini müxtəlif vasitələrlə uzatmaq istəyirlər.

Bütün bunlar hərbi müstəvidə addımların atılmasını aktuallaşdırır və belə görünür ki, Bakının “məcburetmə əməliyyatı” olmasa, prosesdə irəliləyiş də olmayacaq.

Asif Nərimanlı (axar.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top