Kamran Bayramov: “Azərbaycan daha böyük əməkdaşlıq məkanında öz rolunu gücləndirir”

GÜNDƏM 02 iyl 2022, 13:42
“Hələ müstəqilliyimizin ilk illərindən Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biri, məhz, enerji siyasəti olmuşdur ki, bunlardan iki daha vacib priorireti xüsusi qeyd edə bilərik. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinə verə biləcəyimiz töhfə ilə bağlı idi. Bu mənada, həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də, bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması çox önəmlidir. Uğurlu enerji siyasətinin nəticələrindən biri də budur ki, artıq, Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib ki, iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında əsasən Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsi, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, su bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin bağlanması, eyni zamanda, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq kimi məsələlər müzakirə edilib:

“Zirvə toplantısında vurğulanıb ki, Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzəryanı dövlətlər arasında bağlanmış müqavilələr Xəzər dənizi regionunun iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Xəzər dənizinin imkanlarından səmərəli istifadə edilməsi həm iqtisadiyyatın inkişafı, həm də təhlükəsizliyin və birliyin təmin edilməsi baxımından ölkələrə uğurlar gətirə bilər.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti çıxış edərək bildirib: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

Deputut sonda əlavə edib ki, dövlət başçımız «Şərq – Qərb» və «Şimal – Cənub» beynəlxalq nəqliyyat dəhlizinin inkişafından, Transxəzər beynəlxalq nəqliyyat marşurutunun əhəmiyyətindən söz açmaqla bərabər, həm də diqqəti Vətən müharibəsində əldə edilən Qələbəmizə  və Ermənistanla münaqişənin həllindən sonra Qarabağda və Şərqi Zəngəzurda görülən işlərə yönəltmişdir:
“Prezident  İ.Əliyev qeyd etmişdir ki, ölkədə nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməkdədir və Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Ölkə başçısının “biz xarici siyasətimizdə yalnız və yalnız milli maraq və mənafeləri əsas tuturuq” fikrini xatırladan K.Bayramov ,hazırda  Azərbaycanın regional çərçivələrdən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin etməsini bildirib”.  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top