Azər Badamov: “Dünyada qıtlıqdır, amma biz tullantı yeşiklərinin kənarlarından çörək asırıq...”

GÜNDƏM 29 iyun 2022, 15:07
Dünyanın üz-üzə dayandığı taxıl qıtlığı və bu qıtlığın ölkəmizə dəyə biləcəyi təsirləri ilə bağlı millət vəkili Azər Badamov Demokrat.az-a müsahibə verib. 

O, baş verən qiymət artımının bir neçə səbəbini açıqlayıb:

“Dünyada baş verən proseslər qlobal bazarlarda taxılın qiymətinin qalxmasına gətirib çıxarıb. Bunu bir neçə amillə əlaqələndirmək olar. Birincisi, qlobal iqlim dəyişiklikləri. Digər səbəb dünya əhalisinin sayının kəskin artması taxıla olan tələbatı artırır. Son zamanlar isə Rusiya-Ukrayna müharibəsi də taxılın və bəzi gündəlik tələbat olan məhsulların bəzilərinin qiymətinin kəskin artmasına səbəb olub. Dünya üzrə ən iri taxıl ixracatçısı olan 10 ölkə mövcuddur və bu ölkələr dünyanın əsas tələbatını ödəyir. Onluğa daxil olan ölkələrdən Hindistan il ərzində 100 milyon tondan çox taxılı dünya bazarına təqdim edir. Artıq o öz ixracatına məhdudiyyət tətbiq edib. O cümlədən, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya da öz ixracatına limitlər qoyub. Ukrayna da taxılını ixrac edə bilmir. Qazaxıstan da öz istehsalını məhdudlaşdırıb.”

Azər Badamov əlavə etdi ki, dünyada baş verən proseslər gec-tez ölkəmizə təsir edə bilər. Çünki, Azərbaycan da dünyanın bir hissəsidir: 

“BMT-nin açıqlamasında qeyd olunur ki, dünya üzrə 2 milyarddan çox insanı aclıq gözləyir. Təbii ki, Azərbaycan da dünyanın bir hissəsidir. Ölkəmiz taxıl və taxıl məhsulları ilə özünü təmin edə bilmir. Bu gün il ərzində Azərbaycanın ümumi tələbatı 3,5 milyon tondur. Bunun isə 1,3 milyondan çox tonunu, yəni 40 faizini idxal edir. Təbii ki, qlobal bazarlarda baş verən qiymət artımları Azərbaycanın daxili bazarına da təsir edir. Təkcə Rusiyada son 4 ay ərzində qiymətlər 40 faizə yaxın bahalaşma var. Yola saldığımız 4-5 ay ərzində biz öz ehtiyatımızı yaratmışıq və bu ehtiyat sayəsində ölkəmizdə taxıl, un və un məhsulları ilə bağlı hansısa qıtlığın yaşanacağı gözlənilmir.”

Yaşanan dünyəvi problemlər qarşısında insanların laqeyd davranışı və yersiz israfçılığı yersizdir. Millət vəkili vurğuladı ki, dövlətin çətin duruma düşməməsi üçün hər bir vətəndaş öz məsuliyyətini ciddi dərk etməli və israfa yol verməməlidir:

“Şəhərdə tullantı yeşiklərinin kənarlarında asılmış çörək paketlərini görürük. Bu da hər bir vətəndaşın istehlak normasından artıq çörək aldığını göstərir. Bu da təbii ki, nəticədə çörəyə israfa yol açıq və onun tullantı halına gəlməsinə səbəb olur. Bir insan bilir ki, ailəsində gündəlik nə qədər çörək istehlak olunur. Nə qədər ehtiyac varsa, ticari şəbəkəsinə bu məhsulu məhz həmin miqdarda götürməlidir.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top