Deputat: “Bu, Qarabağın turizm kapitalının artmasına səbəb olan başlıca amillərdən biri olacaq”

GÜNDƏM 27 iyn 2022, 17:36
“26 iyun Silahlı Qüvvələr Günü ölkə başçısının Kəlbəcərə səfər etməsi, yeni yaradılan komanda birlikləri ilə birgə bu günü qeyd etməsi Ali Baş Komandanın ordumuza olan xüsusi diqqətidir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.  Deputat vurğulayıb ki, Prezidentin növbəti dəfə Kəlbəcərə səfərinin məhz bu bayram günü olması rəmzi məna daşıyır:

“Bildiyiniz kimi, Kəlbəcərdə böyük quruculuq işləri gedir, ölkə başçısı tərəfindən İstisu istirahət mərkəzinin əsası qoyuldu, həmçinin bu mərkəzin yaxınlığında İstisu zavodunun da təməli atıldı ki, Azərbaycan bu müalicəvi suyu ixrac edəcəkdir. İstirahət mərkəzi sovet dövründə məşhur obyektlərdən biri idi desək yanılmarıq, respublikanın müxtəlif bölgələrindən və digər respublikalardan bura insan axınları olurdu. Təbii ki, müalicəvikompleks yenidən bərpa olunub, əvvəlki şöhrətinə qovuşacaq. Bu, Qarabağın turizm kapitalının artmasına səbəb olan başlıca amillərdən biri olacaq”. 



“Cənab prezidentin də qeyd etdiyi kimi Kəlbəcərdə 10-a yaxın tunel inşa olunur ki, bu birbaşa hərbi və müdafiə məqsədləri üçün istifadə oluna biləcək. Həmçinin, Murovdağından da gediş-gəliş daha asanlaşacaq. Qeyd edim ki, sərhədboyu güclü müdafiə kompleksləri yaradılır. Doğrudur, müharibə bitib, bizi qarşıda sülh yolu gözləyir, lakin Ali Baş Komandanın göstərişi ilə yaradılan hərbi obyektlər Azərbaycan ordusu və torpaqlarımızın müdafiəsini daha da gücləndirib, inkişaf etdirir. Eləcə də, işğaldan azad olunan digər şəhərlər kimi Kəlbəcərdə də işğal və zəfər muzeyləri yaradılır. Ağdamda da bu muzeylərin tikintisi gedir. Bütün bu quruculuq işlərinin bir məqsədi var, illərlə öz doğma yurdlarından didərgin düşmüş insanlar yurd-yuvalarında rahat, firavan həyat sürsünlər. Torpaqlarımız işğaldan azad olunandan sonra dövlətimiz var gücüylə qayıdış prosesini sürətləndirməyə çalışır”,- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top