“Azərbaycan-Türkiyə-Özbəkistan üçbucağında mediada yeniliklərin şahidi olacağıq”

MEDİA 23 iyn 2022, 11:19
“Prezidenti İlham Əliyevin qardaş ölkə Özbəkistana səfəri çərçivəsində hər iki ölkə liderinin səsləndirdiyi fikirlər Orta Asiyanın incisi hesab edilən Özbəkistanla münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. Səfər çərçivəsində ölkələrimiz arasında bir sıra vacib sənədlər imzalandı və onların hər birinin ayrıca önəmi var. Lakin Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında imzalanan Anlaşma Memorandumu xüsusilə mühümdür”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər deyib. Baş redactor qeyd edib ki, Azərbaycanın media quruluşları ilə digər dövlətlərin media qurumları arasında belə anlaşmaların imzalanması təcrübə mübadiləsi, peşəkarlığın artırılması baxımından əhəmiyyətli olmaqla birlikdə, ölkəmizlə bağlı informasiyaların dünya ictimaiyyətinə dövlət maraqları çərçivəsində çatıdırılmasını labüd edir:



“Bu gün Azərbaycan mediasının daha çox Türkiyə media qurumları ilə əlaqələri mövcuddur. Türkiyə Prezident Administrasiyasının Kommmunikasiya İdarəsi və ölkəmizin müvafiq qurumları arasında razılaşmaların əldə edilməsi fonunda əməkdaşlığın hər keçən gün artması, layihələrin icra edilməsi zamanın tələbi olduğu kimi, digər ölkələrlə də bu tip işbirliklərinin qurulması önəmlidir. Ötən ilin aprelində Bakıda keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı, oktyabrında isə Media Forumunun keçirilməsi, əslində, türk dövlətləri arasındakı münasibətlərin bugünkü reallığa uyğunlaşdırlması üçün atılan addımlar idilər ki, bunun da məntiqi nəticəsini Daşkənddə imzalanan Anlaşma Memorandumu təşkil edir”. 

“Türk dövlətləri arasında Mərkəzi Asiyada xüsusi çəkisi olan ölkələrdən biri Özbəkistandır. Türkiyədən sonra Özbəkistanla da media sahəsində əlaqələrin genişləndirilməsi və buna rəsmiyyət qazandırılması bir-birinə yaxın ölkələrin vahid media çətiri altında toplanması üçün atılmış növbəti addımdır. Biz artıq Azərbaycan-Türkiyə-Özbəkistan üçbucağında media sahəsində yeniliklərin şahidi olacağıq. İnanırıq ki, imzalanan Anlaşma Memorandumu əməkdaşlıq baxımından yeni imkanlar açacaq,”- deyə A.Ələsgər qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top