Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni, zəngin səhifə açılır

GÜNDƏM 22 iyun 2022, 12:11
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki türk dövləti arasında münasibətlərin daha irəli daşınması, əlaqələrin intensivləşməsi, daha sıx tellərlə bir-birinə bağlanması baxımından tarixi hadisədir.

Səmimi notlarla, keçmişin xoş təəssüratlarından doğan, içdən gələn duyğusal bəyanatlarla yaddaşlara həkk olunan səfər zamanı Özbəkistan dövlətinin, xalqının Azərbaycana verdiyi dəyərin, hörmətin şahidi olduq. Xüsusilə, görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin adını daşıyan yenilənmiş küçə və orada qoyulmuş abidənin açılışı qürurverici olmaqla, Ümummilli Liderin xatirəsinə Özbəkistan xalqının ehtiramının real göstəricisdir. Uzaq olmayan tarixdən yaxşı bəllidir ki, Heydər Əliyevin hələ Sovetlər dövründə türkdilli qardaş ölkələrə, həmçinin qardaş Özbəkistana xüsusi rəğbəti olub. Ulu öndərin Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən (1969-1982) Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələrinin olması, bu ölkəyə xüsusi önəm verməsi tariximizin gerçəkliyidir. Müstəqillik illərində də ulu öndər Heydər Əliyev Özbəkistana mühüm əhəmiyyət verib. Heydər Əliyev Özbəkistanda 
daim xatırlanan, ehtiramla yad edilən böyük şəxsiyyətdir və Ulu Öndərə bu gün Özbəkistanda abidənin ucaldılması, bütövlükdə Azərbaycan xalqına verilən böyük dəyərdir.

Prezident Şavkat Mirziyoyev də öz çıxışında özbək xalqının Azərbaycana, onun Liderinə münasibətinə ayrıca vurğu etdi: “Prezident İlham Əliyevin səfəri Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Heydər Əliyevin adını daşıyan yenilənmiş küçə və orada qoyulmuş abidə öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir”.

Özbəkistan Prezidenti, eyni zamanda Azərbaycanın yanında olduqlarını, ölkəmizin uğurlarına sevindiklərini də səmimi şəkildə ifadə etdi: “Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir”.

Vurğulamaq yerinə düşər ki, Özbəkistan Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın haqlı möveyini müdafiə edib. Prezident İlham Əliyev də mətbuata verilən bəyanat zamanı bu məsələnin üzərində dayanaraq, xalqımızın minnətdarlıq hisslərini diqqətə çatdırdı: “Bu gün mən ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq”.

Bu kimi xoş bəyanatlarla zəngin səfər zamanı ikitərəfli münasibətlərin tarixində vacib əlamətdar hadisələrə imza atıldı. Münasibətlərə yeni təkan verəcəyi şübhə doğurmayan razılaşmalar iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Ölkələr arasında bütün mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması, əlaqələrin inkişafını çox illər əvvəlcədən müəyyən edən birgə Bəyannamənin qəbul edilməsi tarixi dostluğun və əməkdaşlığın yeni səhifəsidir. 

İki ölkə arasında  münasibətlərin gələcək hərtərəfli və sürətli inkişafı daha zəngin olacaq. Müzakirə edilən mövzuların mahiyyəti, məzmunu, gəlinən nəticələr və qəbul olunan qərarlar bunu vəd edir.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” qlobal xarakter daşımaqla, ikitərəfli münasibətləri keyfiyyətcə üst mərhələyə qaldırır. İki ölkənin gələcək fəaliyyətinin yol xəritəsi olan siyasi Bəyannamədə yalnız həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilməyib. Xarici siyasətin prioritetlərinin əksini tapdığı sənəddə dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi bəyan olunub. 

Beləliklə, iki qardaş dövlət arasında olduqca əhatəli bir əməkdaşlığın yeni bünövrəsi qoyulub. Bir yandan əmtəə dövriyyəsinin artırılması, investisiya layihələrinin, nəqliyyat-logistika istiqamətləri üzrə əlaqələrin, kənd təsərrüfatında, sənaye sahəsində əməkdaşlığın dərinləşməsi, müştərək layihələrin reallaşdırılması, digər yandan hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımların atılması, kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsinin və praktiki qarşılıqlı fəaliyyətin gerçəkləşməsi nəzərdə tutulur. Özbəkistan həmçinin, Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməyi, yük daşımalarını bundan sonra da artırmağı hədəfləyib. Hər iki Prezidentin tapşırıqların yerinə yetirilməsini nəzarətdə saxlayacaqları barədə açıqlamaları qarşıya qoyulan hədəflərə çatılacağaına, əlaqələrin intensivləşdirilməsi,  qarşılıqlı iqtisadi, energetika, hərbi, qarşılıqlı beynəlxalq fəaliyyət və digər sahələr üzrə yaxşı nəticələrin əldə olunacağına ciddi əsaslar yaradır.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top