“Media haqqında” Qanuna verilən rəy siyasi mahiyyət daşıyır

MEDİA 21 iyn 2022, 18:56
Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Qanunla bağlı rəy verib. Rəy gözlənildiyi kimi, mənfidir. Nəyə görə VK-nın rəyinin gözlənilən olduğuna aydınlıq gətirməzdən əvvəl deyim ki, yeni qanun təkmildir, günümüzün tələbləri ilə səsləşir. Bunun üzərində geniş dayanmayacam. Məlum rəyə kifayət qədər əhatəli cavab verilib. Mətləbə keçim.

Avropa Şurasının Venesiya Komissiyası özünü Azərbaycanın media ictimaiyyətinin maraq və mənafelərindən irəli gələn məsələlərə belə demək mümkünsə, veto qoymaq ab-havasına kökləyib. Bir vaxtlar oxşar addım diffamasiya ilə bağlı qanun layihəsinə münasibətdə də atılmışdı. Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış layihə komissiyada narazılıq doğurmuşdu. Halbuki sənəd dövlətin, cəmiyyətin və jurnalistlərin istəklərinin uzlaşdırılması baxımından həmin, elə indiki vaxt üçün də ən kompromiss variant idi. Ən əsası orada real durum nəzərə alınmışdı. Avropalılar bir az düşünsəydilər, niyyətləri saf olsaydı, sənəddəki ayrı-ayrı məsələlərin üzərinə yenidən qayıtmaq şansı yaranardı. Təəssüf ki, buna gedilmədi və nəticə etibarilə Azərbaycanda faktiki mövcud diffamasiya mühiti hüquqi müstəviyə keçmək yolunda dəstək qazanmadı. Halbuki qanun qəbul edilsəydi, bundan bütün tərəflər uduşlu çıxacaqdı. Görünür, “Azərbaycanda diffamasiya dekriminallaşdırılmayıb” deyərək hay-küy qaldırmaq daha uduşlu variant sayıldı ki, heç şübhəsiz, bu, siyasi maraqları ödəmək tapşırığıydı.

Əslində “Media haqqında” Qanuna verilən rəy də siyasi mahiyyət daşıyır. Qanun çoxsaylı müzakirələrdən keçib, cəmiyyətin maraq və mənafelərini əks etdirir. Cəmiyyət nə istəyir? KİV məkanında nizam-intizam mühitinin formalaşmasını nəinki istəyir, həm də arzulayır. Cəmiyyət arzulayır ki, jurnalistika kimi həssas peşə hər adam üçün ələçatımlılıqdan çıxsın, bu işlə peşəkarlar, sözə dəyər verənlər, sözü spekulyasiya predmetinə çevirməyənlər məşğul olsunlar. Kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərə baxılmada effektiv yanaşmanın, real təsir mexanizmlərinin tətbiqi də cəmiyyətin mənafelərinə uyğundur.

Vaxtilə media ictimaiyyəti Mətbuat Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayarkən, Şuraya əlavə səlahiyyətlərin verilməsini arzulayarkən məhz bu dediklərimi əsas tutmuşdu. Axı hamı görürdü ki, ictimai qınaqla məhdudlaşmaq yetərsizdir. Nəzərə alaq ki, “Media haqqında” Qanundakı bir sıra müddəalar ictimai qınağın yetərsizliyindən irəli gələn sosial sifarişdir.

Venesiya Komissiyasının rəyindəki “Media Council-in fəaliyyəti gücləndirilməlidir” fikrinə də münasibət bildirmək istərdim. Əslində az əvvəl bu barədə söz açdım. Bir qədər konkretləşdirim. Çünki Mətbuat Şurasının sədri kimi bu fikri irad kimi qəbul edirəm.

Mətbuat Şurası klassik ənənələrə malik qurumdur. Dünyanın bir çox ölkələrində bənzər təşkilatlar fəaliyyətdədir. Şuranın başlıca missiyası medianın özünütənzimləməsidir. Bu tənzimləmə hüquqi müstəvidən kənardır. Yalnız peşə etikasının tələblərinin gözlənilməsini rəhbər tutur.

Təbii ki, KİV-lərlə bağlı şikayətləri araşdırarkən peşə etikası pozuntularının bir çox hallarda hüquqi pozuntu mahiyyəti daşıdığını aşkar görürük. MŞ olmayanadək biz məhkəmələrdə jurnalistlərlə əlaqədar iddiaların nə qədər çox olduğunu da müşahidə etmişik. Eləcə də çoxsaylı cərimə qərarlarının çıxarılmasını.

O zamanlar məhkəmələr yüklənirdi, ən əsası statistika yalnış təsəvvür formalaşdırırdı. Sanki Azərbaycan jurnalistlərin daha çox məhkəmələrlə üzləşdiyi, cərimələndiyi ölkədir. Əlbəttə, həmin vaxtdan bəri təsəvvürlər, baxışlar dəyişib, bir sıra mənfi meyllər zamanın təsiri ilə sıradan çıxıb, amma heç onda da ölkəmizdəki media-məhkəmə oxunda acınacaqlı mənzərə nəzərə çarpmırdı. “Fəlakət mənzərəsi”nin kimlər tərəfindən, hansı məqsədlə formalaşdırılması isə hamıya yaxşı məlumdur.

Mətbuat Şurası belə demək mümkünsə, fəlakət hayqırtılarını susdurdu. Şura KİV-lərlə əlaqədar problemlərin məhkəməyəqədərki həll mexanizmi olaraq jurnalistlərin özləri tərəfindən formalaşdırıldı. Yəqin müqayisə yerinə düşər, baxın indi vətəndaşların problemlərinin məhkəməyədək həlli mexanizmki kimi Mediasiya Şurası var. Mediatorlar kifayət qədər səmərəli işləyirlər. Onların sayəsində neçə-neçə konflikt, mübahisə, anlaşılmazlıq yoluna qoyulub. Bu, həm də cəmiyyətdəki gərginliyi yumşaltmaq vasitəsi olaraq mütərəqqi əhəmiyyət daşıyan yoldur. Mətbuat Şurası da ötən illər ərzində məhz bu şəkildə işlədi. Narazı, hətta bir-birinə tam zidd tərəflər arasında barışıq mühiti formalaşdırdı. Eyni fəaliyyəti davam etdirməkdədir. Bu modelə dəyər verməməyin, hansısa alternativlər axtarmağın mənasızlığı ciddi dərk edilir. Qanun medianın dövlətsizləşdirilməsi xəttindən uzaqlaşmaq niyyəti deyil.

Əvvəldə də dedim, biz MŞ-nin iş prinsipi kontekstində yalnız ictimai qınağın yetərsizliyini gördük. Ancaq yetərsizlik effektivsizlik və səmərəsizlik deyildi. MŞ-nin gördüyü iş hamıya yaxşı məlumdur. Daxildəkilərə də, xaricdəkilərə də. “Media haqqında” Qanun isə əslində yetərsizliyi aradan qaldırmaqla yanaşı, ümumən KİV qanunvericiliyini təkmilləşdirmək, texnoloji yeniliklərin gətirdiyi özəllikləri nəzərə almaq, ümumən media məkanında səliqə-sahman yaratmaq zərurətini ödəmək niyyət və məramından irəli gəlir. Bu, yalnız təqdir olunmalıdır. Və bu məram və niyyətin real nəticələr verməsi üçün qanunun icrasına həssas yanaşmaq mütləqdir. İnanıram ki, belə də olacaq.

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top