İqbal Ağazadə: “İqtidar da, müxalifət də “Laçın dəhlizi” anlayışını leksikondan çıxarmalıdır”

GÜNDƏM 20 iyn 2022, 13:37
Ermənistan tərəfi hələ də Zəngəzur dəhlizinin açılmasını təmin etmir. Bəzi politoloqların fikrincə, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını təmin etmirsə, Azərbaycan tərəfi də adekvat addımların atıb, Laçın dəhlizini bağlamalıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə “Laçın dəhlizi” anlayışı olmamalıdır:

“Çünki biz Ermənistan əhatəsində olan və quru sərhədi olmayan Naxçıvana dəhliz istəyirik. Biz dəhlizi kimin ərazisinə veririk? Öz ərazimizin içində hansısa yerə dəhliz veririk? Onun adı Laçın keçid məntəqəsidir. Burda da mütləq Azərbaycanın gömrük xidməti və sərhəd qoşunları olmalıdır. Əvvəldən hüquqi yanaşma düzgün olmayıb. Hüquqi yanaşma düzgün olmadığından, həlli yolları da tapılmayacaq”.

İqbal Ağazadə hesab edir ki, politoloqlar da, siyasətçilər də, iqtidar da, müxalifət də “Laçın dəhlizi” anlayışını birmənalı şəkildə unutmalıdırlar:

“Azərbaycan ərazisində yaşayan etnik cəhətdən azsaylı erməni əhalisinin Ermənistanda yaşayan ermənilərlə əlaqələrinin sadələşdirilmiş variantını düşünmək lazımdır. Lakin ərazini dəhliz adlandırmaq hüquqi cəhətdən böyük bir yanlışlıqdır. Bu yanlışlıq da Azərbaycana çox baha başa gələcək. Buna görə də, əvvəlcə adı düzgün müəyyənləşdirməli, sonra prosesə başlamalıdırlar".

Partiya sədri deyib ki, Laçın keçid məntəqəsinin statusu da Zəngəzurla bərabər tutula bilməz:

"Zəngəzur Azərbaycanın mühasirədə qalmış, quru sərhədləri olmayan ərazisinə Ermənistanla sadələşdirilmiş tranzit yoldur. Bizim ərazimizdə 50-60 min erməni yaşayır. Ermənistan da artıq bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın bir ərazisindən başqa ərazisinə necə dəhliz çəkilə bilər?!”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top