Uşaqlar arasında yayılan virus nə qədər təhlükəlidir? — Mütəxəssislərdən AÇIQLAMA

SOSİAL 18 iyn 2022, 20:12
Uşaqlar arasında qarınağrısı və qusma ilə müşahidə olunan xəstəlik yayılıb.

Bu, hər il yaz-yay aylarında azyaşlılar arasında müşahidə olunan naməlum virusdur. Virus özünü daha çox 5 yaşdan yuxarı uşaqlarda büruzə verir. Xəstəliyin əlamətləri isə qusma, hərarət və ishaldır.

Bəs bu naməlum virusdan uşaqlarımızı necə qoruya bilərik?

Pediatr Qoşqar İsmayılov Oxu.Az-a açıqlamasında sözügedən virusun mövsümi xarakter daşıdığını söyləyib:

“Hər il yaz-yay aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Xüsusən də çimərlik mövsümündə daha çox müşayiət olunur. Hovuza, dənizə gedənlər arasında daha çox yayılır. Virusa yoluxan uşaqlarda qusma, ishal, hərarət, iştahsızlıq olur. İnfeksiya sürətlə yayıla bilər. Buna görə də valideynlər vaxtında həkimə müraciət etməlidirlər. Xəstəlik ən az bir həftə davam edə bilər”.

Q.İsmayılov qeyd edib ki, valideynlər uşaqlarının yeməklərinə xüsusi diqqət etməlidirlər:
“10 yaşına qədər olan uşaqların yoluxma riski daha yüksəkdir. Xəstəliyi körpələr daha ağır keçirə bilərlər. Yoluxan uşaqları çox isti, qapalı mühitdə saxlamaq olmaz.
Valideynlər uşaqlarını qorumaq üçün onları hovuzdan, çimərlikdən uzaq tutmalıdırlar. Çünki xəstəlik sürətlə yayıla bilir. Hətta virusun uşaqlarla yanaşı böyüklərə keçmə riski də var”.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Əkbər Quliyev isə valideynlərə uşaqlarını yaxın təmasdan uzaq tutmağı tövsiyə edir:

“Havaların isinməsi ilə əlaqədar hazırda uşaqlarda mövsümi olaraq rotavirus, adenovirus müşahidə olunur. Bu viruslara yaz-yay mövsümündə rast gələ bilirik. Ona görə tövsiyə edərdim ki, valideynlər gigiyenik qaydalara əməl etsinlər. Yoluxan uşağın ətrafla təması anında kəsilməlidir. Bir müddət hər kəsdən uzaq tutsalar, yaxşı olar. Virusun müalicəsi simptomatikdir. Əgər qusma və ishal davam edərsə, hərarət yüksək olarsa, həkimə müraciət etməlidirlər”.

Qeyd edək ki, virusa hər yoluxmadan sonra uşaqlarda rotavirusa qarşı immunitet yaranır. Növbəti yoluxmada uşaq xəstəliyi daha yüngül keçirir. Buna bəzən bağırsaq qripi də deyirlər, lakin adi qriplə heç bir əlaqəsi yoxdur.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top