Baba Vəziroğlu: “Nəşriyyatlar müəllifləri soyub buraxırlar”

ƏDƏBİYYAT 18 iyn 2022, 17:04
“Dünyanın hər yerində, yəni mən gəzdiyim ölkələrdə təbii ki, bütün kütləvi və ictimai tədbirlərin hamısı ya meriyanın, ya bələdiyyənin, ya da müvafiq dövlət orqanlarının icazəsi ilə həyata keçirilir. Təbii ki, kitab sərgisi bir satış markasıdır, kitab da bir əmtəədir, maldır. Onu satmaq üçün əlbəttə ki, yerli qurumun rəsmi icazəsi olmalıdır. Bütün dünyada belədir ki,  müəyyən məbləğdə hansısa ödəniş edilir. Dünyada da ümumiyətlə heç bir icazəsiz nəyisə etmək mümkün deyil. Mən bütün dünyanı gəzmişəm, illah ki, kitabla bağlı adamam və bu işləri yaxşı bilirəm.  Mən deməzdim ki, bizdə kitab sərgisinə icazə verilmir.Çünki hər gün məni bir sərgiyə çağırırlar. O gün Atatürk prospektində, Nərimanov parkında kitab sərgisi keçirildi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış şair, Əməkdar elm xadimi Baba Vəziroğlu deyib. O, bildirib ki, Azərbaycan dövləti kitab sərgisində maraqlıdır:

“Bizim dostumuz Kəramət Böyükçöl respublika da, hətta tək Bakıda yox, digər bölgələrimizdə elə bir yer qoymayıb ki, orada kitab satmasın. Yəni, indi səsi bölgələrdən gəlir. Kitab sərgisi ilə bağlı ölkəmizdə elə ciddi maneə görmürəm. Hətta, bu yaxınlarda universitetin həyətində böyük bir kitab sərgisi satışı oldu və neçə gün davam etdi. Ondan sonra Bakı Əl Oyunları Sarayında böyük bir kitab sərgisi oldu.Ümumiyyətlə, dövlət kitab satşının təşkilində maraqlı görünür. Ölkəmizdə əksinə kitab sərgisinin təşkili ilə bağlı bum yaşanır. Mənə hər gün kitab sərgisinə, satışına, təqdimatına dair dəvətlər olur. Şükür allaha ki, bu, bu gün mədəniyyətimizin, məişətimizin önəmli faktorlarından birinə çevrilib. Biz həmişə bu günü gözləyirdik ki, kitab bizim həyatımızda birinci sırada olmasa da, ön sıralarda dayansın. Şükür edirəm ki, bu gün kitab alanlar da çoxluq təşkil edir, əsasən onları alan qələm insanları olur. Mən orada hər zaman məşhur simaları görürəm, özüm də məmnuniyyətlə sərgilərə gedirəm”.

“Təəssüfləndirici hal odur ki, bu müəlliflərə nəşriyyat pul vermir, dövlət də elə böyük qonorar ödəmir. Sadəcə nə qədər qazancları olsa, yəqin ki, bu da ancaq satışdan olacaq. Ona görə adam daxili vicdani sakitlik hiss edir ki, mənim də bu müəllifə 5-10 manat xeyirim dəysin. Bu, böyük şeydir. Mən bilirəm ax əqli mülkiyyət, zehni zəhmət nə deməkdir. Bütün bunlar  yuxusuz gecələrin, gərgin gündüzlərin hesabına başa gəlir”. 

Baba Vəziroğlu bu məsələdə daha çox nəşriyyatı qınadığını bildirdi:

“Nəşriyyatları çox qınayıram. Nəşriyyatlar nə edir? Demək olar ki, onlar müəllifi soyub buraxırlar. Mən bunu eşitmişəm. Düzdür, məsələnin mahiyyətinə varmamışam, mühasibatdan xəbərim yoxdur. Amma bilirəm ki müəlliflər özləri deyirlər ki, kitabımzı çap edib filan nəşriyyat, hamısı özünə qazanc götürür və sonda müəllifə 5-10 ktab verir. Müəllifin o boyda zəhmətinə 5-10 kitab? Onu da yazıq dostuna, tanışına havayı paylayır. Yəni, ancaq kitabının çıxmağına sevinir. Bəlkə də, axırda özünə belə bir nüsxə qalmır. Bu, məni həqiqətən də çox ağrdıır. Ağrılı məsələ bax budur. Müəlliflər, o bizim gözəl gənc yazarlarımız, qələm dostlarımız niyə zəhmətinin bəhrəsini görə bilmir? Niyə nəşriyyatlar onların köməksizliyindən, acizliyindən, çıxılmazlığından sui-istifadə edir. Niyə? Kitab təkcə ticarət yəni maddiyyat deyil, həm də mənəviyyatdır axı? Bəs, mənəvi tərəfləri biz tamam yox edək? Ancaq ticari dividentlərimizi gözləyək? Bəs, o müəlliflər yazıq deyillər? Onlar düzdür sevinirlər, nəyin bahasına olursa-olsun istəyir ki, kitabları çap olunsun. Bir ədəbi hadisəyə çevrilsin, kitabı çap olunması. Amma, indi insaf da dinin yarısıdır! Sən buna 5-10 manat pul ver, 100 dənə kitab ver ki, özü satsın. Sən də 100 qazanma 50 qazan. Məni əsas ağrıdan məsələ budur”.

B.Vəziroğlu qeyd edib ki, bu gün dövlət tərəfindən kitaba xüsusi önəm verilməkdədir:

“Dəqiq bilirəm ki, yuxarının özündən, Heydər Əliyev Fondundan, Cənab İlham Əliyevin özündən bu məsələyə rus demişkən “dabro” gəlib ki, kitaba xüsusi önəm verilsin. Sənət insanlarına diqqət yetirilsin və qayğı göstərilsin. Yəni, kim nə cür bacarır. Ona görə də, düşünürəm ki, kitab sərgisinə Bakı Meriyası, İcra başçısı və digər qurumlar yox deyə bilməz. Çünki bu istiqamətdə ali hakimiyytə “yaşıl işıq” yandırıb”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top