“Rusiya bu gün də çalışır ki, Azərbaycanda qarşıdurma yaratsın” — Politoloq

GÜNDƏM 17 iyn 2022, 18:32
İyunun 18-də azğın Rusiya imperiyasının Azərbaycana ilk genişmiqyaslı işğalçı yürüşlərinin başlanmasının düz 300 ili tamam olur. Həmin yürüşü Rusiyanın ilk imperatoru I Pyotr təşkil etmişdi. O imperiyanın Azərbaycan xalqının və torpaqlarının başına gətirdikləri fəlakətlərlə bağlı bu illər ərzində danışılıb. Bəs, bu illər ərzində Rusiyanın Azərbaycana olan mövqeyi dəyişibmi? 

Suallımızı cavablandıran sabiq deputat, politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında bildirib ki, son 300 il ərzində Rusiyanın Azərbaycana olan münasibətində ciddi bir yeni dəyişiklik yoxdur. Politoloq qeyd edib ki, Rusiya yenə də öz imperiya ambisiyalarından əl çəkmir:

“Rusiya yenə də Azərbaycanı öz nəzarətində saxlamaq, onu parçalamaq istəyir və Azərbaycan hakimiyyətinə siyasi təzyiqini davam etdirir. Və bütün hallarda Qafqaz siyasətini həyata keçirmək üçün ancaq cəza vermək istədiyi ölkə yenə də Azərbaycandır. Çox təəssüf ki, bu, həm bizim dini mövqelərimizin müxtəlif olması, dillərimizin müxtəlif olması, eyni zamanda Azərbaycanın bir dövlət kimi tarixinin daha qədim olması, Azərbaycan türklərinin tarixinin daha qədim olması ilə bağlıdır. Bilirik ki, 27 ildən sonra rus ordusununn  bu və ya digər formada Azərbaycana qayıdışı məcburi bir gediş idi. Çünki artıq Rusiya başqa addımlara əl atmağa başlamışdı, Bakını vururdu, ona görə də Azərbaycan dövləti əldə etdiyi uğurları itirməmək üçün məcburi belə bir addımı atmaq məcburiyyətində qaldı. Bunun heç də nə Rusiya imperiyasına, nə də Rusiya dövlətinə olan bağlılıqla heç bir əlaqəsi yoxdur. 216 ildən sonra Azərbaycan bir işğalçılıq siyasətinə son qoyduğuna görə, öz ərazi bütövlüyünü demək olar ki, itirmə siyasətindən əl çəkməklə müəyyən mənada öz ərazi bütövlüyünü tam bərpa etməsi ilə bağlı sindrom qırıldı və yenidən Rusiyanın ağuşuna düşməmək üçün əldə etdiklərini itirməmək üçün, ölkənin milli ruhunu qırmamaq üçün, millətinin qeyrətini, şərəfini ayaqlar altına atmamaq üçün belə bir gediş etmək məcburiyyətində qaldı”. 

“Bu sadaladığım ona dəlalət edir ki, görün bu Rusiya imperiyası nə qədər qan içən bir imperiyadır və onun siyasi varisi olan bugünkü Rusiya heç də birinci Pytordan geri qalmır. Bu yaxnlarda da I Pyotrun dünyaya gəlişinin 350 illiyini böyük fəxrlə qeyd etdilər. Yəni, belə deyək ki, 21-ci əsrin Pyotru Putin heç də 17-ci əsrin Pyotrundan geri qalmır. Ona bərabər hərəkət edir. Yəni, I Pyotrla Rusiyanın işğalçılıq siyasəti başlayıb, hələ də davam edir, durdura bilən yoxdur. O mənada Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev görün nə qədər ağıllı adamdır ki, bu sindromdan Azərbaycanı qurtara bildi və Azərbaycan üçün çox böyük işlər gördü. Bu gün də Rusiya çalışır ki, Azərbaycanda qarşıdurma yaratsın və təəəssüf ki, bu, bir acı həqiqətdir. Müəyyən qüvvələr Azərbaycan daxilində bu addımları atmağa çalışır. Yəni, Azərbaycanda Rusiyanın təzyiqi və təsiri ilə yeni-yeni layihələr hazırlanır. Təbii ki, bu layihələrində arxasında Azərbaycan dövlətinin maraqlarını xidmət etməyən fikirlər durur. Amma nə Azərbaycan 300 il əvvəlki, nə də ki, 30 il əvvəlki Azərbaycandır. Rusiya bunu da dərk etməlidir. Dünya tamam ayrı bir dünyadır. Amma ən böyük təəəssüfümüz odur ki, bizim qonşu sarıdan bəxtimiz gətirməyib. Şimaldan da, cənubdan da, qərbdən də kifayət qdəər qeyri-səmimi və qeyri-normal dövlətlərlə qonşuyuq,”- deyə politoloq əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top