Qarabağdan həmişə kart kimi istifadə edən revanşist siyasi dairələr… — ŞƏRH

GÜNDƏM 16 iyn 2022, 18:02
Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikallar tərəfindən planlaşdırılıb. Hərəkatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. 

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistan hakimiyyətinin alternativ yolu qalmayıb. O qeyd edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə qarşı ərazi iddiasından geri çəkilirlər:

“Təbii olaraq bu proses Qarabağdan həmişə kart kimi istifadə edən, varlanan və müxtəlif resurslar əldə edən, hakimiyyət rıçaqlarına sahib olan həmin “Qarabağ klanı”nı təmsil edən Koçaryan, Sarkisyan, Ohanyanların olduğu siyasi mərkəzləri və digər revanşist siyasi dairələri narahat edir. Onlar özləri də məqsədli şəkildə erməni cəmiyyətində bir rəy formalaşdırmağa çalışırlar ki, artıq Qarabağ məsələsində hər addımda Azərbaycanın mövqeyi möhkəmlənir. Ermənistan hakimiyyəti guya Qarabağı Azərbaycana satır. Yaxud başqa bir tezis görürük ki, əgər Qarabağı itirsələr guya bu, Ermənistan dövlətçiliyinin sonu olacaq və s. Bu tip tezislərlə manipulyasiyalar etməyə çalışırlar“.
 


S.Əsədli əlavə edib ki, Laçın dəhlizi məsələsi də Ermənistan müxalifətinin revanşist dairələrin informasiya spekulyasiyası kimi qiymətləndirilə bilər:

“Yəni, məqsədli şəkildə süni təşviş yaratmağa çalışırlar. Guya Qarabağ erməniləri üçün vəziyyət faciəvi həddə gəlib çatacaq. Halbuki, burada belə isterika üçün heç bir əsas yoxdur. Çünki 10 noyabr bəyanatının müvafiq maddəsində qeyd olunur ki, Laçın şəhəri 3 il ərzində alternativ yolun çəkilməsindən sonra Azərbaycana təhvil veriləcək. Bu 10 noyabr bəyanatı üzrə Ermənistanın üzərinə götürmüş olduğu öhdəlikdir və bu da yerinə yetirilməlidir. Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış postları qurmasından sonra baş verəcək olayları indidən proqnozlaşdırmaq o qədər də çətin deyil. Darmadağın edilmiş Ermənistan ordusunun silahlı tör-töküntüləri bölgədən çıxarılacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi bölgədən qaçmaq məcburiyyətində qalacaq“. 

“Buna imkan tapmayanlar, yəni qaçmaqda gec qalanlar həbs olunacaq. Azərbaycan vətəndaşlığını qəbul edəcək sadə ermənilər isə bölgədə dövlətimizin himayəsi altında yaşaya biləcəklər. Ona görə də, tezliklə baş verəcəklərdən məlumatlı olan revanşistlər populist bəyanatlar səsləndirirlər. Bu gün İrəvan küçələrində revanşist bəyanatlar səsləndirən Koçaryanlar, Sarkisyanlar və Ohanyanlar 44 günlük Vətən müharibəsi zamanı ətrafında məğlubedilməzlik mifi yaratdıqları ordusunu məhv edən "Dəmir yumruğ"umuzu yaddan çıxartmamalıdırlar. Bu gün Azərbaycan həmişə olduğu kimi öz mədəniyyətini, humanizmini nümayiş etdirərək və sivil dünyanın normalarına hörmətlə yanaşaraq danışıqlar masasında məsələlərin həlli təşəbbüsü ilə çıxış edir. Əgər uzatdığımız sülh əlimizi tutmaqdan müxtəlif bəhanələr gətirərək yayınmaq istəsələr onları daha ağır günlər gözləyəcək“, -deyə VHP rəhbəri fikirlərini yekunlaşdırıb. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top