Kremlin Ermənistana silah hədiyyələri niyə dayanıb? — ŞƏRH

GÜNDƏM 14 iyn 2022, 17:14
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan mətbuata açıqlamasında Paşinyanın gəlməsindən sonra Rusiyadan Ermənistana gələn böyük hərbi-texniki dəstəyin dayandığını vurğulayıb

Məsələ ilə bağlı siyasi ekspert Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya Ermənistana milyardlarla dollar dəyərində silah hədiyyə edib. 

“Üstəlik, Ermənistana belə böyük həcmli silah hədiyyələri mütəmadi şəkildə olunub. Hətta Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük savaşdan öncə, 2020-ci ilin iyul, avqust və sentyabr aylarında Rusiyanın silahla yüklənmiş nəqliyyat təyyarələri Ermənistana 500-dən çox səfər edib. Bu barədə faktlar, Ermənistana silah daşıyan Rusiya nəqliyyat təyyarələrinin uçuş marşrutları ilə bağlı məlumatlar həmin dövrdə Azərbaycan mətbuatında da dərc olunub. Eyni zamanda, Rusiyadan Ermənistana quru yolu ilə də silah daşınması barədə faktlar, məlumatlar da mövcuddur”.



“Ona görə də, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiyadan Ermənistana silah ötürülməsinin dayandırılması barədə iddialar reallıqdan çox-çox uzaqdır. Ola bilsin ki, son dövrlərdə bu prosesdə müəyyən fasilələr yaranıb. Ancaq bunun Paşinyan hakimiyyəti ilə bağlı elə bir ciddi əlaqəsi mövcud deyil. Bunun əsas səbəblərindən biri Azərbaycan dövlətinin Rusiyaya kəskin etirazları ilə bağlıdır”. 

Analitikin fikrincə, digər önəmli səbəb isə Ukrayna savaşının başlanması ilə bağlıdır:

“Hazırda Rusiya Ukrayna savaşında çoxlu hərbi texnika itirməkdədir. Rusiya hətta ötən əsrdə ordunun silah arsenalından çıxarılaraq, anbarlara yığılmış köhnə və əsasən yararsız hesab olunan hərbi texnikanı belə, Ukrayna savaşı üçün göndərir. Yəni, Rusiyanın silah-sursat və hərbi texnika ilə müəyyən problemləri yaranıb. İndi Rusiyanın özünün silah-sursat və hərbi texnikaya ciddi ehtiyacı var. Belə vəziyyətdə Rusiya özünə lazım olan silah-sursat və hərbi texnikanı Ermənistana verməz. Ona görə də, Rusiyadan Ermənistana böyük həcmli silah hədiyyə olunması prosesi dayanıb. Rusiyanın Ermənistana vermək üçün silahı yoxdur. Əks halda, Kreml Ermənistana silah hədiyyələrini davam etdirəyə çalışardı”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top