Uşaqları pis vərdişlərdən necə uzaqlaşdırmalı? — AÇIQLAMA

GÜNDƏM 14 iyn 2022, 15:17
“Tütün və tütün məmulatlarının ictimai yerlərdə istifadəsinin qadağan olunması ilə bağlı müvafiq qərarlar var. Amma əfsuslar olsun ki, bu qərarların icrasının nəzarət mexanizmi bir qədər zəifdir”. 

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Sosioloq qeyd edib ki, bir çox amillər uşaqların pis vərdişlərinə istiqamət götürməsinə şərait yaradır:

“Biz əgər yeniyetmə və uşaqların daha çox toplaşdığı  yerlərə nəzər yetirsək görürək ki, həmin məkanlarda böyük tüstü var. Yeniyetmələr də həmin vaxt məkandadır. Bu da öz növbəsində dolayısı ilə uşaqların həmin vərdişlərə istiqamət götürməyinə şərait yaradır. Digər səbəb isə valideynlərin uşaqlarına nəzarət mexanizminin olmamasıdır. Söhbət ondan gedir ki, valideynlər uşaqlaqrı ilə münasibətlərində o qədər də səmimi deyillər. Onlar öz övladlarıı ilə dost olmalıdırlar, çünki belə olduğu təqdirdə onlar pis vərdişlərinin qarşısını ala bilərlər. Bir sözlə, valideynlər övladları ilə bölüşməyi bacarmalıdırlar ki, bu vərdişlərin qurbanına çevrilməsinlər. Bu gün bir çox uşaqlar öz problemini,  öz labirint situasiyasını valideyni ilə bölüşə bilmir deyə belə situasiyalara da rast gəlinir”.



Ekspertin sözlərinə görə, bu gün sosialaşma mühiti çətindir:

“Ancaq bu demək deyil ki, uşaqları məktəblərdən və ya digər yerlərdən təcrid etmək lazımdır. İlk növbədə valideyn etibarlı göz deməkdir və valideyn uşağının üzərində etibarlı göz olmağı bacarmalıdır. Bilməlidir  ki, o uşağın hansı pis vərdişləri var. Ola bilər ki, məktəbdə natamam ailədən olan uşaqlar var. O uşaqların da tərbiyəsində problemlər olur. Yəni, bütün bunlara diqqət yetirmək lazımdır. Onu da qeyd edim ki, bəzi məsuliyyətsiz valideynlər var ki, övladını siqaret almağa göndərir. Bu da bu və ya digər şəkildə uşağa mənfi təsir edir. Çünki valideyn uşaq üçün örnəkdir. Əgər valideyn siqaret çəkirsə, uşaq valideynə kumiri kimi yanaşır və çalışır ki, o fəaliyyəti təkrarlasın. Əfsuslar olsun kütləvi informasiya vasitələrində bəzi tütün reklam çarxları təbliğ olunur, filmlərdə də hətta bunlara rast gəlinir. Dolayısıyla bu da pis vərdişlərə maraq yaradır, neqativ mesajlar verir”.

Ü.Şəfiyev qeyd edib ki, çox təəssüf ki, məktəblərdə narkotika, o cümlədən müxtəlif asılığı olan vərdişlər yayılır:

“Ona görə çalışmaq lazımdır ki, uşaqlar üzaərində yumşaq müdaxilə ilə nəzarət sistemi olsun. Sosial işçilər, psixoloqlar bu istiqamətdə ciddi işlər görsün. Əvvəllər “Məktəblinin dostu” adlı layihə var idi, hansı ki, Təhsil Nazirliyi tərəfindən yaradılmışdı və yaxşı layihə idi. Yaxşı olar ki, bu, kütləviləşsin. Hesab edirəm ki, normal çalışarlarsa, uşaqlar həmin vərdişlərdən uzaq durarlar. Təəssüfedici haldır ki, narkotikadan asılılıq, uşaq və yeniyetmələr arasında cinayət törədənlərin dinamikasında artım var. Uşaq hüquqları ilə bağlı yaxşı qanunlarımız var. Bu qanun mexanizmlərinə nəzarət gücləndirilməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top